“Xankəndi hava limanının taleyi necə olacaq?” – Politoloqdan mühüm AÇIQLAMA
“Xankəndi hava limanının taleyi necə olacaq?
Son günlər ən çox səslənən suallardan biridir. Erməni separatçıları Rusiya hərbçilərinin dəstəyi ilə hava limanını açmağa çalışırlar. Azərbaycan hansı şərt daxilində Xankəndi hava limanının fəaliyyətinə razılıq verə bilər? Yeganə şərtimiz hava limanının Azərbaycan sərhədçiləri ilə Gömrük Xidmətinin nəzarəti alına keçməsidir. Normal dövlətlərdə olduğu kimi istənilən hava limanında həmin ölkənin sərhədçiləri və gömrük işçiləri fəaliyyət göstərir. Bu baş verərsə hava limanının fəaliyyətə başlaması və rusiyalı hərbçilərin də Xankəndi hava limanından istifadəsi mümkündür”.
Bunları politoloq Elxan Şahinoğlu deyib.
“Mənə elə gəlir ki, Azərbaycan hakimiyyətinin Xankəndi hava limanının yaxın müddətdə nəzarətə götürəcəyinə dair ciddi şübhəsi var. Əks halda Fizulidə hava limanının tikintisinə sürətlə qərar verilməzdi. Əgər biz Xankəndi hava limanını nəzarət altına ala bilməyəcəyiksə, şərtlərimiz qəbul olunana qədər həmin hava limanının qapılarının bağlı qalması məqbuldur. Digər tərəfdən Xankəndi hava limanının binası erməni separatizminin rəmzi şəklində inşa edilib. Başqa sözlə hətta həmin hava limanını nə vaxtsa ələ keçirsək və işlətməyə qərar versək, hava limanının binasını yenidən söküb yığmaq lazım gələcək. Bu bizə lazımdırmı? Fikrimcə, istifadəsiz qalan Xankəndi hava limanını ələ keçirməkdən daha vacib işimiz – hava limanı ətrafındakı müqəddəs saydığımız Xocalı üzərində nəzarəti təmin etmək planını reallaşdırmaqdır” – E.Şahinoğlu qeyd edib.