“Aqrarkredit” QSC-nin törətdiklərinə ancaq bir ad qoymaq olar – iqtisadi təxribat
Yeni ilin ilk iş günü mətbuatda “Aqrarkredit” BOKT-un 4 il bundan əvvəl yaratdığı 9 şirkət ləğv olunur” rəsmi məlumatı yayımlandı. Məlumata görə, bu şirkətlər “Bakı Ayaqqabı”, “Azərtütün”, “Mingəçevir İzolit”, “Şəki Heyvandarlıq”, “Şəki Kərpic İstehsalı”, “Şəki İpək İstehsalı”, “Şəki Ət və Süd Məhsulları”, “Azərşüşətara” MMC-lər və “Azərpambıq” ASC-dir. Kreditorlar tələblərini 2 ay ərzində “Aqrarkredit”in yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 125 ünvanına bildirə bilərlər.
Görəsən nə baş verdi ki, “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT) tezbazar bu müəssisələri 2021-ci ilin ilk iş günündə ləğv olunması barədə qərar qəbul etdi?
Bu istiqamətdə apardığımız son 5 ilin araşdırmalarından çox maraqlı nəticələr əldə etmişik. Gəldiyimiz nəticələri- daha doğrusu “Aqrarkredit”QSC və Azərbaycan Sənaye Korporasiyası” ASC-də son illərdə baş verən və verməkdə davam edən irimiqyaslı korrupsiya faktlarını xronoloji ardıcıllıqla təqdim etmək istəyirik:
Əvvəlcə yada salaq ki, “Azərbaycan Sənaye Korporasiyası” (ASK) ASC 2017-ci ilin noyabrında, Azərbaycan Beynəlxalq Bankının (ABB) problemli aktivlərini idarə etməkdən ötrü yaradılıb (https://president.az/articles/25744). Sağa-sola payladığı kreditlərin geri qayıtmaması 2015-ci ildə ABB ASC-nin çöküşü ilə nəticələnmişdi. “Problemli aktivlər” kimi tanınan borclar 2015-ci ilin iyulundan 2017-ci ilədək “Aqrarkredit”ə (Bank Olmayan Kredit Təşkilatı) ötürülmüşdü. “Aqrarkredit” QSC isə bu borclar üzrə tələb hüququna görə Mərkəzi Bankdan milyardlarla manat vəsait alıb, ABB-yə ödəyirdi. Nəhayət, 2017-ci ilin sonunda aktivləri idarə etmək məqsədilə prezident sərəncamı ilə “ASK” ASC yaradıldı.
Bəs bu illərdən dövlətə qalan nə oldu? ABB-dən miras qalmış aktivlərin idarə olunmasından nə qədər vəsait əldə edildi? Aktivlərin siyahısı hanı? Bu haqda cəmiyyətə məlumat verən yoxdur, nə “Aqrarkredit”, nə də ASK danışır. Ortada yalnız “epizodik” informasiyalar dolaşır. ABB-yə rəhbərlik edən şəxslərin və kredit alan şirkətlərə başçılıq edənlərin məhkəmə proseslərinin gedişi zamanı bu şirkətlər və onlara məxsus əmlak barədə əldə etdiyimiz epizodik informasiyalardan başqa məlumat əldə etmək çox çətindir. “Təzadlar” qəzetinin 40 gün əvvəl, 26 noyabrda dərc etdiyi “Beynəlxalq Bankdakı yüz milyonluq saxta kredit tranşını kimlər açıb və hələ də idarə edir?” başlıqlı yazısı vaxitə Azərbaycan Beynəlxalq Bankından formal olaraq kredit götürmüş və hal hazırda “Aqrarkredit” BOKT tərəfindən Bakı Apellyasiya Məhkəməsində “1.5 milyon manat kredit borcunun geri qaytarılması” tələbi ilə sıxma-boğmaya alınan Sarkayev Abdulla Əli oğlu tərəfindən faktlara əsasən verdiyi açıqlamlara diqqət çəkir. Kreditor kimi məhkəmələrə cəlb edilən Abdulla Sarkayevin dövlət başçısına müraciətdə “Aqrarakredit” QSC və onu himayə edən yüksək səviyyəli dövlət məmurlarının dövlət mənafeyinin əleyhinə, öz şəxsi mənafelərinin təmin olunması üçün hansı sifarişlərinin icra olunmasından qısa da olsa bəhs edilir. Dövlət başçısına ünvanan 22 noyabr 2020-ci il tarixli bu müraciətdən dərhal sonra Azərbaycan Respublikası Prezident İlham Əliyevin 04 dekabr 2020-ci il tarixli “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır.
Fərmanın 2-ci hissəsind qeyd edilir: “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra – “Aqrarkredit” QSC) “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən aldığı, problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətində (balansında) olan əmlak, o cümlədən bu Fərmanın əlavəsində göstərilən hüquqi şəxslərə məxsus olmuş dövlət əmlakı “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – “ASK” ASC) mülkiyyətinə (balansına) verilməsi, bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan dövlət əmlakının “ASK” ASC-nin mülkiyyətinə (balansına) verilməsi ilə bağlı inventarizasiya və təhvil-təslim işlərini altı ay müddətində başa çatdırılması,nəzərdə tutulan dövlət əmlakının bazar qiymətinin müəyyənləşdirilməsi üçün həmin əmlakın qiymətləndirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülməsi qeyd edilmişdir.
