Minlərlə turistin üz tutduğu Şəkinin təmizliyi, gözəlliyi indi göz oxşayır

 

Son illər regionların sosial-iqtisadi inkişafına yönəldilən ardıcıl tədbirlər sayəsində Şəki rayonu da xeyli abadlaşıb və gözəlləşib. Şəki şəhərinin qədim simasını yeni görkəmdə bərpa etməklə xeyli dəyişikliklər aparılmışdır. Qədimliyi, tarixiliyi ilə vəhdət yaradan müasirlik son illərdə buraya gələn turistlərin çoxalmasına da müsbət təsir edir. İndi Şəki həm də bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi məkana çevrilib. Bu amillər, şübhəsiz ki, şəhərin səliqə-sahmanına diqqətin daha da artırılmasını, küçələrin daim təmiz olmasını, yaşıllığa qulluq göstərilməsini tələb edir. Şəki şəhərinin müasir şəhərsalma qaydalarına uyğun olaraq abadlığı, təmizliyi və səliqə-sahmanı üçün cavabdeh olan təşkilatların qüvvəsinin bir məcraya yönəldərək bu qədim diyarı nümunəvi saxlamaq o qədər də asan başa gəlməmişdir. Şəki Şəhər İcra Hakimiyyəti rəhbərliyinin son illər apardığı gərgin işlər bu gün öz gözəl bəhrəsini verməkdədir. Hər il minlərlə turistin üz tutduğu bu diyarın gözəlliyi, təmizliyi indi göz oxşayır. Bu baxımdan Şəki Kommunal Təsərrüfatı İstehsalat Birliyinin üzərinə çox iş  düşür.

2014-cü ildən Şəki Kommunal Təsərrüfatı İstehsalat Birliyinin direktoru vəzifəsində çalışan İntiqam Əşirov bildirdi ki, şəhərdə davamlı olaraq təmizlik  işləri aparılır. Buraya şəhərdən keçən Dəyirmanarx və Qurcana çaylarının daxili hövzələrinin vaxtaşırı müxtəlif tullantılardan təmizlənməsi də aiddir. Şəki Kommunal Təsərrüfatı İstehsalat Birliyi  şəhərdə yerinə yetirdiyi müxtəlif növ kommunal xidmətləri müqabilində büdcədən ayrılmış, ayrı-ayrı müəssisə-təşkilatlar, mülki əhali, kommersiya strukturları və s. ilə bağlanmış müqavilələr əsasında təsərrüfathesablı olmaqla maliyyələşərək fəaliyyət göstərir.

Şəkimizin təmizliyini təmin etmək, yaşıllıq zolaqlarını daha da artırmaq və onu qorumaq bu gün burada yaşayan hər bir vətəndaşın borcudur. Məhz bu kommunal xidmətlərin yerinə yetirilməsində biz kommunal işçilərinin üzərinə daha böyük vəzifə və peşə məsuliyyəti düşür.

Birliyin şəhərdə yerinə yetirdiyi iş planına, ayrı-ayrı prospekt-küçələrin mexaniki və əl üsulu ilə süpürülməsi, su arxlarının təmizlənməsi, yolların maşınlarla yuyulması, tullantıların yığılaraq daşınması, mövsümi qaydada olaraq prospekt-küçələrin qar-buz örtüyündən təmizlənərək qum-duz-kəpək qarışığının səpilməsi və yaşıllıqlara qulluq kommunal xidməti işləri daxildir.

Birlik tərəfindən şəhərdə aparılan təmizlik işlərində də irəliləyişlər var. Şəki Şəhər İcra Hakimiyyəti rəhbərliyinin təşəbbüsü ilə son 2-3 ildə Birliyə xeyli sayda əhalinin məqsədli istifadəsi üçün dəmir tullantı konteynerləri və kiçik həcmli urnalar gətirilərək qoyulmuşdur ki, bunların da şəhərdə təmizliyin qorunub saxlanmasında müstəsna əhəmiyyəti vardır.

Birlik tərəfindən şəhərdə aparılan müxtəlif növ kommunal xidməti işlərinin yekunu sonda ayrı-ayrı kommunal xidməti  təyinatlı maşın-texnikaların köməyi ilə daşınaraq tamamlanır. Ona görə də müəssisəmizin gələcəkdə daha  rahat, səmərəli və keyfiyyətli işinin təşkili üçün orada maşın-texniki bazasının daha da böyüdülməsi və gücləndirilməsi əsas şərtdir.

Şəhər rəhbərliyi son illərdə görülmüş işlərlə kifayətlənməyərək daha böyük layihələr üzərində dayanmadan çalışır. Rayon əhalisinin sosial-məişət ehtiyaclarının ödənilməsi məqsədilə bir sıra yeni layihələrin üzərində gərgin  davam  etdirilməkdədir və yaxın gələcəkdə qədim Şəkinin siması tam yeni görkəmdə olacaqdır.

Prospekt və küçələrdə müasir işıqlandırma sistemi quraşdırılır, yollar genişləndirilir, səkilərə beton plitələr döşənir, qədim yaşayış binaları bərpa olunur. Küçələrin kənarında fərdi evlərin həyətlərinə açılan giriş qapıları milli memarlıq üslubuna uyğun taxta materialları ilə üzlənir, qapıların üzərində qırmızı kirəmitli dam örtüyü qoyulur. Həyata keçirilən bütün bu tədbirlər şəhər sakinlərinin, eləcə də qonaqların ürəyincədir. Qədim Şəki öz gözəlliyi ilə yenə də gələnləri valeh edir.

 

Aktualinfo.org

 

 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password