Tbilisidə Aşıq Ələsgərin 200 illik yubileyi qeyd edilib

 

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin anadan olmasının 200 illiyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə qüdrətli söz ustadının həyat və yaradıcılığından bəhs edilib, onun əsərlərindən parçalar səsləndirilib.

Professor Mahmud Kamaloğlu çıxışında Aşıq Ələsgərin aşıq məktəbinin zənginləşdirilməsi və inkişafındakı böyük xidmətlərindən danışıb. Onun sözlərinə görə, ustad aşıq Borçalı mahalına da səfər edib: “Bu səfər barədə geniş məlumat yoxdur. Bizdə olan məlumata əsasən, o, Təhlə kəndində toyda iştirak edib”.

Sonra çıxış edən Azərbaycanın Gürcüstandakı səfirliyinin I katibi Ramel Lətifov tədbirin təşkilinə görə Azərbaycan Mədəniyyəti Mərkəzinə təşəkkür edib. O, Gürcüstanda bütün görkəmli aşıqlar kimi Aşıq Ələsgərin yaradıcılığına da böyük qiymət və dəyərin verildiyini bildirib.

Yunus Əmrə İnstitutunun Tbilisi üzrə koordinatoru Ali Oğuzhan Yüksel aşıq sənətini türk mədəniyyətinin ortaq dəyəri adlandıraraq qeyd edib ki, qədim saz-söz ənənələrinin Gürüstanda bu gün də yaşadılması böyük fərəh doğurur.

Tədbir aşıq Nargilə Mehtiyevanın rəhbərlik etdiyi “Meydan” qrupu və yerli aşıqlar Şahbaz Göycəoğlu, Samir Qaraxanov, Əfqan Şamilov Aşıq Ələgərin şeirlərini sazda ifa ediblər.

N.Mehtiyeva, Gürcüstanı 2018-ci ildə Avroviziya mahnı müsabiqəsində təmsil etmiş Mixail Cavaxişvili və “İaloni” qadın ansamblının birgə ifasında təqdim olunan “Balaca oğlan itirmişəm” məşhur gürcü folklor nəğməsini mərasim iştirakçıları böyük maraqla qarşılayıblar. Sintez olunmuş kompozisiyaya Aşıq Ələsgərin “Çərşənbə günündə çeşmə başında” şeirindən parça daxil edilib.

M.Cavaxişvili tədbirə dəvət aldığından çox məmnun olduğunu söyləyib. O, azərbaycanlıların zəngin mədəniyyətə sahib olduqlarını bildirib. “Bu gün bu mərasimdə birgə ifamızla köhnə Tiflisin mədəni müxtəlifliyini bir daha xatırlatdıq”.

Yubiley axşamında azərbaycanlı ziyalılar, məktəblilər və gənclər iştirak ediblər./report.az

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password