3-cü hissəyə əsasən 3.2. bu Fərmanın 2-ci hissəsi ilə “ASK” ASC-nin mülkiyyətinə (balansına) verilən əmlak da daxil olmaqla, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin kreditorlarının həmin Banka qarşı tələblərinin dövlət öhdəlikləri ilə əvəz edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə ötürülməsini nəzərdə tutduğu 3854,3 milyon (üç milyard səkkiz yüz əlli dörd milyon üç yüz min) manat (Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin balansına verilmiş problemli aktivlər də nəzərə alınmaqla) həddinədək problemli aktivlər.
Bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan dövlət əmlakının “ASK” ASC-nin mülkiyyətinə (balansına) verilməsini təmin etmək məqsədilə “ASK” ASC-nin və “Aqrarkredit” QSC-nin nümayəndələrindən ibarət Təhvil-Təslim Komissiyası (bundan sonra – Komissiya) yaradılsın, 11-ci hissədə isə qeyd edilir ki, bu Fərmanın 2-ci hissəsinə və 7.5-ci bəndinə uyğun olaraq “ASK” ASC-nin mülkiyyətinə (balansına) verilən əmlakın bazar dəyəri ilə həmin əmlakın “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alındığı balans dəyəri arasında fərq yaranacağı təqdirdə, həmin fərqi “Aqrarkredit” QSC-nin mənfəət və ya zərərinə və ya digər məcmu gəlirinə aid edilsin.”
Bəs görəsən son Fərmanın verilməsinə qədər istər, “ ASK” ASC-də, istərsə də“Azərkredit” QSC-ə nələr baş vermişdir?
Suala qismən cavab verilməsi üçün kreditor kimi məhkəmələrə cəlb edilən Abdulla Sarkayevin dövlət başçısına müraciətdə “Aqrarakredit” QSC və onu himayə edən yüksək səviyyəli dövlət məmurlarının dövlət mənafeyinin əleyhinə, öz şəxsi mənafelərinin təmin olunması üçün hansı sifarişlərinin icra olunmasından qısa da olsa bəhs edilir. Müraciətdəki bir epizodu xatırlamaq yerinə düşərki, ABB-dən götürülən irihəcmli kreditlər hesabına xarici ölkələrdə alınan aktivlər niyə “havada” qalıb?
Sitat: “Diqqətinizə bu məsələ ilə bağlı xüsusi olaraq bir reallığı çatdırmaq istərdim: İstər istintaq, istərsə də məhkəmə prosesləri zamanı CM-nin əsas 179.3.1, 179.3.2 maddələri üzrə təqsirli bilinən Dünyamin Xəlilovdan tələb olunan maliyyə vəsaitləri ( yəni biz 60 nəfər kreditorun adına Beynəlxalq Bankdan alınmış və biznes layihələrə məsrəf olunmuş) barədə vermiş izahatlara və təqdim edilmiş rəsmi sənədlərə, istintaqla edilmiş əməkdaşlığa baxmayaraq qeyd edilən məbləğlər istintaq zamanı qəsdən guya C.Hacıyev və D.Xəlilov tərəfindən mənimsənilmiş olaraq göstərilmişdir. Əlahəzrət faktlar isə bu gün də yerindədir:
- Veksel və Cargill əməliyyatları hesabına xarici mənbələrdən əldə edilmiş pul vəsaitləri açılmış akkreditivlər hesabına Dubaya-Fujeyraya “United Textiles” və “United Steel” layihələrinə, Albaniyada “Anika Enterprises”, Türkiyədə “Bələk Golf” və Moskvada yerləşən “İnstroyteks! layihələrinə xərclənmişdir. Adları çəkilən layihələr pulları vaxtında qaytarmadıqları üçün Azərbaycanın rezidenti olan hüquqi şəxslərin adından açılmış akkreditivlərdən xarici şirkətlərin və bankların xeyrinə ödənişlər edilmiş və ABB ASC-ə borcu yaranmışdır.
- Azərbaycanda və xaricdə həyata keçirilən layihələr ilə əlaqədar əldə olunan bütün məlumatların, sənədlərin, faktların təqdim edilməsinə baxmayaraq ibtidai və məhkəmə istintaqı axıra qədər aparılmayıb.
- 2010-cu ildə Vergilər Nazirliyinin vergi cinayətlərinin ibtidai araşdırma idarəsi tərəfindən aparılan istintaq zamanı xüsusi qrup yaradılmış və qrupun üzvləri bütün yerli və xarici layihələrə baxış keçirmiş, araşdırılmalar aparıldıqdan sonra mənimsəmə hallarına dair faktların olmadığı nəticəsinə gəlmişdir. O zaman 2005-2010-cu ilə qədər icra olunan layihələr niyə dayandırılmadı?
- Dünyamin Xəlilovun təqdim etdiyi sübutlara əsaslanaraq bir daha bildirmək istəyirəm ki, əgər istintaq orqanları və məhkəmə işə sifariş olmadan-ədalətli olaraq dövlət maraqlarından yanaşsaydı ABB ASC-ə yaranmış borclarını tam ödəmək üçün qeyd edilən təkcə bu 4 ölkədə həyata keçirilmiş iri layihələr üçün əldə edilmiş obyektləri bu günkü bazar qiymətindən aşağı satmaq kifayət edər ki, dövlətə dəymiş milyardla ölçülən ziyan tam ödənilsin. Əgər buna imkan verilərsə bu gün də gec deyil.
