Kreml Nikolu dəyişir: kritik və gizli səfər… – Markov
Rusiya Paşinyanı Köçəryanla əvəzləməyi planlaşdırır.
Bunu açıqlamasında tanınmış rus politoloq Sergey Markov Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya planlaşdırılan rəsmi səfəri haqda danışarkən bildirib.
“Ermənistanın ikinci prezidenti Robert Köçəryanın Moskvaya rəsmi səfəri zamanı daxili siyasi məsələlər müzakirə edilib, Baş nazir Paşinyanla isə çox güman ki, dövlətlərarası əlaqələr müzakirə olunacaq. Köçəryan Paşinyanın əsas rəqibidir. Düşünürəm ki, Rusiya Paşinyanı Köçəryanla əvəzləməyi planlaşdırır, amma eyni zamanda bu, indi baş verməyəcək. Paşinyan, ilk növbədə “quyunun dibinə daş atıb” mümkün olan hər şeyi Azərbaycana verməlidir”, – deyə politoloq qeyd edib.
S.Markov ümidsiz vəziyyətdə qalan Paşinyanın Qərbə müraciət etmək ehtimalını da istisna etməyib:
“Nəticədə Paşinyan Qərbə müraciət edəcək, lakin o vaxta qədər onun populyarlığı tamamilə minimuma düşəcək. Və belə bir müraciət baş tutarsa, Nikol Köçəryanın xətti ilə hakimiyyətdən uzaqlaşdırılacaq. Buna görə də Qərbə üz tutmağın gec olduğunu düşünürəm. Bundan əlavə, Rusiyanı Qərbdən ayıran fərq rəsmi Moskvanın daha humanist olmasıdır. Əgər Qərb Nikolu devirsəydi, Paşinyanı da Yanukoviç (Ukraynanın dördüncü prezidenti – red.) kimi öldürmək istəyəcəkdi. Rəsmi Moskva Paşinyana yaxşı, layiqli bir mövqe verilməsinə nail olacaq və Rusiyanın qəddar deyil, humanist bir ölkə olması Nikolun maraqlarının qorunmasına gətirib çıxaracaq”.
Xatırladaq ki, daha öncə Ermənistanın “Qraparak” qəzeti Ermənistanın Baş naziri Nikol Paşinyanın bu gün Rusiyaya səfər edəcəyi haqda məlumat yayıb. Ermənistanın Baş nazir aparatından isə bu məlumat təkzib edilib./axar.az/