“Azərbaycanda azərbaycanlı icması ola bilməz” – Deputatdan açıqlama
“İcmalararası görüşlər bu günə qədər heç nəyi həll etməyib, bundan sonra da həll etməyəcək”.
Bunu qondarma rejim təmsilçiləri ilə danışıq aparmaq əvəzinə, Qarabağın azərbaycanlı və erməni icmaları arasında davamlı təmasların qurulması ideyasına münasibət bildirərkən Milli Məclisin deputatı Elman Məmmədov deyib:
“Hələ 2009-cu ildə demişəm, indi də təkrar edirəm, Rusiyada rus icması, Gürcüstanda gürcü icması olmadığı kimi, Azərbaycan Respublikasında da azərbaycanlı icması ola bilməz. 1991-ci ilin noyabrın 26-da Azərbaycan Ali Soveti tərəfindən o vaxta qədər mövcud olan Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olunmasaydı, onda həmin vilayət bir inzibati vahid hesab olunardı. Orada yaşayanlar da iki tərəfdə icma kimi qəbul olunardı. 1995-ci ildə qəbul olunan Konstitusiyada da Dağlıq Qarabağ adında inzibati vahid yoxdur. Ora da digər ərazilərimiz kimi bir bölgədir. Ona görə hesab edirəm ki, Dağlıq Qarabağın azərbaycanlı icması heç bir hüquqi əsası olmayan qurumdur”.
Deputat bu səbəbdən icmalararası təmasların əleyhinədir:
“Lap əvvəldən həmin bölgəyə edilən səfərlərin də əleyhinə olmuşam. Təklif olunub, amma bu kimi görüşlərdə iştirakdan imtina etmişəm”.
Onun fikrincə, bu kimi məsələlər rəsmi səviyyədə, dövlət başçısının rəhbərliyi altında həll olunmalıdır:
“Orada yaşayan kimlərləsə, görüşüb görüşməmək ən yüksək səviyyədə dövlət başçısının nəzarəti və rəhbərliyi altında baş verəcək. Kimlərinsə gedib orada kimlərləsə görüşməsi bu günə qədər heç nəyi həll etməyib, həll etməyəcək də”.
“Gələcəkdə belə görüşlər mümkündür”.
Asim Mollazadə isə həmkarından fərqli düşünür:
“Prinsipcə gələcəkdə icmalarası görüşləri mümkün hesab edirəm. Bu sülh yaratmaq yolunda çox mühüm addımdır. Ermənistan revanş barədə düşünməməlidir. Silahlı qüvələrindən yenidən hansısa formada istifadə etməməli və sülhə hazırlaşmalıdır”./sfera.az/