Bu memorandum Xəzərdə situasiyanı dəyişəcək – Fazil Mustafa
“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə işlənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması bəlkə də son illərdə qazandığımız ən ciddi uğurlardan biridir”.
Bunu açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa deyib. Millət vəkili bildirib ki, uzun illərdir kənar qüvvələr tərəfindən “Kəpəz”, “Sərdar” adları altında bu yataqların müəyyən dərəcədə mübahisə predmetinə çevrilməsi həyata keçirilirdi. Amma hər iki dövlətin başçısının müdrik davranışı bu məsələyə son qoydu:
“Bunun nəticəsində də birgə istismar haqqında memorandum imzalandı. Bu memorandum Xəzərdə situasiyanı xeyli dəyişəcək. Eyni zamanda, Azərbaycanla Türkmənistan arasında iqtisadi münasibətlərdən başqa, Orta Asiya ilə münasibətlərin güclənməsinə şərait yaradacaq. Ona görə də bu sazişin imzalanması çox yüksək addımdır”.
F.Mustafanın sözlərinə görə, nəticədə Orta Asiyanı müəyyən dərəcədə Avropa ilə birləşdirən, Azərbaycandan keçən kəmərlər vasitəsi ilə karbohidrogen ehtiyatlarının həm dənizin altından, həm də müxtəlif daşınmalarla həyata keçirilməsi mümkün olacaq:
“Həmin yatağın adının dəyişdirilməsi, yeni ad verilməsi də fikrimcə, bu razılığın nəticəsidir. Bu razılaşma Türkmənistanla münasibətlərimizi yüksək səviyyədə inkişaf etdirəcək”.