Ermənilər Xocalıda “Yeni Daşaltı” kəndi salmaq xəyalına da düşdü… – FOTO
Qarabağda tör-töküntüləri hələ də sülənən separatçı kriminal erməni rejiminin oyuncaq rəhbərləri müxtəlif xəyallara düşməyə başlayıblar. Bir neçə gün öncə onların Xocalı rayonu ərazisində 2000 nəfərlik yeni qəsəbə salmağı planlaşdırdıqları barədə yazmışdıq.
Şuşa rayonunun qanunsuz separatçı “başçısı” Qrişa Ovannisyan isə Vətən müharibəsi zamanı ordumuzun azad etdiyi Daşaltı (“Karin Tak”) kəndindən köçmüş erməni ailələri üçün “Yeni Daşaltı” (“Nor Karin Tak”) kəndi salmaqdan dəm vurub.
Q.Ovannisyan bu barədə qəsbkar Ermənistan mediasına müsahibəsində danışıb.
Onun sözlərinə görə, 150 ailə üçün 15 hektarlıq yer ayırmaq nəzərdə tutulub. Yeni kəndin Xocalı rayonunun “Ovsepevan” adlandırılmış Dərələyəz və “Astxaşen” adlandırılmış Daşbulaq kəndləri, yaxud Daşbulaqla “Noragyux” adlandırılmış Təzəbinə kəndləri arasında salınması xəyal edilir. Separatçı məmur “Yeni Daşaltı”nın salınması üçün təxminən 3 milyon dollar tələb olunduğunu da söyləyib.
Qeyd edilir ki, artıq Xocalı rayonunun Dərələyəz kəndində köçkün ermənilər üçün taxta evlərin tikintisinə başlanıb./moderator.az