Veksel və Cargill əməliyyatları hesabına xarici mənbələrdən əldə edilmiş pul vəsaitləri açılmış akkreditivlər hesabına Dubaya-Fujeyraya United Textiles və United Steel layihələrinə, Albaniyada Anika Enterprises, Türkiyədə Bələk Golf və Moskvada yerləşən İnstroyteks layihələrinə xərclənmişdir. Adları çəkilən layihələr pulları vaxtında qaytarmadıqları üçün Azərbaycanın rezidenti olan hüquqi şəxslərin adından açılmış akkreditivlərdən xarici şirkətlərin və bankların xeyrinə ödənişlər edilmiş və ABB ASC-ə borcu yaranmışdır. Rusiyada, Türkiyədə, Albaniyada və BƏƏ-də hər birinin bu günki bazar dəyəri 100-500 milyon dollar olan daşınmaz əmlakların satılaraq ABB-nin kredit borcunu ödəməməyə nə maneçilik törədir?
Ortaya çıxan təbii suallar: ABB-dən müxtəlif MMC-lər adına götürülmüş kreditlər hesabına Azərbaycanda və xaricdə həyata keçirilən layihələrlə əlaqədar əldə edilmiş mülklərlə bağlı olan bütün məlumatların, sənədlərin, faktların təqdim edilməsinə baxmayaraq ibtidai və məhkəmə istintaqı zamanı ABB-yə dəymiş ziyanın ödənilməsinin qarşısı süni olaraq niyə alınmışdır?
Belə nəticəyə gəlirik ki, əgər istintaq orqanları və məhkəmə işə sifariş olmadan dövlət maraqlarından yanaşsaydı ABB ASC-ə yaranmış borclarını ( təxminən 3.5 milyard manat)tam ödəmək üçün qeyd edilən 4 ölkədə həyata keçirilmiş layihələr üçün əldə edilmiş obyektləri bu günkü bazar qiymətindən aşağı satmaq kifayət edər ki, dövlətə dəymiş ziyan tam ödənilsin. O zaman buna niyə imkan verilmədi? Dövlətə qarşı belə bir iqtisadi təxribatı törətmək hansı dövlət məmurunun şəxsi maraqlardan irəli gəlmişdir?
Bəli, müraciətin ciddiliyi nəzərə alınaraq yuxarı dairələrdə müzakirəyə çıxaılmış və “Aqrqrkredit”QSC ilə Azərbaycan Sənaye Korporasiyası arasında bu günə qədər təhvil verilən cəmi 51 obyektin taleyi və iş prinsipləri yenidən gündəmə gəlmişdir. Dövlət başçısının imzaladığı 12 hissədən ibarət olan 4 dekabr Fərmanında bu məslələrə hərtərəfli aydınlıq gətirilməsi, dövlət komissiyasının yaradılması və ABB-dən “Aqrqrkredit”QSC-yə ötürülən bütün dövlət əmlaklarının bazar qiyməti hsablanaraq hamısının ASK-a təhvil verilməsi və bu istiqamətdə aparılacaq maliyyə məsələləri Maliyyə Nazirliyinə və Nazirlər Kabinetinə həvalə edilmişdir.
Məsələnin ciddiliyindən təşvişə düşən “Aqrqrkredit” QSC rəhbərliyi gözlənilməz Fərmandan şok yaşamış və hazırda vəziyyətdən çıxış yolları aramaqdadır. Budur, vəziyyətdən çıxış yolu kimi “Aqrarkredit” QSC ilkin olaraq 4 il əvvəl yaratdığı və “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə (ABB) borc müqabilində girov qoyulmuş əmlakları idarə etmək üçün 2017-ci ildə yeni adla qeydiyyata aldığı 9 şirkətin ləğv olunduğunu elan edir.
Əslində adları sadalanan 9 müəssisə “Aqrarkredit” QSC tərəfindən ASK-nın balansına ötürülmüş ən “dişə dəyən-yağlı” gəlirli firmalardan hesab olunurdu. Yalnız “Şəki İpək İstehsalı” bu gün ASK-nın balansında “Azəripək” ASC kimi fəaliyyət göstərən cəmiyyətdən başqa qalan 8 müəssisə Azərbaycanda ən gəlirli biznes obyekti kimi fəaliyyət göstərmişdir.
Hələlik xatırladaq ki, “Aqrarkredit” QSC-nin ABB-dən aldığı və borcların əvəzində əldə etdiyi əmlak 2017-ci ilin dekabrında, prezident fərmanı ilə (https://president.az/articles/26158) ASK-nın mülkiyyətinə ötürülüb. “Aqrarkredit”ə verilən tapşırığa görə, Fərman imzalandıqdan sonra ABB-dən alınacaq problemli aktivlərin (borcların) əvəzində əldə olunacaq, Azərbaycan ərazisində yerləşən və “Aqrarkredit”in balansına veriləcək əmlaklar (hüquqi şəxsləri) da ASK ASC-nin mülkiyyətinə keçməli idi. Fərmanın əlavəsində hüquqi şəxslərin ASK-nın mülkiyyətinə verilən əmlaklarından da bəhs edilirdi. Lakin söhbətin hansı əmlaklardan getdiyi açıqlanmadı. ASK-nın nəzarətinə keçən şirkətlərin adı nə fərmanda, nə də ki başqa rəsmi dövlət informasiya resursunda göstərildi.
