Ermənistan üçün Zəngəzur tunelinin ucunda işıq görünürmü?

 

Ermənistanda bu ilin iyun ayında keçiriləcək parlament seçkiləri ölkənin bundan sonrakı taleyinə aydınlıq gətirəcək dərəcədə vacib siyasi hadisədir. Gedən proseslərdən belə aydın olur ki, erməni siyasi elektoratında bölgədə baş verən proseslərlə bağlı geniş üfüqdə təsəvvür yoxdur.

 

Xüsusilə müxalifət, əsasən də “Qarabağ klanı”nın mürtəce və revanşist qüvvələri üçün hədəf sadəcə birdir – Nikol Paşinyan hakimiyyətini devirmək və əvvəlki rejimin strukturunu bərpa etmək.

Ermənistanda bir çox siyasi partiyanın gücü olduqca zəifdir. Əksər təşkilatların İrəvan xaric bölgələrdə şöbələri, demək olar ki, yox dərəcəsindədir.

Müxalifətdə əsas güc yenə də Robert Köçəryan və Serj Sərkisyanın əlinə keçib. R.Köçəryan özünü yaratdığı “Ayastan”adlı blokun işinə artıq keçmişdə mühüm dövlət postları tutan şəxsləri cəlb etməyi bacarıb. Məsələn, bu yaxınlarda Ermənistanda hərbi çevrilişə əl atmaq istəyən, keçmiş baş qərargah rəisi Onik Qasparyan blokun Tavuş bölgəsində koordinatoru təyin olunub. Qasparyan özü həmin vilayətə mənsub İcevan rayonundandır.

Dünənə qədər Qarabağ münaqişəsi ilə bağlı fərqli mövqeyi ilə seçilən keçmiş prezident Levon Ter-Petrosyanın da prosesə aktiv surətdə qoşulması da diqqət çəkicidir. Levon Ter-Petrosyan “Erməni milli konqresi”nin siyahısına rəhbərlik edəcəyini açıqlayaraq, əsas məqsədinin Nikol Paşinyan və Robert Köçəryanın qələbəsinə yol verməmək olduğunu bəyan edib.

“Kavkazskiy uzel” saytına danışan politoloq Armen Badalyanın fikrincə, bu məsələdə sabiq prezidentin şansı olduqca azdır. Armen Badalyan Ermənistanda qütbləşmənin dərinləşdiyi, Robert Köçəryanın gücləndiyi bir fonda Milli Konqresin seçkilərdə parlamentə keçid baryerini aşacağına belə şübhə ilə yanaşdığını söyləyib. “Levon Ter-Petrosyanı Nikol Paşinyanın “xaç atası” adlandıranlar çoxdur. Buna görə də ona hər vəchlə baş naziri məhv etmək və özünə bu planda bəraət qazandırmaq lazımdır”,-deyə o bildirib.

Siyasi icmalçı Akop Badalyan da eyni fikirdədir və keçmiş prezidentin baş naziri sərt tənqid etməklə siyasi reytinqini artırmaq istədiyini düşünür.

Akop Badalyan seçkiqabağı oyunun Nikol Paşinyan, Robert Köçəryan və Serj Sərkisyan arasında gedəcəyini vurğlayır. Onun sözlərinə görə, Levon Ter-Petrosyanın bu prosesdə yeganə “xidməti” Nikol Paşinyandan seçicilərin bir hissəsini qoparmaqdan ibarət olacaq.

Bundan başqa, politoloq “Ter-Petrosyan-Serj Sərkisyan” yaxınlaşmasına da diqqət çəkib. O, sabiq dövlət başçısının şəxsi bir evdə Rusiya səfiri Sergey Kopırkinlə görüşməsini olduqca maraqlı hesab edir. “Yəqin səfir Serj Sərkisyanın Rusiyanın hakimiyyətə gəlməsini çox arzuladığı Robert Köçəryana nə qədər mane ola biləcəyini öyrənmək istəyib. Levon Ter-Petrosyan prinsip etibarı ilə Serj Sərkisyanı heç vaxt tənqid etməyib və açıq şəkldə hər yerdə bütün qayəsinin Robert Köçəryanın iqtidarına mane olmaq istədiyni bəyan edir”,-deyə o bildrib.

Ermənistanda seçkiqabağı əsas gündəm Sünik və Zəngəzur dəhlizi, Azərbaycanın qanuni sərhədlərini bərpa etməklə bağlı atdığı addımlar, Rusiyanın tutduğu mövqedir.

Bu məsələdə erməni siyasi ekspertləri hələ ki əllərini ümidsizliklə yelləyirlər. Məsələn, politoloq Armen Badalyanın fikrincə, KTMT-nin,daha doğrusu Rusiyanın Sünikdən ötrü Azərbaycanla münasibətləri korlaycağı illüziyasına qapılmaq əbəsdir. “Təşkilat Rusiyanın geosiyasi maraqlarına xidmət üçün qurulub, həmin strukturda isə bütün məsələləri Kreml həll edir”,-deyə o, bildirib.

Elə Akop Badalyan da Rusiyanın Sünikdəki konfrontasiyaya kəskin reaksiya verəcəyini gözləmir. “Rusiya Qərblə soyuq müharibədə olduğu bir vaxtda Türkiyə və Azərbaycana çox ehtiyacı var. Buna görə də Kreml Ankara və Bakını əsəbiləşdirəcək bəyanatlar verməyəcək”,-deyə o, söyləyib.

