Liviyada ələ keçirilən Rusiya raketi ABŞ-ın hərbi bazasında necə peyda olub? – Qərb mediası

 

Liviyada ələ keçirilmiş Rusiya istehsalı “Pantsir-S1” raket kompleksi məxfi əməliyyatla ABŞ-ın Almaniyanın Ramştayn şəhərindəki hərbi-hava bazasına gətirilib.

Britaniyada çıxan “The Times” qəzeti yazır ki, ABŞ hərbçiləri əməliyyatı bu kompleksin silah alverçilərinin və ya hökumətə tabe olmayan hərbi qruplaşmalardan birinin əlinə keçəcəyindən ehtiyat etdiklərinə görə həyata keçiriblər.

Qəzetin yazdığına görə əməliyyat ötən ilin iyulunda yer alıb. Bu da xəbər verilir ki, sözü gedən havadan müdafiə raket sistemini Rusiyadan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) almış və Liviyanın beynəlxalq aləmdə tanınan hökumətinə qarşı qiyam qaldıran general Xəlifə Həftara vermişdi.

“Pantsir-S1” kompleksinin Liviya paytaxtı Tripoli yaxınlığında hökumət qoşunlarının əks-hücumu zamanı ələ keçirildiyi xəbər verilir. Bu döyüşdə hökumət qoşunlarını Türkiyə dəstəkləyirdi.

“The Times” yazır ki, kompleksin ABŞ bazasına gətirilməsini Vaşinqtonun Liviyada Rusiya təsirinə qarşı məxfi əməliyyatlarından biri kimi qiymətləndirmək olar. Bu da qeyd olunur ki, amerikalılar Liviya hökumətini ölkədə “Putinin aşpazı” kimi tanınan Yevgeni Priqojinin siyasi texnoloqlarının işlədiyi barədə xəbərdar etmişdilər. Sonradan onlardan ikisi həbs edilmiş, bir il müddətində həbsxana saxlandıqdan sonra bu yaxınlarda sərbəst buraxılmışdlar. Bundan başqa ABŞ hərbi komandanlığı Rusiya qırıcı təyyarələrinin general Həftarın tərəfində döyüşdüyünə dair məlumat vermişdi.

“The Times” qəzeti adının çəkilməsini istəməyən Rusiya rəsmisinə istinadən yazır ki, Moskvada bu raket kompleksinin başına gələnlərdən xəbərdar idilər, amma bu silahın amerikalıların əlinə keçməsindən elə də narahat deyildirlər.

Rusiya rəsmilərinin fikrincə amerikalılar istəsəydilər “Pantsir-S1”kompleksinə gəlib elə BƏƏ-də də baxa bilərdilər. Sözügedən rəsmi deyib ki, amerikalıların bu kompleksi tam öyrənməsi üçün xeyli vaxt sərf olunacaq və onlar əldə etdikləri məlumatdan yalnız “Pantsir-S1” kompleksinin ixrac variantına sahib olanlara qarşı istifadə edə biləcəklər.

Bu arada Rusiyanın “İnterfaks” agentliyi Hərbi Elmlər Akademiyasının vitse-prezidenti Sergey Modestova istinadən yazır ki, baş vermiş hadisənin Rusiyanın hərbi qüdrəti üçün elə bir təsiri olmayacaq.

Bundan əvvəl Liviyada bir “Pantsir-S1” kompleksinin Türkiyə dronu ilə məhv edildiyi xəbər verilmişdi. Moskva rəsmən Liviya münaqişəsində tərəf olmadığını bəyan edir, lakin onun Həftarın qoşunlarına muzdlu əsgərlər və hərbi texnika ilə dəstək verdiyinə dair çoxsaylı xəbərlər var. (azadliq.org)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password