ASK özünün korporativ internet səhifəsində mülkiyyətindəki 51 şirkətdən cəmi 13-ü barədə məlumat verir (http://ask.gov.az/internal). Yerdə qalan şirkətlərin fəaliyyəti, yaxud idarəçiliyi haqda məlumat yoxdur.
Vaxtilə 51 şirkətin yaradılması və yenidən təşkil edilməsi üçün ABB-dən götürülmüş 3,8 milyard manat kreditin əvəzinə “Aqrarkredit”QSC tərəfindən ASK” ASC-yə təhvil verilən problemli aktivlərin bu günki bazar dəyəri 673 milyon manat olduğunu məşhur audit təşkilatı hesab olunan “Ernest and Yang” şirkəti tərəfindən audit nəticəsində təsdiq edilmişdir. Yəni, göründüyü kimi, kreditlər hesabına yaradılan müəssisələrin real dəyəri gizli sövdələşmələr nəticəsində dəyərindən 6 dəfə az hesablanaraq təhvil götürülmüşdür.
Siyahıdan göründüyü kimi, burda əvvəllər “dişə dəyən yağlı” hesab edilən və 3 gün əvvəl ləğv edilən müəssisələr- Gəncədəki alüminium zavodu, Şəki ipək kombinatı, “CTS-Aqro” pambıqçılıq kompleksi ( hansı ki, 2017-ci ildə qanunsuz olaraq əlavə 200000 manat yenidən krdit verilmişdir), “İnter Tobakko” tütünçülük şirkəti,( hansı ki, 100 milyon manat kredit əsasında təşkil edilsə də, sonradan Nizamnamə kapitalı dəyərindən 3 dəfə az göstərilməklə 37 milyon manat qeyd edilmişdir) “İnter Glass” şüşə zavodu, Mingəçivirdəki “İzolit” zavodu və Sumqayıtdakı “İntertextile” fabrikidir. Mənzil-tikinti kooperativləri (“Abidə” https://goo.gl/6Rmg3N, “Ümid”, “Ocaq”, “Oğuz” və s.) və inşaat şirkətləri (“General Construction”, “Aygün İnşaat” https://goo.gl/XD4JF6, “Qrin Hill” https://goo.gl/896gfe, “Mekon” https://goo.gl/nNDiH3, “Alfa Layn” https://goo.gl/d5qQUy, “Alfa Construction” MMC-lər) ABB-nin keçmiş rəhbərliyi tərəfindən yaradılıb.
Ləğv edilmiş müəssisələrin yaxın tarixçəsi barədə: Xatırladaq ki, 2018-ci ilin yanvar ayında vaxtilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB ASC) kreditləri hesabına maliyyələşən bir xeyli şirkət satışa çıxarıldı. “Azərbaycan Sənaye Korporasiyası” ASC (“ASK” ASC) 18 kommersiya hüquqi şəxsin əmlakının bazar dəyərinə uyğun qiymətləndirilməsi məqsədi ilə əvvəlcə açıq tender elan etdi. Bunlar – “Şəki-İpək”, “Kainat”, “İnter Textile”, “Mingəçevir İzolit”, “Azəralüminium” Açıq Səhmdar Cəmiyyətləri, “Aqroinvestkom”, “İnter Tobakko”, “Şəki Aqro İndastriz”, “Şəki Kərpic”, “Pərvanə”, “Bakı Glass”, “General Konstrakşn”, “Steel Structures”, “İnter Peşəkar İdman Klubu”, “CTS Agro” məhdud məsuliyyətli cəmiyyətləri, “BOT” Ayaqqabı Fabriki, “Det-Al Alüminium” və ”Det-Al Metal D“ şirkətlərinin Azərbaycandakı nümayəndəliyi idi.
Sonradan “Vaxt darlığı”nı bəhanə edərək elan olunan tenderdən imtina etdilər
Ancaq az keçmədi ki, nəzərdə tutulan qiymətləndirmə üzrə tenderin ləğv olunduğu bildirildi. ASC-nin əməkdaşı Fərhad Ələkbərov deyib ki, “sonradan tenderin çox vaxt aparacağı( ???) nəzərə alınıb və qiymətləndirmə üçün başqa “qanuni yollar”dan istifadəyə qərar verilib”. Qiymətləndirmənin təxirə salınmasında “tenderin çox vaxt aparacağı” ilə bağlı izahat səmimi deyil. Bu qədər vacib idisə, həmin müəssislər ABB-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin həbsindən sonra da satışa çıxarıla bilərdi və daxil olan vəsait borc əvəzinə banka mədaxil edilə və götürülmüş kreditlərin çoxu bağlana bilərdi. Baxmayaraq ki, bunun özü də qanunsuzdur, məhkəmə qərarı olmadan əmlakın götürülməsi müsadirə deyil, əmlaka “əl qoymaq”dır. “Qiymətləndirmə üçün başqa qanuni yollardan istifadəyə dair qərar”a gəlincə, bunun nədən ibarət olduğu açıqlanmayıb və “başqa qanuni yol” dedikdə də nəyi nəzərdə tutduqları barədə ipucu verməyiblər.
