İctimai nəqliyyatda gedişhaqqı bahalaşacaq? – Ekspert hazırlıq getdiyini deyir, BNA təkzib edir
İctimai nəqliyyatda yeni tarif mexanizimi tətbiq olunacaq. Bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilir. Sənədə əsasən bu sahədə “mütərəqqi beynəlxalq təcrübə” nəzərə alınacaq.
Hazırda ictimai nəqliyyatdan güzəştli və nağdsız istifadə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üçün hazırlıq işləri görülür.
Bəs, tətbiq olunacaq yeni mexanizm nələri əhatə edəcək? Bununla ictimai nəqliyyatda nələr dəyişəcək? Yeni tarif mexanizminin tətbiq edilməsində məqsəd nədir?
Nəqliyyat sahəsi üzrə ekspert İlqar Hüseynli bildirib ki, məqsəd ictimai nəqliyyatda gediş haqlarının artırılmasıdır: “Sərnişindaşınmada əsas xidmət göstərən özəl taksi şirkətlərdir. Onu çıxdıqdan sonra əsas yük avtobus və metro xidmətinin üzərinə düşür.
Aztəminatlı, imkansız ailələr daha çox marşrut avtobusları və metrodan istifadə edir. Burada söhbət metro və avtobuslarda gediş haqlarının qaldırılmasından gedir.
“Beynəlxalq təcrübəni tətbiq edirik” deməklə qərarlara nə qədər bəzək-düzək verə bilərlər?! Beynəlxalq təcrübəyə söykənərək deyəcəklər ki, məsələn, Belçikada metrodan birdəfəlik istifadə üçün 2 avro gediş haqqı ödənilir, biz də buna əsasən gediş haqqını 50 qəpik və ya 1 manat edəcəyik. Sonra da deyəcəklər ki, rentabellik məsələləri var, Metropoliten özünü doğrulda bilmir, infrastrukturunu saxlaya bilmir, gəlir yoxdur, ziyanla işləyir. Bütün bunlara istinad edərək gediş haqlarını qaldırmaqla bağlı qərar qəbul edəcəklər”.
Ekspertin sözlərinə görə, bu məsələdə ictimaiyyətin yaxşı gözləntiləri yoxdur: “Tariflərlə bağlı burada hansı beynəlxalq sistem tətbiq oluna bilər ki, vətəndaşın xeyrinə olsun? Aydındır ki, söhbət yalnız gediş haqlarının qaldırılmasından gedir. Bu da Azərbayacanda aztəminatlı ailələr üçün böyük zərbə olacaq. Hələlik pandemiyadır deyə biz bunu o qədər də hiss etməyəcəyik. Çünki məktəblər, universitetlər ənənəvi şəkildə fəaliyyat göstərmədiyi üçün şagird və tələbələr ictimai nəqliyyatdan çox istifadə etmirlər. Təsəvvür edin, bir ailədən iki-üç şagird ictimai nəqliyyatdan istifadə edir, qiymət artımından sonra bir ünvana gedib-qayıtmaq üçün nə qədər böyük vəsait tələb olunacaq”.
İ. Hüseynli Avropa ölkələri ilə müqayisədə Azərbaycanda ictimai nəqliyyatda gediş haqlarının kifayət qədər aşağı olduğu fikri ilə razıdır: “Amma bir şeyi başa düşmək istəmirlər ki, ölkəmizdə vətəndaşların aldığı pensiya, əməkhaqqı, gəlir səviyyəsi Avropa və dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə kifayət qədər azdır. Baxın, bu iki vəziyyət arasında seçim etdikdə bizdəki qiymətlər vətəndaşların büdcəsinə uyğun deyil”.
Qeyd edək ki, hazırda avtobus və metro daşınması xidmətlərinin qiymətini Tarif Şurası müəyyən edir.
Bakı Nəqliyyat Agentliyinin sözcüsü Mais Ağayev isə bildirib ki, avtobuslarda gediş haqqının artırılacağı ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil və əsassızdır.
Qurum rəsmisi bildirib ki, ölkədə dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin, xidmət haqlarının dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı – Azərbaycan Respublikasının Tarif Şurasıdır: “Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq Bakı Nəqliyyat Agentliyi tərəfindən qeyd edilən məsələ ilə bağlı Tarif Şurasına müraciət edilməyib və bu məsələ hazırda gündəmdə deyil. Bu gün gündəmdə duran əsas məsələ əhaliyə göstərilən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətini artırmaq, rahat və təhlükəsiz sərnişindaşımaların təşkilinə nail olmaqdır”.