Ev qiymətləri sabitdir, maşın isə… – Ekspertlər
Artıq 1 ildən çoxdur davam edən koronavirus pandemiyası Azərbaycan iqtisadiyyatına, xüsusilə də daşınan və daşınmaz əmlak bazarına da ziyansız ötüşməyib.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı açıqlamasında bildirib ki, əmlak bazarında pandemiya nəticəsində əməliyyatların sayı azalıb:
“Bazar iştirakçılarının fəaliyyətində çox ciddi problemlər yaranıb və sahibkarlıqla məşğul olan insanlara ciddi ziyanlar dəyib. Qeydiyyat və digər istiqamətlərdə də müəyyən azalmalar baş verib”.
Ekspert qeyd edib ki, pandemiyanın qiymətlərə təsiri olmayıb, qiymətlər sabit qalıb.
Nəqliyyat eksperti Elməddin Muradlı isə bildirib ki, karantin şəraiti səbəbindən açıq bazarda alğı-satqı azalıb:
“Ötən il sərt pandemiya zamanı yay və payız aylarında məhdudiyyətlər olsa da, daha sonra bazarda canlanma müşahidə olunub. Onlayn platformada isə satışlar əvvəlki illərə nisbətən artıb. Qiymətlərdə də ötən ilin indiki dövrü ilə müqayisədə 5-10% artım var”.