Bəlli ki, bu şirkətlər artıq tendersiz də balansdan çıxarılıb. Əvvəlcə ayrı-ayrı fiziki şəxslərin adında olan müəssisələrin, C.Hacıyevin həbsindən sonra dövlətin balansına keçirildiyi bildirilmişdi. Həmin şirkətlər 5 ildə necə işləyib, kimə işləyib – bilən yoxdur. Onların dövlətin büdcəsinə pul qoyduqlarını düşünmək sadəlövhlük olar. 2018-I ildə də guya ki, qanuni yolla dövlətsizləşdirdlər. Amma proseslər qeyri-şəffaf aparıldı, alanların kimliyi, satış qiyməti açıqlanmadı. Əslində, açıqlanması mümkün də deyil, çünki nizamnamə kapitalı milyonlar təşkil edən bu müəssisələri bizdə leqal şəkildə alacaq, bəzi iri şirkətlər istisna olmaqla, rəsmi milyonçu yoxdur. Ona görə də kənardan birini gətirib alıcı sifətində şirkətlərin başında oturtmaq daha məqsədəuyğundu.
2017-ci ilin oktyabrında “Vergilər” qəzetinin xüsusi buraxılışında gedən elana görə, bir ünvanda 7 şirkət qeydiyyata alınıb. “Şəki Ət və Süd Məhsulları” MMC (nizamnamə kapitalı 9,028 mln. manat, qanuni təmsilçisi Asif Məhəmmədov, Müşahidə Şurasının (MŞ) üzvləri Orxan Mədətli, Sənan Piriyev, Vüqar Yaqubov), “Şəki Kərpic İstehsalı” MMC (nizamnamə kapitalı 21 mln. 577,5 min manat, qanuni təmsilçisi Tahir Alıyev, MŞ üzvləri Vüqar İbrahimli, Fəxrəddin Gəncəmalıyev, Ağamir Babayev), “Şəki Heyvandarlıq” MMC (nizamnamə kapitalı 18 mln. 415,5 min manat, qanuni təmsilçisi Elşən Ağalarov, MŞ üzvləri Rauf Qarayev, Vüqar Yaqubov, Samir Osmanov), “Mingəçevir İzolit” MMC (nizamnamə kapitalı 14,855 mln. manat, qanuni təmsilçisi İsmayıl Məmmədov, MŞ üzvləri Hidayət Sultanov, Rəşid Məmmədov, Ağababa Muradov), “Azərtütün” MMC (nizamnamə kapitalı 30 mln. 111,978 min manat, qanuni təmsilçisi Fazil Rüstəmov, MŞ üzvləri Nəcbəddin Sofiyev, Hidayət Sultanov, Məhəmmədəli Əfəndiyev), “Şəki İpək İstehsalı” MMC (nizamnamə kapitalı 37,550 mln. manat, qanuni təmsilçisi Nizami Qəribov, MŞ üzvləri Fərid Vəlizadə, Elçin Nadirov, Malik Nəsirov), “Azərpambıq” MMC (nizamnamə kapitalı 82 mln. 343,854 min manat, qanuni təmsilçisi Tural Eyvazov, MŞ üzvləri Vüqar Yaqubov, Məhəmmədəli Əfəndiyev, Zakir Əzimov) eyni gündə – iyulun 17-də dövlət qeydiyyatından keçib. Hüquqi ünvanları da birdir: Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 35, məhəllə 1033.Yəni, əvvəlki “Qlobus Plaza” və yaxud indiki “ASK Plaza”nın yerləşdiyi 2 korpuslu inzibati bina.
Göstərilən ünvan əvvəl“Qlobus Plaza” biznes-mərkəzinin idi və burada qeydiyyata düşən müəssisələrin nizamnamə kapitalı üst-üstə 200 milyon manatdır.
Bu biznes mərkəzin satışa çıxarıldığı və türkiyəli iş adamına satıldığı barədə məlumatlar dərc edilib. Arayış üçün qeyd edək ki, 2015-2016-ci illər ərzində yaradılmış daxili komissiya tərəfindən “Qlobus Plaza” nın ilkin qiymətləndirilməsi zamanı 65 milyon manat məsrəf olunduğu bildirilsə də “Aqrarkredit” QSC rəhbərliyi bu məbləğlə razılaşmamış və yenidən qiymətləndirlmənin aparılmasına göstəriş verilmişdir.Və təbii ki, guya bu biznes mərkəzin tikintisində istifadə olunmuş tikinti materiallarının qiymətinin aşağı olması nəzrə alınmaqla obyektin ümumi dəyəri qiyməti xeyli aşağı salınmış və ASK-nın təkidilə 35 milyon manat qiymətləndirilmişdir. Doğrudur, “Aqrarkredit” QSC rəhbərliyinin obyektin ASK” ilə ortaq qiymətləndilməsi zamanı son söz sahibi ASK” ASC olmuşdur. Məlumata görə ASK” ASC president tərəfindən yaradıldığın görə rəhbərlik özünü daha üstün statusa malik kimi göstərirlər. Ona görə də əllərində olan 51 problemli aktivlər üzərində daha çox öz maraqlarını təmin etmək üstündə bir birilərilə gizli və açıq mübarizə aparırlar. Digər məlumata əsasən ASK Plazanın hər iki korpusunun real bazar dəyərindən 4 dəfə ucuz olmaqla 18 milyon manata Türk iş adamına satıldığı bildilir. Bu yerdə müqayisə üçün qeyd edək ki, elə ASK Plazanın hər iki korpusunun yerləşdiyi torpaq sahəsinin 2 ha-a yaxın ərazidə yerləşdiyini nəzərə alsaq və paytaxtın mərkəzində hər sot torpaq sahəsinin bazar dəyərinin ən azı 100000 manat olduğunu nəzərə alsaq yəqin ki, obyekt onun altındakı torpağın bazar qiymətinə satıldığı ortalığa çıxır. Müqayisə üçün qeyd edək ki, son illərdə 1 ha ərazisi olmayan Axundov adına Mərkəzi kitabxananın cari təmiri üçün dövlət büdcəsindən 11 milyon manat pul ayrılmışdır. Və yaxud 1 orta məktəbin tikilib istifadə olunması üçün smeta dəyəri 10 milyon manat hesablanır. O zaman 2 mərtəbə şaxtadan, 6 əsas mərtəbəli iki korpusdan ibarət nəhəng biznes mərkəzinin “Su qiymətinə” dəyərləndilməsi və dolayısı ilə öz adamlarına satılması kimi maliyyə maxinasiyaları nəticəsində milyonlar əldə edilmişdir.
