Qarabağ ermənilərindən yeni təxribat: nə etməli?
Qarabağ ermənilərinin təxribatları olub, var və olacaq. Özü də bu təxribatlar həm Azərbaycana, həm azərbaycanlılara, həm də Rusiya sülhməramlılarına qarşı yönəlmiş təxribatlardır.
Bu barədə tanınmış rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov Qarabağda ermənilərin yeni təxribatları barədə məlumatları şərh edərkən deyib.
“Xatırlayırsınızsa, Rusiya sülhməramlılarının Qarabağda yerləşməsindən 4-5 gün keçəndən sonra ermənilər onların komandanlığına tort təqdim etdi, sonra isə Xankəndi-Şuşa su kanalını partlatdılar. Ötən həftə onlar azərbaycanlı inşaatçıları Kəlbəcərə buraxmırdılar və iş o yerə çatdı ki, sülhməramlı kontingentin komandanı general Muradov məsələyə qarışmalı oldu. İndi isə emənilər Kəlbəcərə tikinti materiallarını daşıyan böyük yük maşınlarını mühasirəyə alıblar, internetdə də bu maşınların Rusiya sülhməramlıları tərəfindən buraxılmaması haqda tamamilə təxribat xarakterli videolar yayılır”, – Kuznetsov bildirib.
Onun sözlərinə görə, Qarabağ erməniləri Rusiya sülhməramlılarının müdafiəsi altında özlərini təhlükəsiz hiss edirlər, cəzalarını almayacaqlarını bilib, həyasızlıq göstərirlər:
“Əgər Rusiyanın hərbi qulluqçuları olmasaydı, əminəm ki, azərbaycanlı sürücülər yollarını kəsən etirazçılara belə rahat davranmağa imkan verməzdi, bütün dünyada olduğu kimi, onları döyüb, maneələri maşınları ilə keçərdilər. Lakin Rusiya sülhməramlılarının olması faktı Azərbaycan sürücülərinə bunu etməyə imkan vermir və onlar sülhməramlıların müdaxiləsini gözləyir.
Aydındır ki, Qarabağ ermənilərinin mühiti dağılıb və onlar reallıqla barışmaq istəmirlər, bu da daxili etirazlara səbəb olur. Reallıq dəyişdi və onlar buna alışmalı və ya ayılmalıdır, hələ ki, bunun üçün imkanları var. Görünür, sülhməramlılar Qarabağ ermənilərinin əsas kütləsini tərksilah edib, onlar künc-bucaqdan atəş açmaq imkanından məhrum olaraq, futbolda olduğu kimi, rəqibə mane olmaq üçün xırda fol taktikasına əl atmağa başlayıblar.
Prinsipcə, bu hərəkətlərdə yeni heç nə yoxdur və Azərbaycan tərəfi bu cür xırda təxribatlara daim hazır olmalıdır. Qarabağ erməniləri hələ də sadəlövhcəsinə hesab edirlər ki, onlar Qarabağ torpağının ayrılmaz sahibidirlər, lakin bu, belə deyil və gec-tez onlar bu reallıqla barışmalı olacaqlar. Hazırda Qarabağ erməniləri üçün şok və çox ağrılı olan hadisə baş verir — onların psixoloji stereotipləri dağılır. Bu da öz növbəsində refleks doğurur və dağılan mifi qorumaq istəyini üzə çıxarır.
Tamamilə aydındır ki, biz hamımız su kəmərinin partlamasından tutmuş nasist Njdenin heykəlinin açılış mərasiminə və yük maşınlarının hərəkətinin bloklanmasına qədər əvvəldən planlaşdırılmış təxribatlar seriyasının canlı şahidiyik. Lakin burada bir məqama diqqət yetirmək istəyirəm: vəziyyətə qərəzsiz baxsaq, belə çıxır ki, bütün bu təxribatlar Qarabağ ermənilərinin bu gün maddi resurslara deyil, insanların emosiyalarına və enerjisinə əsaslanır. Əslində uzun müddət qəzəblənmək psixi və fiziki enerjinin tükənməsinə qədər mümkündür, bundan sonra mütləq şəkildə frustrasiya yaranır. Və bu vəziyyətdə təbiətlə mübahisə edə bilməzsiniz. Qarabağ erməniləri hələ ki, bu təbii-bioloji qanunun təsirini hiss etməyiblər, lakin tezliklə edəcəklər. Etiraz yalnız reaksiya verildikdə effektivdir və əgər ona məhəl qoyulmursa, o zaman o özü-özünə yox olur.
Qarabağ erməniləri bir və ya iki ay sonra yorulacaq, bahar ərəfəsində təsərrüfat mövsümü başlamadıqda isə onlar Qarabağda olmalarının perspektivsizliyini görəcək və tədricən həyatlarını Rusiyanın humanitar yardımı hesabına keçirməyin mümkünsüzlüyünü anlayacaqlar…”/axar.az/