Ermənistan prezidentindən daha bir acı etiraf: “Bundan sonrakı yolumuz…”
Ermənistan prezidenti Armen Sarkisyan Yeni il münasibətilə xalqa təbrik mesajı yazıb.
Bu mesajı təbrik adlandırmaq çətindir. Daha çox acı etirafa bənzəyir. Etirafda Ermənistanın bugünkü acı reallığı əks olunub – işğalçı unudulmayacaq bir dərs alıb:
“2020-ci il başa çatır.
Müasir tariximizdə ən çətin il idi.
İtkilərə görə ağır,
Nəticələrə görə ağır,
Dərsləri ilə ağır.
Zalım sınaqlardan keçdik”.
Azərbaycanın möhtəşəm Zəfərini, Qələbəsini niyə əldə etdiyini Sarkisyan xalqına belə başa salmağa çalışıb: “Müharibənin nəticəsi və mövcud vəziyyət hakimiyyətin müxtəlif sahələrində qeyri-mütəşəkkilliyin, məsuliyyətsizliyin və qeyri-peşəkarlığın nəticəsidir”.
İşğalçıların rəhbəri daha bir acı etiraf edib: “Bundan sonrakı yolumuz çox çətindir və sınaqlarla doludur. Dərin yaralarımız var”.
Bəli, işğalçıları çətin yol gözləyir – ya qonşularla nəhayət bir dil tapıb sülh içində yaşamaq, ya da aqressiyasını davam edib Qafqazın xəritəsindən bir dəfəlik silinmək.
Armenin daha bir maraqlı etirafı var: “Bundan sonra gerçəklikdən təcrid olunmuş şəkildə, Facebook-da, virtual, qeyri-real həyatda yaşamaq haqqımız yoxdur”.
Bəli, Sarkisyan etiraf edir ki, bundan əvvəl Ermənistan xəyallarda yaşayırdı. Bu qeyri-real həyatda işğalçı Azərbaycanın torpaqlarını zəbt edib, özününküləşdirməyə çalışırdı. Amma Azərbaycan Ordusu işğalçıları reallığa qaytardı. Bu reallıqda işğala yer yoxdur. Və ermənilər bunu nə qədər tez başa düşsələr, onlar üçün bir o qədər də yaxşı olacaq…