Bu misalın timsalında qeyd etmək olar ki, “ASK” ASC və “Aqrarkredit” QSC ABB-dən ona ötürülümüş yerdə qalan 51 müəssiənin də qiymətləndilməsində rəqəmlərin “şişirdilməsindən” deyil, “kiçildilməsi” əməliyyatlarını yerinə yetirmişdir. Nəticədə bütün obyektlərin nizamnamə kapitallarının miqdarını qəsdən az göstərmişlər. Məsələn, Zaqtala rayonunda fəaliyyət göstərən “İntertobako” MMC-nin yaradılması və zavodun işə başlaması üçün ABB-dən 100 milyona yaxın kredit götürülərək istifadə edilsə də, bu gün bu müəsssənin yenidən “Azərtütün” MMC- kimi fəaliyyət göstərməsi zamanı, onun Nizamnamə kapitalının cəmi 30 milyon manat göstərilməsi, əslində həmin müəssisəsnin real bazaar dəyərinin 3 dəfə azaldılması anlamına gəlir. Eləcə də 37 milyon manat Nizamnamə kapitalına malik “Azəripək” MMC, 87 milyon manat dəyərləndilən “Azərpambıq” MMC. Qısası bu müəssisələrin ləğv olunmasının əsas səbəbi kimi vaxtilə həmin müəssislərin qurulması və ya yenidən təşkil edilməsi üçün ABB-dən götürülümüş milyonlarla manat kredit borclarının müəssisələri fəaliyyəti zamanı ödəyə bilməməsi göstərilir. Digər missal, Sərxan Rəsulovun direktoru olduğu və Zaqatala şəhərində yerləşən “Olimpik” MMC balıqçılıq təsərrüfatı bir hüquqi şəxs olaraq dəyərindən dəflərlə aşağı qiymətə fiziki şəxsə satılmışdır. Lakin bu MM C-nin təşkili üçün ABB-dən götürlümüş kreditin əvəzinə notarial qaydada təşkil olunan alqı-satqı zamanı əldə edilən vəsaitdən 1 manat da olsa kreditin ödənilməsinə yönəldilməmişdir. Yəni açıq-aşkar maliyyə maxinasiyası vasitəsilə sənəddə az miqdarda göstərilən və əldə edilən pullar mənimsənilmişdir. Hazırda həmin müəssisə son iki ildir ki, gəlirlə işləməyə başlamışdır. Eləcə də digər kreditorların adına sənədləşdirilmiş müəssisələr hüquqi şəxs olaraq fiziki şəxslərə “Aqrarkrdit” QSC tərəfindən sənədləşmə zamanı dəyəri aşağı göstərilməklə alqı-satqısı həyata keçirilir, lakin bu müəssisəyə görə vaxtıilə götürülümüş kreditlərin heç olmasa bir hissəsinin ödənilməsinə yönəldilmir. Digər tərəfdən istər Zaqatala , istərsə də Şəki şəhərində MTK-lar tərəindən ABB-dən götürülümüş kreditlər hesabına inşa edilmiş 9 və 7 mərtəbəli yaşayış binalarının real dəyəri və tikinti zamanı görülən işlər ASK tərəfindən qat qat az dəyərləndirilməklə sənədləşdirilir. Sonradan isə bütün belə əmlaklar “Aqrarkredit” QCS və ASK ASC rəhbərlərinə yaxın olan şəxslər tərəfindən fiziki şəxs olaraq çox ucuz qiymətə əldə edilir. Bir sözlə, vaxtilə dövlətin büdcəsi hesabına yaradılmış aktivlər maraqlı şəxslər tərəfindən ələ keçirilir. Nəticədə ABB-yə ödənilməli olan kredit borcları demək olar ki, dəyişməz qalır. Yəni. Yerində sayır.
Bir daha xatırladak ki, “QLOBUS Plaza” biznes-mərkəzi satıldığına görə, o ünvanda yaradılan müəssisələrin sahibi də həmin mərkəzi alan biri olmalıdır. Yəni, adıçəkilən müəssisələr dövlətin balansından çoxdan çıxarılıb. C.Hacıyevin qurduğu müəssisələrin adları dəyişdirilərək qeydiyyatdan keçirilib və ya həmin şirkətlərin əmlakları bir şəkildə onların balansına ötürülüb.Tender barədə söylənənlər isə proseslərin qanun çərçivəsində getdiyinə xalqı inandırmaq məqsədi güdmüşdür.
