“Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Korpusunda COVID-19 infeksiyasına qarşı Çin Xalq Respublikasının “Sinovac” şirkətinin istehsal etdiyi “Coronavac” peyvəndinin 1-ci dozası vuruldu. Bu mətni peyvənd vurulmasından 16 saat sonra yazıram. İynə yerində xəfif ağrıdan başqa heç bir diskomfort yoxdur”.
Bu sözləri sabiq baş infeksionist professor Adil Qeybulla özünün sosial media hesabında yazıb.
Koronavirus peyvədi vurduran professor təəssüratlarını bölüşüb: “Şübhəsiz ki, peyvəndləmə pandemiyanın sonu deyil. Amma infeksiya zəncirinin qırılmasının, onun kaskad şəklində yayılmasının qarşısını almaq üçün vacib prosedurdur. Biz bu yolla kollektiv immunitetə və pandemiyanın sonuna tez və daha az itkilərlə yetişə bilərik. Peyvənd aktiv immunizasiya metodu olub, infeksiyalarla mübarizə işində elmin nail olduğu ən effektiv vasitə olaraq qalır”.
A.Qeybulla peyvəndin dünya tarixindəki nailiyyətlərini xatırladıb: “Məhz kütləvi peyvəndləmənin nəticəsi olaraq, bu gün on minlərlə uşağın həyatına son qoyan, onları əlil edən skarlatina, difteriya, göy öskürək (boğmaca), qızılca, poliomielit kimi infeksiyalar yoxa çıxmış görünür. Peyvəndin köməyi ilə insanlıq tarixində pandemiyalar törətməklə, təxminən, 500 milyon insanın həyatına son qoyan təbii çiçək kimi xüsusi təhlükəli infeksiya yoxa çıxıb və Ümumdünya Səhiyyə Təşkilatının reyestrindən çıxarılıb”.
O, vətəndaşları bu reallıqları nəzərə almağa çağırıb: “Pandemiyanın başlanğıcında bəzi insanların sürətlə yayılan infeksiyanı yalan, boş şey, insanları məhv etmək metodu və s. kimi primitiv səviyyədə cəfəng, əsassız və məntiqsiz təbliğatı yada salın. Təəssüflə qeyd etmək yerinə düşərdi ki, sonradan həmin infodemiya (dezinformasiya) təşkilatının bəzi üzvləri özləri də xəstələndilər, onların içərisində həyatlarını itirənlər də az olmadı…
Ona görə də qətiyyən vaksin tərəddüdünə qapılmayın, bu kompaniyanı bilərəkdən yayan və ya səmimi yanılanların təbliğatına uymayın. Peyvənd olunun, bundan qətiyyən çəkinməyin”.