Qarabağda yeni müharibə başlaya bilərmi? – Bu dəfə bütün Cənubi Qafqazı…
“Dağlıq Qarabağla bağlı sülh prosesi başlayıb”. Münaqişələrlə bağlı Caucasus Edition jurnalının keçirdiyi onlayn müzakirədə region üzrə şərhçilər belə nəticəyə gəliblər.
Sabiq Ermənistan prezidenti Levon Ter-Petrosyanın müşaviri, 1990-cı illərdə Ermənistan xarici işlər nazirinin müavini olmuş erməni əsilli amerikalı alim Jirayr Libaridyanın sözlərinə görə, hazırki sülh prosesinin düsturu Rusiyanın iki tərəfi bir araya gətirməsi və onlara nəyin mümkün olduğunu göstərməsindən ibarətdir.
O, ermənilərin” xeyrinə olmayan” sülhün onların istəklərindən asılı olmayaraq mövcud olacağına inanır. Lakin o həmçinin sual edir ki, Azərbaycan hökmran ritorikasındən əl çəkərək, Qarabağı idarəetmə ritorikasına sahib olacaqmı, təhlilçiyə görə, bu, sülhə aparan yol ola bilər.
Libaridyan deyir ki, sülh üçün yeni müharibə istəməyən və 10 noyabr Bəyanatını anlayan Ermənistan hökuməti lazımdır.
Onunla razılaşan Beynəlxalq Böhran Qrupunun təhlilçisi Zaur Şiriyev əlavə edib ki, daha çox dialoqa ehtiyac var və bu prosesə BMT kimi beynəxalq qurumlar da qoşula bilər.
Şərhçilərə görə, tərəflər Rusiya vasitəsilə başlanan prosesə əməl etsələr də, vasitəçisiz, birbişa fəaliyyət göstərməli, indi danışmalı, birgə yaşamağı öyrənməlidirlər, “çünki əks halda gələcək gəlməz”.
Təhlilçilər 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən müharibəyə gətirən bu münaqişənin niyə başqa həll yolu olmamasına da diqqət yetiriblər. Jirayr Libaridyan münaqişəni Birinci Qarabağ müharibəsindən bəri nizamlamağa çalışan ATƏT-in Minsk qrupu ilə bağlı deyib ki, o, “qeyri-effektiv” olub.
Libaridyana görə, Rusiyanın Qarabağ münaqişəsi barədə nə istədiyi aydın deyil – Rusiya Cənubi Qafqazda daha çox nəzarətə malik olmaq istəsə də və bu regionun NATO və Qərbə daha az yaxınlaşmasını istəsə də, Azərbaycan və Türkiyənin harada olmaq istədikləri barədə suallar ortaya çıxır.
Hazırki vəziyyətdə isə Fransa və ABŞ-ın rolu münaqişənin həllində azalsa da, Rusiya ATƏT-in Minsk qrupunun fəaliyyətini davam etməsinə narazılıq etməyəcək, təhlilçi qeyd edib.
Zaur Şiriyev isə söyləyib ki, Minsk qrupu vasitəçi kimi deyil, Bakı və Yerevana mesajları çatdıran “carçı kimi” fəaliyyət göstərib və yeni ideyalar verməyib. Gözləntilər fərqli olub.
O həmçinin qeyd edib ki, müharibənin 90-cı illərdəkinə nisbətən daha dağıdıcı olduğu güman edildiyindən heç kim ciddi şəkildə buna getməyib, bu səbəbdən Azərbaycan üçün bu münaqişənin həllinə uzun müddət tələb olunub.
Yeni müharibə ola bilərmi?
Münaqişələrin Həlli Mərkəzində proqramlar üzrə direktor Filip Qamağelyan isə gələcəkdə üçüncü müharibənin olacağından narahatlıq bildirib. Onun sözlərinə görə, o, daha dağıdıcı ola bilər. Qamağelyan qeyd edir ki, qızışdırıcı ritorika hələ də qalmaqdadır.
Təhlilçilərə görə, yeni müharibə artıq Qarabağ uğrunda deyil, bütün Cənubi Qafqazı əhatə edə bilər. Zaur Şiriyev ona cavabında qeyd edib ki, [Azərbaycanın -red.] Ermənistana qarşı ərazi iddiaları yoxdur və qonşu ölkə barədə ifrat fikirlər əsasən sosial mediadadır.
Sərhədlərdə demarkasiya prosesinin aparılması və Qarabağın statusu məsələsində Azərbaycanın minimalist yanaşmasını dilə gətirən təhlilçi Bakının danışıqları belə başladığını qeyd edib.
Jirayr Libaridyan diqqəti 10 noyabr Bəyanatına çəkərək onu belə səciyyələndirib ki, ATƏT onun imzalanmasında iştirak etməyib və onu hərbi deyil, siyasi liderlər imzalayıb. Hərçənd ki, Libaridyanın təbirincə, o, hərbi əməliyyatları dayandırmaqdan əlavə naliyyətlərə səbəb olsa da, münaqişənin nizamlanması məsələsini həll etmir.
O, Dağlıq Qarabağın “müstəqilliyinin” tanınması məsələsinin danışıqlar masasından kənar olduğunu dilə gətirir və deyir ki, DQ erməniləri üçün azlıq statusu və ya hansısa muxtariyyət məsələləri ortaya çıxa və müzakirə mövzusu ola bilər. /BBC Azərrbaycan