Beləcə vaxtilə “BOT” kimi fəaliyyət göstərən müəssisə də 2017-ci ildə əmlakı yeni qeydə alınan və 3 gün əvvəl ləğv edilən “Bakı Ayaqqabı”ya ötürüldü və bu günlərdə ləğv edildi.
Eyni gündə adı “Bakı Ayaqqabı” olan MMC də Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 53, nizamnamə kapitalı 11,5 mln. manat, qanuni təmsilçisi isə Həsənəli Şahverdiyev göstərilir.
Bu müəssisələrin fəaliyyətinə “Aqrarkredit” QSC-də təmsil olunan Bəhruz Camalov, Malik Nəsirov və Cahangir Kərimovun daxil olduğu Müşahidə Şurası nəzarət edir. İddiaya görə, şirkətin yaradılmasında məqsəd ABB-yə borc müqabilində girov qoyulmuş və ayaqqabı istehsalı ilə məşğul olan “BOT” əmlak kompleksini idarə etməkdir və bildirilir ki, müəssisə bu ilin yanvarın 5-dək Bankın problemli aktivlərinin idarə edilməsi ilə məşğul olan “Aqrarkredit” QSC-nin balansında idi.
Qeyd edək ki, “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının MŞ sədri Ziyəddin Allahverdiyevdir. Cənab Allahverdiyev Maliyyə Nazirliyi Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin müdiridir, o, eyni zamanda ABB-nin Audit Komitəsinin sədridir. Yuxarıda adı çəkilən C.Kərimov “Aqrarkredit” QSC-nin İdarə Heyəti sədrinin müavinidir. M.Nəsirov da eyni vaxtda həm “Şəki İpək İstehsalı”, həm də “Bakı Ayaqqqabı”və General Konstraşn” MMC-nin rəhbəridir. MŞ üzvü Vüqar Yaqubov, Hidayət Sultanov da iki-üç təşkilatın Müşahidə Şurasındadırlar. Eyni komandanın adamlarının bu şirkətlərin əksəriyyətinin rəhbərliyində müxtəlif statuslarda təmsil olunmaları müəssisələrin, satıldıqları təqdirdə belə, hələ də bir mənbədən idarə olunduğunu söyləməyə əsas verir.
Adları çəkilən və bu gün ləğv edilmiş şirkətlərin nizamnamə kapitalı ümumilikdə 210,5 milyon manat təşkil edir. Hər bir müəssisənin ayrılıqda nizamnamə kapitalı milyonlarla ölçülür. Qanunvericiliyin tələblərinə görə, dövlət orqanları tərəfindən alınan mal və ya xidmətlərin dəyəri 50 min manatdan yuxarıdırsa, tender predmeti olmalıdır. Maliyyə Nazirliyinin Kollegiyasının 20 may 2013-cü il tarixli qərarına əsasən, dövlət satınalmalarının açıq tender üsulu ilə aparılması üçün malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin minimum məbləği 50 min, kotirovkalar sorğusu üsulu ilə aparılması üçün isə 5 min manat müəyyən edilib. Satın alınan xidmətlərin ümumi qiyməti 10 min manatdan çox olduğunda bu barədə bildiriş, beynəlxalq miqyaslı mətbu orqanda dərc edilir. Lakin təəssüflər olsun ki, bu müəssisələr tenderdən kənar əməliyyatlara məruz qalmışdır.
“Dövlət əmlakının hərraclar vasitəsilə satışı Qaydaları”nın 4-cü, “hərracın keçirilməsi qaydası” maddəsinin 4.6. bəndinə əsasən, dövlət əmlakının satışı üzrə keçirilən ilk iki hərracda əmlak satılmadıqda, üçüncüdə qiyməti start qiymətinin 10, dördüncüdə 25, beşinci hərracda 50 faizi həcmində aşağı salınır. Satılmayan dövlət müəssisələri ləğv edilir və onun əmlakı ayrı-ayrılıqda həmin qaydada hərrac vasitəsilə satılır. Beləcə, obyektlərin qiymətləri “öldürülür”, sonra dövlətin nəzarətindən çıxarılır. Nə hikmətdirsə, çox vaxt əmlaklar sonuncu mərhələdə yeni sahibinə “qovuşur”. Məqsəd – təbii ki, əmlakın dəyərini aşağı salmaqla əldə etməkdir. Bununla yanaşı, uzun müddət istifadəsiz əmlaklar da fiziki cəhətdən köhnəlir, müəssislər iş qabiliyyətini itirir, borcları yaranır. Beləliklə də qiyməti aşağı salmaq üçün şüurlu və planlı şəkildə zəmin hazırlanır. Həmin müəssislərin çoxunun əmlakı kredit əvəzinə banka girov şəklində qoyulmuşdu. Amma onların cənab Hacıyevin həbsindən dərhal sonra satılmaması müəmma təşkil edir. Bu gün ləğv edilən və edilməyən, ASK-a təhvil verilən müəssisələri işlətmək və fayda götürmək əvəzinə əksinə hərəkət edərək aktivin fəaliyyətsiz qalması ilə onun köhnəlməsinə və yarasız hala düşməsinə gətirib çıxardılar. Məsələn, “Şəki ət süd kombinatı” kimi tanınmış və Nizamnamə kapitalı 9 milyon manat olmuş müəssisəyə ABB-dən götürülmüş kreditlər hesabına alınmış müasir avadanlıqlar quraşdırıldıqdan sonra fəaliyyətsiz qalmışdır. Son 5 il ərzində isə computer sistemilə təchiz edilmiş texnoloji avadanlıqların hamısı rütubətli yerdə olduğuna görə paslanmaya məruz qalmış və tamamilə yarasız vəziyyətə düşmüşdür. Yəni məqsəd müəssisələri əvvəlcə iflic etmək, sonra dəyər dəyməzinə ələ keçirməkdir ki, bu cinayətin də adı – iqtisadi təxribatdır.
