Avropa Birliyi Ukraynanın yanındadır – “Tərəddüdsüz dəstəyimizi bildiririk…”
Avropa Birliyinin (AB) xarici siyasət rəhbəri Jozep Borrel Ukrayna hökumətinə ölkənin şərqində rusiyayönlü separatçılarla münaqişədə birliyin tərəddüdsüz dəstəyini bildirib.
Borrell aprelin 4-də “Twitter”-də yazıb ki, Ukraynanın Xarici işlər naziri Dmitro Kuleba ilə telefonla danışıb.
O, “Ukrayna ətrafında Rusiyanın hərbi fəaliyyətini ciddi narahatlıqla izlədiyini” deyib.
Borrel məsələnin AB-nin xarici işlər nazirlərinin növbəti iclasında müzakirə olunacağını söyləyib.
Aprelin 2-də isə ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Vladimir Zelenski ilə telefonda danışmışdı. Bayden də Zelenskiyə ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü tərəddüdsüz dəstəklədiyini demişdi.
Ukrayna qüvvələri və Donetsk regionundakı separatçılar son həftələr bir-birini hücumlarda ittiham edirlər. Ukrayna ötən həftə Rusiyanın onların ümumi sərhədinə qoşun yığdığını iddia edib.
Kremlin sözçüsü Dmitri Peskov isə deyib ki, Rusiya öz ərazisində qoşunlarına öz planına uyğun hərəkət etdirir və bu heç kəsi narahat etməməlidir.
2014-cü ildə Krımı ilhaq etmiş Rusiya Ukraynanın şərqindəki Luqansk və Donetsk regionlarında münaqişədə iştirakını təkzib edir, baxmayaraq ki, bunun əksini göstərən dəlillər var.
“Rusiya Ukraynada heç bir münaqişədə maraqlı deyil, xüsusilə hərbi münaqişədə”, – Xarici işlər nazirinin müavini Andrey Rudenko son iddialara cavab olaraq “RIA Novosti” xəbər agentliyinə deyib.
Rusiya, Ukrayna, Almaniya və Fransa Ukrayna münaqişəsinin həllindən ötrü yaradılmış Normandiya Formatının üzvləridir.
Almaniya və Fransa atəşkəs pozuntularının getdikcə artmasından narahatlıq bildirib.
“Rusiya qoşunlarının hərəkəti daxil olmaqla vəziyyətə nəzarət edirik, tərəfləri təmkinlik göstərməyə, dərhal de-eskalasiyaya çalışmağa səsləyirik”, – onlar bəyanatlarında bildiriblər.