“İrəvan dərk etmir ki, bu ssenari Rusiyanı…” – Alman ekspert
Ermənistanda siyasi situasiya Baş nazir Nikol Paşinyan getmədən sabitləşməyəcək.
Bu fikri “Caucasus Watch”a müsahibəsində Berlindəki Şərqi Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin eksperti Nadya Duqlas (Nadja Douglas) bildirib.
“Baş nazir Paşinyan artıq geniş ictimai dəstəyə malik deyil. O, 44 günlük müharibədə faciəvi məğlubiyyətlə özünü siyasi və mənəvi olaraq diskvalifikasiya etdi. Prezident, parlament müxalifəti, hər üç keçmiş dövlət başçısı, Erməni Kilsəsinin başçısı, bir çox yerli rəhbərlər və ictimai düşüncə liderləri də daxil olmaqla elita Paşinyana və onun hakimiyyətinin davam etməsinə qarşıdırlar. O, ya müxalifətin təklif etdiyi keçid hökuməti qurmaqla, ya da növbədənkənar seçkilər təşkil etməklə mütləq dəyişikliyə yol açmalıdır ”, – deyə Nadya Duqlas qeyd edib.
Bununla belə o, Ermənistanda “etimada layiq siyasi alternativ”in hələ peyda olmadığını və ölkədəki vəziyyətin kütləvi etirazların təşkili üçün əlverişsiz olduğunu bildirib. “Adamlar müharibədən, saysız-hesabsız etirazlardan və koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərdən beziblər”, – deyə ekspert vurğulayıb.
Nadya Duqlasın sözlərinə görə, bu gün Ermənistan üçün ən mühüm çağırış cəmiyyətdə sülhün bərpası və son dərəcə mürəkkəb problemlərin birgə həlli üçün müəyyən milli birlik yaratmaqdır.
“Təftişçi tendensiya indiki zamanda heç nəyə faydalı olmadığı üçün reaksiya qüvvələrinə vahid cavab təşkil etmək vacib vəzifədir. Ancaq ermənilər çox uzun müddət ərzində şok vəziyyətində olmağı özlərinə imkan verə bilməzlər”, – deyə Şərqi Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin eksperti qeyd edib.
Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən 9 noyabr 2020-ci ildə imzalanan bəyanat barədə danışan Nadya Duqlas deyib ki, Ermənistanın bütün siyasi qüvvələri, hətta “Vətənin xilası Komitəsi” situasiyanı qəbul etməyə alternativ olmadığını etiraf ediblər.
“Ancaq bir çoxları Paşinyanın qeyri-adekvat danışıq aparmaq qabiliyyətini tənqid edir və Rusiyanın köməkliyi ilə qalan mövzularda yeni müzakirələr aparılmasına çağırırlar. Lakin onlar belə bir ssenarinin Rusiyanın maraqlarına qətiyyən cavab verməyəcəyini dərk etmirlər. Belə bir təəssürat yaranır ki, Rusiya yeni status-kvodan kifayət qədər məmnundur”, – deyə ekspert qeyd edib.