ASK-nın rəsmi təqdimatından da göründüyü kimi, dünya standartlarına cavab verən təzəcə ləğv edilmiş bu müəssisələrin istehsal etdikləri məhsulların konkret bazarları olduğu halda niyə “Aqrqrkredit” QSC bunların ləğv olunması barədə əsassız qərar qəbul etməli, ilin-günün bu vaxtında minlərlə insan iş yerindən məhrum edilməli, dövlətin iqtisdi dayaqları çökməli, bu müəssisələrin yaranması üçün ABB-dən götürülmüş kreditlər hisə hissə qaytarılmamamlıdır? Biz hər bir ləğv olunmuş yuxarıda adları qeyd edilmiş şirkətlərin real fəaliyyətləri barəsində yetərincə məlumatlıyıq. Amma inandırıcı deyil ki, ölkənin ən nüfuzlu şirkətləri heç bir açıqlama verilmədən fəaliyyətlərini dayandırsınlar. Bu şirkətlərdən yalnız biri özünü uzun müddətdir ki, doğrultmur, ziyanla işlyirdi ki, bu da “Azəripək” MMC-dir. Məlumat üçün bildirək ki, 2020-ci ilin iyun-iyul aylarında “Azəripək” MMC-nin sexlərindəki bütün əlvan metaldan ibarət iritutumlu çənləri,digər nerj avadanlıqların hamısı sökülüb naməlum istiqamətə aparılmışdır və çox güman ki. bu əlvan materialdan hazırlanmış tonlarla kütləsi olan avadanlıqlar qara bazarda yüksək qiymətə satılmışdır. Bir sözlə, nəticəyə gəlmək olar ki, “Azəripək” MMC-nin inkişaf etdirilməsi deyil, gələcəkdə məhz ləğv edilməsi planının olmasından məlumatlı olan səlahiyyətli şəxslər məhz belə bir talana start verilmişlər. Çox təəssüflər olsun ki, 100 ildən artıq yaşı olan bu müəssisə ləğv edilərək artıq tarixin arxivinə gömüldü. Bu ildən sonra bu müəssisənin nə özünü, nə də onun ayrı ayrı elementlərini heç bir fiziki şəxsin alacağı ağlabatan görünmür.
Sonda belə bir nəticəyə gəlirik ki, dövlət başçısının məlum 4 dekabr Fərmanından irəli gələn tələb və göstərişlərin həyata keçirilməsinin mümkün olmayacağını anlayan “Aqrarkredit” QSC və “ASK” ASC rəhbərliyi yaradılmış dövlət komissiysının qarşısına 5 il ərzində müxtəlif üsullarla dəyərsizləşdirərək öz yaxın adamlarının adlarına sənədləşdirdikləri 51 ədəd problemli aktivlərin yerdə qalan hissəsini verilən 6 ay vaxt ərzində bazar qiyməti ilə yenidən hesablayaraq ASK”-ASC-nin balansına ötürülməsi mərhələsini ifşa olunmadan həyata keçirmək üzərində baş sındırılar.
Biz bir müstəqil mətbu orqan olaraq araşdırma qrupumuz tərəfindən son 5 il ərzində ABB-dən sağlamlaşdırma məqsədilə “Aqrarkredit” ASC-yə ötürülən problemli aktivlərin üzərində son illər ərzində hansı maliyyə maxinasiyalarının həyata keçirilməsi və törədilən irimiqyaslı korrupsiya hüquqpozmaları barəsində az da olsa məlumat verdik. Amma ASK-nın rəsmi məlumatlarında “Aqrarkredit” ASC- İdarə Heyyətinin sədri Məmməd Musayevin fəaliyyəti tərif edilir,ASK-nın prezidentliyinə seçiləndən, qurumun fəaliyyətində əhəmiyyətli yeniliklər yaratmağa müvəffəq oldugu bildirilir.
Bir vətəndaş olaraq hesab edirik ki, dövlətimizin iqtisadiyyatının indiki pandemiya və müharibədən sonrakı ağır dövründə etibar etdiyiniz səlahiyyət sahibləri tərəfindən son 5 il ərzində 51 ədəd problemli dövlət əmlaklarının ifrat mənimsəmə faktlarının şəxsi nəzarətiniz altında 04 dekabr tarixli Fərmanınız əsasında yaradılmış dövlət komissiyası tərəfindən ciddi araşdırlmasına və nəticəsi barəsində məruzə edilməsinə zəruriyyət yaranmışdır. Hesab edirik araşdırmalarımız tezliklə nəzərə alınacaq və aidiyyatı üzrə hüquq-mühafizə orqanları qnunvericiliyə uyğun tədbir görəcəklər.
Aktualinfo.org-un araşdırma qrupu