“Qarabağda yeni müharibə başlaya bilər” – Amerikalı hərbi ekspert
“Ermənistanın Dağlıq Qarabağda vəziyyəti yenidən gərginləşdirəcəyi halda işlər hər zamankından daha pis olacaq. Və o zaman Rusiya sülhməramlı qüvvələri öz öhdəliklərini yerinə yetirmək məcburiyyətində qalacaqlar”.
Bunu açıqlamasında ABŞ-lı hərbi ekspert Ben Minik deyib.
Ekspert bildirib ki, III Qarabağ müharibəsi baş versə, daha amansız olacaq:
“Ermənistanın revanş istəyi bölgədəki geosiyasi vəziyyətə, sülhə təhdid olmaqla yanaşı, irimiqyaslı əməliyyatlara gətirib çıxaracaq. Belə olan halda insan itkisi, iqtisadi amillər və beynəlxalq təzyiqlər artacaq.
Ermənistan hazırda Livanla eyni yolu gedir və şübhəsiz ki, çox pis vəziyyətdə qalacaq. 44 günlük müharibədən sonra Ermənistanda artan qəzəb, nifrət pis hadisələrin baş verəcəyini qaçılmaz edəcək.
Azərbaycan son 30 ildə davamlı münaqişə vəziyyətində olmasına, ərazilərinin bir hissəsinin işğalda olmasına baxmayaraq çox tez ayağa qalxmağı bacardı. Dünya bunu nəzərə almalıdır.
Ermənilər qonşularının yox, özlərinə aid olan torpaqlarda öz suverenliklərini müəyyənləşdirməlidir. Müharibə yenidən baş versə, amansız olacaq. Ermənistan 44 günlük müharibədəkindən çox qurban verməmiş bunu indidən nəzərə almalıdır. Onsuz da kifayət qədər qan töküldü. Ermənistanın qalib gəlməsi üçün nə fiziki, nə də taktiki gücü var”./milli.az/