Xankəndində sülhməramlı paradı niyə olmadı: Lavrovun Bakıya 10 may səfərinin şifrələri…
Təxminən 20 gün idi ki, Azərbaycan ictimaiyyəti sülhməramlı qüvvələrin Xankəndində 9 May Qələbə Günü ilə əlaqədar keçirəcəyi hərbi parada etirazını bildirirdi. Rus hərbi kontingenti hazırlıq görmüşdü, parad nəzərdə tuturdu. Lakin gözləntilər yaxşı ki olmadı.
Azərbaycan tərəfinin narazılığı, çox güman ki, rəsmi kanallarla çatdırılmış ismarışlar paradın keçirilməməsinə təsirini göstərdi.
Ötən gün sülhməramlılar tədbir keçirdilər, komandan Rüstəm Muradov müdafiə naziri Sergey Şoyqunun məktubunu oxudu, sonra Dağlıq Qarabağdakı ermənilər, əlində Jukovun portretini tutan Vitali Balasanyanlar qrup halında əhəmiyətsiz bir yürüş etdilər.
Paradın təşkil olunmaması və ümumi tədbir keçirilməsi, ermənilərin ciddi olmayan yürüşü, həmçinin general Muradovun adından Njdenin Xocavənddəki heykəlinin götürüləcəyi xəbəri Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfərinə bir gün qalmış təsadüf edirdi. Görünür ki, Moskva Bakını, xüsusən ABŞ-ın Azərbaycana zəngləri fonunda narazı salmaq istəməyib. Çünki Lavrov bu gün Bakıda sərt suallarla qarşılaşacaqdı.
Bu gün keçiriləcək görüşə qədər isə müəyyən məsələlərin qarşılıqlı şəkildə həllini tapdığını söyləmək olar. Çünki Lavrovun gəlişi ərəfəsində Azərbaycan tərəfi humanistlik göstərərək üç erməni hərbçini əsirlikdən azad etmişdi.
Bütün bu hərəkətlənmələr, qarşılıqlı jestlər (əsirlər qaytarılır, Xankəndində parad olmur) göstərir ki, bölgədə Azərbaycan Qarabağ məsələsində heç də Ermənistan yox, Rusiya ilə danışıq aparır.
Mümkündür ki, indi Bakı istəyini alıb və bu gün Lavrov Bakıda bir sıra məsələləri razılaşdırmalı olacaq. Birincisi, əsir ermənilərin qarşılığında minalanmış ərazilərin xəritəsi, ən azından bir hissəsi verilə bilər. Ardınca erməni qoşunlarının yuxarı Qarabağdan çıxarılması prosesinə başlanması istisna olunmur.
Amma bizi narahat edən məqamlar da var. Məsələn, Kreml başçısı Putin fransalı həmkarı Makronla telefon danışığında Qarabağlı bağlı birgə təşəbbüslə çıxış etməyi razılaşdırıb. Görəsən birgə təşəbbüs nə olacaq? Bu, hər halda bizim üçün o dərəcədə xeyirli təşəbbüsə oxşamır. Kim, kim – ermənilərə müttəfiq Rusiya və Fransa…
O baxımdan Lavrova “birgə çıxış”la bağlı suallar veriləcək.
Həmçinin Azərbaycanda olan digər diversant əsirlərin azad edilməsi, Minsk Qrupu məsələlərinə toxunula bilər. Eləcə də Qarabağda yaşayan erməni əhalinin müqəddəratı indi sual altındadır. Əgər bütün əsirlərin qaytarılmasına cavab olaraq erməni silahlı dəstələri bölgəni tərk edirsə, üçtərəfli bəyanatın 4-cü bəndi icra olunursa, o zaman Rusiya paralel olaraq, separatçıların taleyini müəyyənləşdirən yeni “model” irəli sürə bilər: icmalar üzərindən idarəçilik…
Bakı bunu yaxşı bilir və Qarabağın Azərbaycanlı İcmasının ləğvi ilə adekvat manevrlər edir: bu, Qarabağdakı ermənilərin taleyinin necə olacağının Rusiyaya nümayiş etdirilməsidir.
Bir sözlə, Azərbaycan bütün istiqamətlərdə Moskvanın qabağına kontur addımlarla çıxır ki, onun arqumentlərini dəfn edə bilsin. Hərgah, ruslar separatizm kartından məkrli şəkildə istifadə etməkdədir.
Ümumiyyətlə, 44 günlük müharibədən qalib ayrıldıqdan sonra bizə hərtərəfli təzyiqlərin olacağı gözlənilən idi: İran Qarabağda ermənilərə “yardım” aparılmasında iştirak edir, ABŞ “soyqırım” ifadəsi ilə İrəvana jest edir, Fransa və Rusiya isə indi birgə təşəbbüslə çıxış etməyə hazırlaşır.
Makron “hərbi əsirlər, humanitar yardım və mədəni irsin qorunması” məsələlərində konkret irəliləyiş əldə edilməsinin vacibliyini vurğulayıb. Minsk qrupu həmsədrlərinin 13 aprel açıqlamasında da göstərildiyi kimi, danışıqların bərpası həmsədrlər üçün prioritetdir. Deməli, yuxarıda söylədiyimiz kimi, prezidentlərin birgə çıxışında əsirlər, Minsk Qrupu əsas tezislər olacaq.
Lavrovla görüşdə xüsusi əhəmiyyət kəsb edən nəqliyyat-kommunikasiyaların açılması müzakirə olunacaq. Zəngəzur dəhlizinin açılması işləri sürətlənməlidir və həm Rusiya, həm Azərbaycan Ermənistanda seçkilərin nəticəsini gözləyir. Paşinyan qalib gəldiyi halda dəhlizin açılması prosesi intensivləşəcək. /turan