Müharibəyə hazırlıq gedir: Rus ordusu girsə… – Xlopotov
Ukraynada müharibə “ola bilər” kimi yox, “labüddür” kimi qələmə verilməlidir. Məsələ ondan ibarətdir ki, rəsmi Kiyevlə separatçıların rəhbərləri arasında kəskin və dərin mövqe ziddiyyətləri bu məsələnin danışıqlarla həllini mümkünsüz edir. Üstəlik, Qarabağın timsalında gördüyümüz kimi, bu gün diplomatiya lazımi səviyyədə işləmir, o öz klassik görkəmində artıq effektiv deyil.
Bunları açıqlamasında rusiyalı hərbi ekspert Aleksey Xlopotov bildirib.
“Yəni əgər siz ərazi münaqişəsini həll etmək istəyirsinizsə, müharibə etməyə hazırlaşın. Əslində, indi biz nəyi müşahidə edirik: hər iki tərəfdən savaşa çox fəal hazırlıq gedir. Bəs bu kimə sərfəlidir?
Fikrimcə, burada birbaşa fayda və maraq qanuni Kiyev hökumətinindir. Sıfır göstəricilərə malik nüfuzunu yenidən yüksəltmək üçün mərkəzi hakimiyyət ölkənin ərazi bütövlüyünü və asayişi bərpa etməlidir. Silahdan fəal istifadə olunmadan, təəssüf ki, bunu etmək mümkün olmayacaq. Separatçılar öz xoşları ilə mövqelərini əldən verməyəcəklər. Çünki onların başqa seçimi yoxdur”, – deyə müsahibimiz qeyd edib.
Onun sözlərinə görə, ikinci maraqlı tərəf ABŞ və bir sıra Avropa ölkəsidir:
“Onlar üçün Ukraynada müharibə slavyanlığın, xüsusilə də Rusiya Federasiyasının zəifləməsi siyasətinin davamıdır. Bundan başqa müharibə olduğu təqdirdə, Ukrayna onlar üçün silah bazarı və savaş poliqonuna çevriləcək.
Müharibədə hakim rus elitası da müəyyən dərəcədə maraqlıdır. Onun üçün müharibə cəmiyyətin bir araya gəlməsi, daxili siyasi parçalanmanın aradan qaldırılması, iqtisadi inkişafın səhvlərini müharibəyə bağlamaq üçün bir fürsətdir. Bu, Ukrayna oliqarxiyası üçün də tam olaraq eynidir.
Lakin bu məsələdə Rusiya separatçılara hərbi dəstək verməkdən və yardım göstərməkdən imtina edə bilər. Axı, cəsarətli bəyanatlara baxmayaraq, Rusiyada əhalinin əsas hissəsinin vəziyyəti kəskin şəkildə pisləşir. İqtisadiyyat son həddədir. Qarşıdakı vaxtda Kreml üçün yeni və bahalı bir “hərbi oyun”a qoşulmaq çətin ki, məqsədəuyğun olsun. Belə olduğu təqdirdə, gərək Rusiya qələbəni necə olur-olun, təmin etsin. Bu isə yalnız Rusiya silahlı qüvvələrinin Ukraynaya tammiqyaslı hərbi müdaxiləsi halında baş tuta bilər. İnanıram ki, belə olan halda rus əsgəri Kiyevə kifayət qədər asan daxil ola bilər. Bunun həm də iqtisadi və ən başlıcası, siyasi nəticələrini analiz etmək gərəkdir.
Axı Rusiyanın Ukraynaya müdaxiləsi suveren müstəqil dövlətə qarşı təcavüz aktı olacaq. Çünki Ukrayna qanuni hökumətinə dəstəyə, məsələn, kifayət qədər böyük və ciddi hərbi potensialı olan Polşa gələ bilər. Ümumiyyətlə, Rusiyanın bu məsələdə qərarı “motivlərin mübarizəsi” xarakteri daşıyacaq”.
Rusiyalı ekspertin sözlərinə görə, ən əlverişli yol Kremlin Ukraynadakı bu hərbi əməliyyatlara müdaxilə etməməsi, separatçıların yatırılması və Donbasın Ukraynanın qanuni hökumətinin yurisdiksiyasına qaytarılmasıdır:
“Bəli, dağıntılar böyük olacaq, qeyri-müəyyənlik, aclıq da ola bilər. Lakin zaman keçdikcə bütün bu çətinliklər aradan qaldırılacaq, Ukraynada sülh və razılıq bərqərar olacaq. Rusiyanın münaqişəyə müdaxilə edəcəyi təqdirdə isə nəticələri proqnozlaşdırmaq olduqca çətindir. Hər halda, Rusiya əhalisi üçün bunda yaxşı heç nə gözləmək lazım deyil”./axar.az