Türkiyə ABŞ-a qarşı səbirlə davranır
Ankaranın ABŞ-la müdafiə və iqtisadiyyat sahəsində ikitərəfli razılaşmaları dayandıracağı inandırıcı deyil
“Bloomberg” nəşri öz mənbələrinə istinadən yazıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-la müdafiə və iqtisadiyyat sahəsindəki razılaşmanı dayandırmaq niyyətindədir. Nəşr bildirir ki, bu addıma səbəb ABŞ Prezidenti Co Baydenin aprelin 24-dəki məlum çıxışıdır. Agentlik yazır ki, Ərdoğanın atacağı addımlar sırasında müdafiə və iqtisadi əməkdaşlıq haqda ikitərəfli müqavilənin dondurulması da yer alır. Bu müqavilə vaxtilə Ankaraya Suriya və İraqdakı münaqişələr zamanı Vaşinqtonla birgə iş aparmağa yardım etmişdi.
Mövzuya münasibət bildirən siyasi-şərhçi Asif Nərimanlı açıqlamasında bildirib ki, Baydenin “soyqırımı” ifadəsini istifadə etməsindən sonra Türkiyənin münasibətinin səbrli olması diqqət çəkdi. O vurğulayıb ki, bu, bir tərəfdən Türkiyənin məsələni ciddiyə almadığını göstərməsi, digər tərəfdən, münasibətlərin daha da gərginləşməsini istəməməsindən qaynaqlanır:
“Ərdoğan da bu haqda danışarkən,iki ölkənin münasibətlərini pozacaq məsələləri kənara qoymağı, gələcəyə baxmağın vacib olduğunu bildirdi. Türkiyənin ABŞ-la müdafiə və iqtisadiyyat sahəsində ikitərəfli razılaşmaları dayandıracağı inandırıcı deyil. Bu, ilk öncə Türkiyə iqtisadiyyatına ziyandır. 24 apreldən öncə Baydenin “soyqırımı” ifadəsini deyib-deməyəcəyi müzakirəsinin türk lirəsinin dəyər itirməsinə səbəb olması da belə nümunələrdən biridir. Digər tərəfdən, ABŞ-a qarşı hərbi əməkdaşlıq çərçivəsində addım atmağın da effekti böyük olmayacaq”.
A.Nərimanlı qeyd edib ki, Ankara Vaşinqtona hərbi əməkdaşlıqla bağlı iki istiqamətdə cavab verə bilər:
“Birincisi, İncirlik bazasının bağlanmasıdır. Bu haqda məlumatlar dolaşır, lakin Türkiyənin belə bir addım atmasının effekti böyük olmaz. İncirlik bazası Kipr hərəkatı zamanı Türkiyə tərəfindən bağlandı, həmin vaxt bu baza indiki dövrlə müqayisədə ABŞ üçün daha qiymətli idi. Buna qarşı olaraq, ABŞ Türkiyə iqtisadiyyatına ciddi zərbə vuran sanksiyalar tətbiq etdi. İndi belə bir addımın atılması ABŞ-a daha az təsir edə bilər, çünki Suriyada hərbi bazaları mövcuddur. İkincisi, Malatya bölgəsində Kürəcik bazasını bağlamaq ola bilər. Bu bazada NATO-nun hava hücumundan müdafiə sistemləri yerləşir. Türkiyənin belə bir addımı ABŞ-dan daha çox, NATO-ya qarşı çıxmaq olar. Bu baxımdan, bu ehtimal da zəifdir. Türkiyə NATO ilə qarşıdurma istəmir, çünki hərbi ittifaqda mövqelərinin zəifləməsi, yunan Kiprinin, dolayısı ilə Yunanıstanın önünün aça bilər”.
Analitik hesab edir ki, Türkiyə Baydenə cavab olaraq, ABŞ-ın üzərinə birbaşa hücuma keçməyəcək:
“Əksinə, özünü münasibətlərin gərginləşməsində maraqlı olmayan tərəf kimi göstərəcək və ABŞ-ın əlindəki kartların sıradan çıxarılması istiqamətində hərəkət edəcək. Bunlardan biri, bəlkə də birincisi, PKK-dır. Aprelin 23-də Ərdoğanla Baydenin telefon söhbətindən saatlar öncə Türkiyə ordusu Şimali İraqda PKK-ya qarşı genişmiqyaslı əməliyyata başladı. Bu o deməkdir ki, Ankara Baydenin “soyqırımı” ilə bağlı atacağı addımı öncədən bilirdi və Vaşinqtonun növbəti mərhələdə aktivləşdirəcəyi PKK kartına qarşı qabaqlayıcı addım atdı. Şimali İraqdakı əməliyyatların əsas hədəfi PKK ilə terror təşkilatının Suriya qanadı olan PYD-nin təmas qurduğu Sincar bölgəsini təmizləməkdir. Bununla, İraq və Suriyadakı terrorçuların əlaqəsi kəsiləcək və hər iki cəbhədə ayrı-ayrı hücumlar ediləcək. Baydenin Türkiyəyə qarşı istifadə edəcəyi əsas kart Suriyadakı PYD/YPG terrorçularıdır. ABŞ prezidentinin bu terrorçuları “müttəfiq” adlandırması da bunu göstərir. Türkiyənin Şimali İraqa əməliyyatla yanaşı, Suriyada da yeni əməliyyatlarını görə biləcəyik. Digər tərəfdən, Şərqi Aralıq dənizində Türkiyənin aktivləşəcəyi, xüsusilə mövqelərini gücləndirmək məqsədilə Misirlə təmasları sıxlaşdıracağı gözləniləndir. Əsas mübarizə cəbhələrindən biri də Cənubi Qafqaz olacaq. ABŞ “soyqırımı” məsələsini bölgədə qurulacaq əməkdaşlıq platformasını Ermənistan üzərindən pozmaq, şərtləri özünün diktə edə biləcəyi vəziyyət yaratmaq istəyir. Ermənistanda növbədənkənar parlament seçkiləri bu proseslərin inkişafını müəyyənləşdirəcək məsələ olacaq. Türkiyə və Azərbaycanın bölgədə aktivləşəcəyini, Qarabağda nəzarəti gücləndirmək və Zəngəzur dəhlizinin reallaşması istiqamətində aktiv fəaliyyətini görə biləcəyik. Qeyd etdiyim kimi, Türkiyə ABŞ-la birbaşa qarşıdurmaya getməyəcək, daha çox Vaşinqtonun kartlarını, rıçaqlarını sıradan çıxarmaq addımları atacaq”./sherq.az