Erməni hərbi ekspert Robert Nazaryan KTMT-ni bu məsələdə bitərəf mövqe tutacağı qənaətindədir. Onun bildirdiyinə əsasən, blokda yer alan dövlətlərin hərəsinin öz hədəfi var, təşkilatın ümumi marağından isə söhbət gedə bilməz”.

Politoloq Naira Ayrumyan isə Rusiyanın və KTMT-nin bu fürsətdən də istifadə edərək Ermənistanın İranla sərhəd boyu bütün zolağı öz nəzarətinə ala biləcəyi və burada “məsuliyyət bölgəsi” elan edəcəyi versiyasını irəli sürüb. O, yalnız bu halda Azərbaycanın girdiyi ərazilərdən çəkilə biləcəyini bildirib.

Naira Ayrumyanın fikrincə, Azərbaycanın əsas məqsədi İran-Emrənistan sərhədini nəzarət altına almaqdır. Bununla rəsmi Bakı həm Meğri vasitəsilə “türk dəhlizi”ni açmaqla qalmayacaq, həm də Qara dənizdən İran körfəzinə qədər gedən marşrutu nəzarətinə götürəcək.

Qeyd etmək lazımdır ki, Naira Ayrumyanın səsləndirdiyi bu fikir İranın siyasi dairələrində də narahatlıqla bölüşülür.

Bu ilin aprel ayını sonlarında İran İslam Keçişkçiləri Korpuusuna yaxınlığı ilə bilinən “Mehr” və “Fars” xəbər agentliklərində “Zəngəzur dəhlizi”i açılmasına yönəlik sərt tənqidi yazıların çıxması təsadüf deyil.

Məsələn, İranın beynəlxalq hüquq üzrə tanımış ekspertlərindən Əhməd Kazemi “Fars” agentliyinə verdiyi müsahibədə Türkiyə və Azərbaycanın Zəngəzur dəhlizi vasitəslə “pantürkist dünyanı birləşdirmək”, “İranın bölgədə geosiyasi imkanlaırnı azaltmaq”, “rəsmi Tehranı bölgəsəl energetika layihələrindən uzaqlaşdırmaq”, Çinin “Bir kəmər, bir yol” layihəsinə zərbə endirmək istədiyini önə sürüb. “Mehr” agentliyində dərc olunan yazıda isə “Azərbaycanın Ermənistana qarşı irəli sürdüyü ərazi iddialarının İranın maraqlarına zidd olduğu, Tehranın rəsmi şəkildə buna sərt reaksiya göstərməsi gərəkdiyi” vurğulanıb.

Görünür həm İran, həm də Qərbdən də aldığı dəstəkdən ürəklənən rəsmi İrəvan hələ ki, “Zəngəzur dəhlizi” məsələsində heç bir güzəştə getməyəcəyini bəyan edir. Bu mövqe Nikol Paşinyan tərəfindən Təhlükəsizlik Şurasının bu ilin may ayının 17-də keçirilən iclasında səslənib.

Ermənistanın bu mövqeyi rusiyalı jurnalist Makim Şevçenko tərəfindən sərt tənqid edilib:

“Zəngəzur dəhlizi Türkiyə və Azərbaycanın Moskvaya hədiyyəsidir. Çünki bununla Rusiya İrana çıxış əldə edir. İndi Paşinyan bu sözləri ilə nə Rusiyanın, nə də KTMT-nin mövqeyini nəzərə almadığını göstərmək istəyir. İrəvan yenə də həm Vaşinqtonda, həm də Moskvada faəliyyət göstərən erməni lobbiləri arasındakı qlobal ziddiyyətlərə oynamağa çalışır. Belə olan halda zərər görən tərəf yalnız Rusiya olacaq. Faktiki olaraq İrəvan hazırda Moskvanı şantaj edir”,-deyə o, “news.ru” saytına müsahibəsində bildirib.

Maksim Şevçenkonun sözlərinə görə, Ermənistanın Sünik böhranında KTMT-ni köməyə çağırması əbəsdir. Çünki 10 noyabr anlaşmasının altında rəsmi İravanın da imzası var və təşkilat Ermənistandan sazişin tələblərini yerinə yetirməsini istəyəcək.

Hər bir halda Nikol Paşinyanın işi ehtiyatda tutması gözdən qaçmır. Məsələn, Ermənistanın“Hraparak” qəzeti son təhlükəsizlik iclasında baş nazirlik aparatının rəhbəri Arsen Torosyan, habelə ərazi idarəçiliyi və infrastruktur naziri Suren Papikyanın iştirak etməsinə diqqət çəkib. Həmin şəxslər rəsmi olaraq Təhlükəsizlik Şuraısnı üzvləri sayılmırıar. “Əgər masanın üzərinə “Zəngəzur dəhlizi”məsələsi qoyulmayıbsa Torosyan və Papikyanın orda nə işi vardı”,-deyə qəzet sual edib.

Azərbaycan isə gözləyir. əslində rəsmi Bakı üçün hava hələ ki xoşdur. Ermənistanda qərbpərəst və rusiyayönümlü qüvvələr arasında Nikol Paşinyanın xeyrinə nisbi tarazlıq Azərbaycan üçün pis variant sayılmır. N.Paşinyanın qəti qələbəsi beynəlxalq münasibətlərdə Qərbin Azərbaycanın zərərinə müdaxilə imkanlarını genişləndirə bilər. Köçəryan isə mütləq iqtidar olması halında Moska ilə sıx əlaqələrindən bölgədə hərbi-siyasi vəziyyəti Emərnistanın xeyrinə dəyişdirməyə çalışacaq.

Bütün hallarda dövlətimiz ən pis ssenariləri gözə alaraq buna uyğun hazırlıqları həyata keçirməlidir. /musavat.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password