Üçüncü dalğa başlayıb, sərt karantin olmalıdır… – Professor
“Virus mutasiya etməkdə davam edir. Hər bir mutogen forma yeni xassə alır. Son mutagen formalar, o cümlədən Britaniya ştammı və digərləri də var ki, onların hamısı bütün ölkələrdə yüksək səviyyədə araşdırılmır. Müəyyən məlumatlara görə, koronavirusun 200-dən çox mutasiyaya uğrayan ştammları var. Onların bəziləri tamamilə zəif, bəziləri isə kifayət qədər aqressiv, yoluxuculuq potensialı yüksəkdir”.
Bu sözləri açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
O bildirib ki, xəstəliyin ayrı-ayrı adamlarda müxtəlif cür keçməsinin səbəblərindən biri də məhz virusun hazırda yoluxuculuq qabiliyyətinin yüksək olmasıdır: “Buna görə də ayrı-ayrı ölkələrdə yoluxma sayının artması, ölüm göstəricilərinin çoxalması qeyd olunur. Bütün ölkələr İngiltərə kimi araşdırma aparmır. Güman ki, başqa ölkələrdə də virusun mutasiya etmiş növləri var. Bu cür ştammlar böyük yoluxuculuq potensialına malikdir. Virusda mutasiya getdikcə, onun tərkibində amin turşularının yeri dəyişdikcə yeni xassələr alır və ya zəifləyir, ya da güclənir və s. Bu ştammların isə yoluxuculuq qabiliyyəti yüksəlib, onun letallıq qabiliyyəti də nisbətən artıb. Ona görə də biz hazırda başqa mənzərə görürük”.
A.Qeybullanın sözlərinə görə, zamanında gənclərdə, uşaqlarda virus subklinik formada, yəni əlamətsiz keçirdisə, hazırda virusun klinik əlamətləri göz önündədir: “Ona görə də yəqin ki, epidemioloji vəziyyət pisləşərsə, sərt karantin tədbirlərinə əl atmalıyıq. Sərt tədbirlər epidemioloji vəziyyətə bağlıdır. Burada insanları xilas etməkdən söhbət gedir, bunlar arzu və ya kaprizlə həll oluna biləcək məsələlər deyil. Buna görə də ölüm halının və yoluxmanın sayını azaltmaq, ümumilikdə genefondu xilas etmək üçün müəyyən tədbirlərə əl atmaq zərurəti ola bilər. Çünki artıq Avropada epidemioloji vəziyyətin pisləşməsi qeyd edilir, dünyada üçüncü dalğa rəsmən elan olunub”.
Həkim qeyd edib ki, karantin qaydalarını nisbətən sərtləşdirib, təmasları azaldıb, vaksinasiyanı intensivləşdirmək lazımdır: “Vətəndaşlarda immunizasiya səviyyəsi 70-75 faiz olduğu zaman kollektiv immunitetin formalaşmasından danışıla bilər. COVAX platforması bizə ikili standartlarla yanaşdı və vaksin verilmədi. Azərbaycan öz resursları, Türkiyənin vasitəçiliyi ilə bu vaksini əldə edə bildi. Gürcüstana ikinci hissə vaksin verilir, bizə isə ödənişi etməyimizə baxmayaraq, vaksin verilməyib. Bu, ədalətsizlikdir. Lakin bütün bunlara baxmayaraq, Cənubi Qafqazda vətəndaşlarımızı immunizasiya edən ilk ölkə ola bilmişik”./publika.az