UEFA Avropa Liqasında finalçıların adına aydınlıq gəlib.
Cavab oyunlarından sonra İngiltərənin “Mançester Yunayted” və İspaniyanın “Vilyarreal” komandaları həlledici qarşılaşmaya vəsiqə qazanıblar.
“Qırmızı şeytanlar” İtaliya “Roma”sını mübarizədən kənarlaşdırıb. Evdəki ilk matçda 6:2 hesablı qələbə qazanan Mançester təmsilçisi cavab görüşündə 2:3 hesabı ilə uduzsa da, adını finala yazdırıb. Qarşılaşmada hesabı 39-cu dəqiqədə Edinson Kavani açıb. İlk hissə qonaqların minimal üstünlüyü ilə başa çatıb. Fasilədən sonra fəallığı artıran “canavarlar” 57-ci dəqiqədə tarazlığı bərpa ediblər. Cəmi 3 dəqiqə sonra Brian Kristante 2-ci qolu “Mançester Yunayted”in qapısından keçirib. Lakin meydan sahiblərinin qələbə sevinci 8 dəqiqə çəkib. Kavani özünün və komandasının 2-ci qolunu vuraraq, hesabı bərabərləşdirib. Matçda son nöqtəni isə 83-cü dəqiqədə “Roma”nın 19 yaşlı hücumçusu Nikola Zalevski qoyub.
“Qarabağ”la eyni qrupda mübarizə aparmış “Vilyarreal” isə 2 oyunun nəticəsinə əsasən, İngiltərə “Arsenal”ından güclü olub. İspaniyada rəqibinə 2:1 hesabı ilə qalib gələn “sarı sualtı qayıq” Londonda qolsuz bərabərliyə nail olaraq, finala adlayıb.
UEFA Avropa Liqası, yarımfinal
Cavab oyunları
23:00. “Arsenal” (İngiltərə) – “Vilyarreal” (İspaniya) – 0:0
İlk oyun – 1:2
23:00. “Roma” (İtaliya) – “Mançester Yunayted” (İngiltərə) – 3:2
Qollar: Edin Ceko, 57, Brian Kristante, 60, Nikola Zalevski, 83 – Edinson Kavani, 39; 68
İlk oyun – 2:6
Qeyd edək ki, Avropa Liqasının finalı mayın 26-da Polşanın Qdansk şəhərində keçiriləcək.