Gəncə Bakıdan 55 dəfə geri qalır: Regional inkişafla bağlı şok rəqəmlər

İqtisadçı ekspert Rövşən Ağayev Azərbaycanın regional inkişafı ilə bağlı araşdırma aparıb. 
 Araşdırma zamanı ölkənin ikinci şəhəri olan Gəncənin paytaxt Bakıdan dəfələrlə geri qalması rəsmi rəqəmlərlə ifadə edilib.
Ekspert öncə Bakıda yaşayan əhalinin sayını araşdırıb:
Gəncə Bakıdan 55 dəfə geri qalır: Regional inkişafla bağlı şok rəqəmlər
“…Rəsmi məlumata görə, Azərbaycan təxminən 23%-lə paytaxt məskunlaşmasının yüksək olduğu ölkələr sırasındadır. Qeyri-rəsmi məlumatlara görə isə bu göstərici 30%-i aşır. Belə yanaşmalar paytaxtda kommunal xidmət istehlakının səviyyəsinin ölkə göstəricisinin 40%-nə yaxın olmasına əsaslanır. Belə ki, rəsmi statistikanın məlumatına görə, 2019-cu ildə yalnız ölkə əhalisinin ev təsərrüfatlarında istehlak etdiyi təbii qazın həcmi 2.9 mlrd.kubmetr, elektrik enerjisinin həcmi isə 6.3 mlrd. kVt/saat təşkil edib. Bakı şəhərində əhali kateqoriyasının təbii qaz istehlakı 1.1 mlrd.kubmetr və ya ölkə göstəricisinin 38%-i, elektrik enerjisi istehlakı isə 2.7 mlrd. kVt/saat, yaxud ölkə üzrə göstəricinin 43%-i qədər olub”.
Rövşən Ağayevin hesabalamaları nəticəsində məlum olub ki, Gəncə iqtisadi baxımdan Bakıdan 55 dəfə geri qalır:
“Əhali sayına görə paytaxtdan sonra 2-ci sırada gələn Azərbaycanın 2 böyük şəhəri var: Sumqayıt və Gəncə. Onların hər birinin ayrı-ayrılıqda 340 min nəfərə yaxın əhalisi var. Rayon mərkəzləri nəzərə alınmasa, Azərbaycanın yerdə qalan avtonom (respublika tabeli) şəhərləri demoqrafik baxımdan çox kiçikdir. Məsələn, Mingəçevir və Şirvan şəhərlərinin hər birinin ayrı-ayrılıqda 100 min nəfər ətrafında əhalisi var və bu baxımdan onları geniş demoqrafik yükü olan 2-ci sıra şəhərlər kimi götürmək mümkün deyil. Sumqayıt isə faktiki olaraq nəhəng paytaxt aqlomerasiyasının tərkib hissəsidir. Bu baxımdan Azərbaycanda 2-ci sıra böyük şəhər kimi Gəncənin timsalında paytaxtdan sonrakı şəhər potensialının qiymətləndirilməsi daha doğru yanaşma olardı. Rəsmi statistikanın məlumatından çıxış etsək, ölkənin 1-ci və 2-ci ən böyük şəhərləri arasında demoqrafik fərq 7 dəfə, qeyri-rəsmi hesablamalar götürülsə, 10 dəfəyə yaxın fərq var.
Bəs sosial-iqtisadi potensialda fərqlər nə qədərdir? Bu sahədə rəsmi statistikadan başqa hər hansı alternativ mənbə və hesablamalar olmadığından Dövlət Statistika Komitəsinin məlumatları əsasında müqayisələrə diqqət yetirək. Rəsmi statistikanın məlumatına görə, 2020-ci ildə Gəncənin ümümi məhsul buraxılışı Bakı şəhəri üzrə göstəricidən 55 dəfə kiçik olub. Ölkə üzrə məhsul buraxılışının 65%-i Bakıda, cəmi 1,2%-i isə Gəncədə formalaşıb. Aydındır ki, Bakı və Gəncə arasında bu olduqca böyük fərqdə neftin rolu həlledicidir. Lakin sənayedənkənar məhsul buraxılışı da götürüldükdə, paytaxtın məhsul istehsalının həcmi Gəncə ilə müqayisədə 40 dəfə böyükdür. Eyni zamanda, adambaşına məhsul buraxılışı arasında fərq 9 dəfəyə yaxındır. İqtisadiyyat üzrə sənaye işçilərinin cəmi 3,5%-i Gəncədə çalışdığı halda, Bakı üzrə həmin göstərici 60% ətrafındadır.
İnsan kapitalının inkişaf göstəriciləri baxımından da Gəncə nəticələrinə görə paytaxtdan, hətta bir sıra başqa bölgələrdən geri qalır. Məsələn, Gəncənin bəzi mühüm səhiyyə göstəriciləri (əhalinin hər 1000 nəfərinə düşən həkim personalının və köməkçi tibbi heyətin sayı, xəstəxana tutumu və s.) paytaxtdan orta hesabla 50% azdır. Yaxud universitetlərə qəbulda 500-dən yüksək bal toplayan abituriyentlərin nisbətinə görə Gəncə, nəinki Bakı, Sumqayıt, Naxçıvan və Mingəçevir kimi şəhərlərdən, hətta Bərdə, Qəbələ, Şəki, Abşeron, İsmayıllı, Qubadlı, Ağstafa, Ucar, Neftçala, Qax kimi rayonlardan da geri qalıb.
Paytaxt və Gəncə arasında böyük iqtisadi fərqləri əks etdirən bəzi göstəricilərlə bu müqayisəni yetərli saymaq olar. Məsələn, ictimai nəqliyyat infrastrukturu baxımından da Gəncə kifayət qədər yoxsul şəhərdir. Metro, elektriklə işləyən digər nəqliyyat (tramvay, trolleybus) mövcud deyil, ictimai iaşə obyektlərində oturacaq yerlərinin sayı arasında 30 dəfə, mehmanxana və digər gecələmə yerlərinin birdəfəlik tutumu arasında isə 15 dəfə fərq var. 2011-2019-cu illərdə istifadəyə verilmiş yaşayış evlərinin sahəsi Bakıda Gəncədən 30 dəfə artıq olub.
Gəncənin iqtisadi potensialının zəif olması, sosial baxımdan cəlbedici yaşayış şərtlərinin təmin edilməməsi son 20 ildə şəhərin demoqrafik böyüməsində də özünü göstərib. Belə ki, Gəncə 2000-2020-ci illərdə əhalisi ən zəif templə artan 7 bölgədən biri olub. 20 il ərzində şəhər əhalisi cəmi 11.5% artıb. Halbuki ölkə üzrə orta göstərici 26%, ən yüksək göstərici 135% (Abşeron rayonu üzrə), Bakı şəhəri üzrə 30%-ə yaxın olub. Orta və uzunmüddətli dövrdə demoqrafik böyümə potensialı bir sıra şərtlərlə yanaşı həm də ərazinin sosial-iqtisadi baxımdan yaşayış, investisiya qoyuluşu üçün cəlbediciliyini də əks etdirir…”/qaynarinfo

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password