Dövlət şirkətlərinin İnvestisiya Holdinqinin nəzarətinə verilməsi nələri dəyişəcək?
Əkrəm Həsənov: “İnvestisiya Holdinqi bu şirkətlərin üzərində öz vahid yanaşmasını tətbiq edəcək”
Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları”, “Azərbaycan Dəmir Yolları”, və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətlərinin, eləcə də Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi haqqında sərəncam imzalayıb.
Hüquqşünas Əkrəm Həsənov açıqlamasında bildirib ki, bu sərəncanm Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında ölkə başçısının 5 noyabr 2020-ci il tarixli fərmanından irəli gəlir. Yəni fərmanın əlavəsində Holdinqin idarəetməsinə veriləcək dövlət şirkətlərinin siyahısı mövcud idi. Orada 18 dövlət şirkətinin İnvestisiya Holdinqinin nəzarətinə verilməsi nəzərdə tutulurdu. 6 noyabr tarixində həmin şirkətlərdən 4-ü ( Dövlət Neft Şirkəti, Azərgold, Xəzər Dəniz Gəmiçiliyi , Bakı Beynəlxalq Dəniz Ticarət Limanı) İnvestisiya Holdinqinin nəzarətinə verildi. İndi də proses davam edir. Bütövlükdə məlumdur ki, Azərbaycan İnvestisiya Holdinqi prezident tərəfindən dövlət şirkətlərinin səmərəli və vahid standartlarla idarə olunması məqsədi ilə yaradılıb. Bu tamamilə doğru yanaşmadır”.
Əkrəm Həsənov deyir ki, Holdinqin nəzarətinə ilk verilən şirkətlər bir növ pilot layihə hesab oluna bilər: “Çünki İnvestisiya Holdinqi bu şirkətlərin üzərində öz vahid yanaşmasını tətbiq edəcək. Yəni eyni standartlar və idarəetmə qaydaları olmalıdır. Bu, həm şirkətlərin artıq xərclərə yol verməmələri, həm də daha çox qazanc əldə etmələri baxımından daha səmərəlidir”.