Ermənistan iqtisadiyyatının defolt riski var – Minasyan
Ermənistan iqtisadiyyatının defolt riski var. Faiz ödənişləri hər gün artır. Bu onu göstərir ki, Ermənistan nəinki yeni borc götürə, hətta beynəlxalq maliyyə institutları Ermənistan iqtisadiyyatını birbaşa nəzarətləri altına ala bilər.
Bunu Ermənistanın Vatikandakı səfiri, Serj Sərkisyanın kürəkəni Mikayıl Minasyan Teleqram kanalında yazıb.
“Bir ay əvvəl hökumət 750 milyon dollarlıq avrobond payladı və bununla da dövlət borcunu 10% artırdı. Bu məbləğ iqtisadiyyatın inkişafına xərclənməli idi ki, iqtisadi fəallıq olsun, ÜDM artsın, amma məlum olduğu kimi, maaş və mükafatlara xərclənəcək. Hakimiyyət dəyişikliyindən sonra dövlət borcu 2.3 milyard dollar artdı və ilin sonuna kimi ÜDM-in 70 faizinə bərabər olacaq. Dövlət borcu haqqında qanunvericiliyə görə, borc həddi 60 faizdir, hazırda isə Ermənistanda bu rəqəm 65-66 faiz civarındadır. Yəni milli borc artıq qanunla müəyyən edilmiş həddi keçib. İndi hər bir Ermənistan vətəndaşının 2960 dollar borcu var. Nikolun səhvləri Ermənistan vətəndaşları üçün baha başa gəlir. Həm də maliyyə baxımından”, – Minasyan bildirib.