Azərbaycanda bank faizlərinin yüksək olmasının şok səbəbləri – İnsanları buna görə “soyurlar”
“Azərbaycanda bank əməliyyatları üzrə faizlər yüksəkdir. Yəni bank maliyyə vasitəçisidir. Əmanətçilərdən, hüquqi şəxslərdən vəsaiti cəlb edərək, onlara faiz ödəyir. Sonra həmin vəsaiti kredit verərək, faiz qazanır. Bu fərq də onun gəliri hesab olunur”.
Azərbaycanda bank faizləri niyə çoxdur və bu problemi necə həll etmək olar?
Bu fikirləri bank üzrə ekspert Əkrəm Həsənov səsləndirib. O bildirib ki, bank əmanətçilərdən, şirkətlərdən, digər banklardan nə qədər yüksək faizlə vəsait cəlb edirsə, bir o qədər də faizləri yüksək qoyur. Azərbaycanda bu gün banklar 12 faizlə əmanət cəlb edir. Bu isə o deməkdir ki, 12 faizdən aşağı heç bir halda kredit verə bilməz. Bizdə birinci problem əmanətçilərin psixologiyasındadır. Yəni əmanətçilər banka pul qoyub, əldə etdikləri faizlə yaşamaq istəyirlər. İnkişaf etmiş ölkələrdə isə əmanət üzrə faizlər 1-2 faiz təşkil edir. Əmanət insanın dolanışıq mənbəyi yox, pulun təhlükəsiz saxlanma və rahat istifadə etmə yeri olmalıdır. Yalnız bundan sonra 1-2 faizlə əlavə vəsait qazanmaq olar”.
Əkrəm Həsənovun sözlərinə görə, bu gün əmanət üzrə faizləri həm dövlət, həm də banklar kəskin endirməyə çəkinirlər: “Buna səbəb isə əmanətçilərin öz pullarını banklardan çıxarmaq ehtimalının yüksək olmasıdır. Amma hesab edirəm ki, tədricən əmanət faizlərini azaltmaq lazımdır. İnsanlar arasında isə maarifləndirmə işləri aparmaq lazımdır ki, əmanətlərin dolanışıq vasitəsi olmadığını anlasınlar. İkncisi insanlar anlamalıdırlar ki, əmanət üzrə faizlər çox olduqda, bank faizləri də yüksələcək. Bu isə iqtisadiyyat üçün çox çətindir. Yəni birinci problem faktiki olaraq əhalinin özündədir. İkinci səbəb isə məhkəmə-hüquq və biznes sistemində olan problemlərlə əlaqədardır. Kredit riski, kölgə iqtisadiyyatı da, bank faizlərinin yüksək olmasını şərtləndirən amillər sırasındadır. Ümumiyyətlə faiz, kredit riskinə bağlıdır. Yəni risk nə qədər yüksəkdirsə, faiz də bir o qədər çox olur. Xeyli insanın rəsmi gəliri yoxdur. Bank da bu kateqoriyaya kredit verəndə, düzgün qiymətləndirmə apara bilmir. İnkişaf etmiş ölkələrdə isə bir qayda olaraq hamının gəliri rəsmidir. Bu zaman bank da kredit verərkən real gəlir üzərində hesablama aparır. Bizdə isə həm vətəndaşların, həm də şirkətlərin rəsmi maliyyə göstəriciləri reallıqla uyğun gəlmir”.
Ekspert əlavə edib ki, bank qiymətləndirmə apara bilmir, kreditlərin qaytarılmasında problemlərin olacağını düşünür. Bütün bunları göz önünə alan bank, faizləri yüksəldir ki, çəkdiyi xərci konpensasiya edə bilsin: “Bu artıq məhkəmə-hüquq sistemində, biznes mühitində və qanunvericilikdə dəyişiklikləri zəruri edir. Təbii ki, banklar da “mələk” deyil və sui-istifadə halları mövcuddur. Ancaq bütün problemləri təkcə bankların üzərinə yükləmək də doğru deyil. Banklar həm də Mərkəzi Bankdan bərabər rəqabət şəraitində kredit ala bilmir. Mərkəzi Bankın bu gün uçot dərəcəsi 6,25-dir. Yəni banklar əslində o faiz dərəcəsi ilə Mərkəzi Bankdan kredit ala bilərlər. Lakin əksər banklar bunu edə bilmir. Çünki şəffaf və dəqiq sistem yoxdur. Xaricdə isə banklar bilirlər ki, nə vaxt və hansı şəraitdə Mərkəzi Bank onlara mütləq kredit verəcək. Bizdə bu məsələ problemlidir. Digər səbəb isə bankların özündə olan problemlərdir. İdarəetmədə, şəffaflıqda, səhmdarlarda, banklara nəzarətdə, daxili auditdə olan problemlər, bank faizlərinin yüksək olmasına gətirib çıxaran səbəblər sırasındadır”./konkret.az