İlham Əliyev və 44 ədədinin mistikası

Bu gün Azərbaycan Silahlı Qüvvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin doğum günüdü. 59 il öncə Bakıda dünyaya gəlib və ilk gördüyü insanlar ağ xalatlı həkimlər olub.

İndi də gördüyü insanlar var və onlar bir deyil, iki deyil, minlərlədir və Horadizdən Cəbrayıla, Zəngilana, Qubadlıya, Laçına, Kəlbəcərə, Şuşayadək işğaldan azad edilən torpaqlarımızda bellərində silah keşiş çəkirlər. Özləri də xaki rəngli paltar geyiniblər. Elə Prezidentin özü kimi…

Bir vaxtlar əsgərlərin də paltarları ağ rəngdə olub. Sonradan düşmənin gözündən yayınmaq üçün paltarların üstünə toz, palçıq sürtərək, çay ilə boyayaraq rənglərini kölgəli qəhvə rənginə çeviriblər, rəngi əraziyə uyğunlaşdırmağa çalışıblar. Torpaq rənginə bənzəyən bu formaların rəngini indi hamı “xaki” kimi tanıyır.

O paltarları geyən Azərbaycan Prezidentini də, onun əsgərlərini də indi bütün dünya tanıyır. Qalib ordunun müzəffər Komandanı və müzəffər əsgəri kimi…

Onlar bu yolu 44 günə getdilər. Və son dayanacaq Şuşa oldu. 8 noyabrda üçrəngli bayrağımızı mədəniyyət mərkəzimiz olan Şuşanın mərkəzinə taxdılar və Xankəndidən bu mənzərini görən ermənilərin ürəklərinə bıçaq soxdular. Şuşa geri alınanda da ermənilərin ürəklərinə çox bıçaq girmişdi…

Başları da yerində deyildi, yerə əyilmişdi, Prezidentin dəmir yumruğu hər gün öz işini görürdü…

O yumruq “4” rəqəminin qoşalaşmasınadək ermənilərin başı sayılan Paşinyanın başında oldu. Onun başı elə indi də özündə deyil, küçəyə çıxan ermənilərin qorxusundan siçan deşiyinə girib…

44 ədədinin öz mistikası var. Bu, insanın özü özüylə harmoniya rəmzidir. Bu ədədi taleyinə yazanlar daima ətraf aləmdə hökm sürən şər qüvvələrə qarşı çıxır.

Eynən İlham Əliyevin taleyi kimi. Uzun illər ermənilərin şərinə qalib gəlmək üçün mübarizə aparıb…

İlham Əliyev kimi insanlar rastlaşdığı stress hallarından həmişə qalib ayrılır və praktiki olaraq istənilən problemi həll edə bilir.

Ermənilər son 30 ildə təkcə İlham Əliyevi deyil, 50 milyonluq dünya azərbaycanlılarını stress vəziyyətinə gətirmişdilər. Qalib ordu kimi hər yerdə öyünürdülər, Azərbaycan əsgərinin onlarla döyüşdə bacara bilmədiklərini tutuquşu kimi təkrarlayırdılar.

Şuşaya gəlib yallı oynayırdılar. Cəbrayıla yol çəkirdilər.

İndi Şuşada əsil yallını Azərbaycan əsgəri oynayır, Cəbrayıla da yolu Ali Baş Komandanımız çəkir. Ermənilərin Basarkeçərdən Kəlbəcərə çəkdikləri yolla bizim əsgərlərimiz gedirlər. Erməni diasporunun o yol üçün səpələdiyi pulları tapdalayırlar.

Ermənilər o yolla yalnız yuxularında gedirlər, bir vaxtlar biz də yuxularımızda Şuşaya, Kəlbəcərə gedərdik…

İndi o yolla Prezidentimiz də gedir, əsgərimiz də. Yaxın zamanlarda mülki vətəndaşlarımız da gedəcək, öz dədə-baba yurduna qayıdacaq, ocaq qalayıb isinəcək, tüstüləri göyə qalxıb birləşəcək.

Xalqımız da 27 sentyabrdan bəri bir dəmir yumruq ətrafında birləşmişdi… İndi də o yumruq əyilməzdir. Azərbaycanın hələ həll edilməyən çox problemləri var. Onları nizama salmağın vaxtıdır.

Necə ki, 2003-cü ildən bəri İlham Əliyev ölkə başçısı seçiləndən bəri bir çox sahələrdə nizam yaratdı. Düzdür, o nizamlar hər zaman öz bəhrəsini vermədi, daxildən və xaricdən mane olanlar oldu. Elə indinin özündə də var.

Azərbaycanın haqq işinə, Qələbə sevincinə kölgə salanlar tapılır…

İlham Əliyev o kölgədən məharətlə Günəş altına çıxmağı bacaran şəxslərdən biridi. Bunu anlayanların sayı lap çoxalıb.

İlham Əliyev Azərbaycan kimi kiçik dövlətin böyük Zəfərini həzm edə bilməyənlərə hər şeyi sətiraltı və sətirüstü anlatmağa çalışanlardan biridi.

Boğazında Qələbəmizin barıtı qalanların sayı lap çoxalıb.

İlham Əliyev 4 xarici dil bilir, 4 nəvəsi var.

İlham Əliyev kimi 4 rəqəminin təsiri ilə yaşayanlar yüzlərlə insanı öz arxasınca aparır və nəticədə onlarda özünə qarşı məhəbbət yaradır.

İlham Əliyev kimi 4 rəqəminin daşıyıcıları elə yuxudaca bütün itirilmiş güclərini bərpa edirlər.

İlham Əliyev 44 yaşından Yeni Azərbaycan Partiyasının sədridir.

İlham Əliyev indiyədək 18 orden alıb, ancaq onun ƏSİL ORDENİ ŞUŞADIR…

İlham Əliyev 16 universitetin fəxri doktorudur, ancaq əslində o, yalnız QARABAĞ UNİVERSİTETİNİN DOKTORU olmalıdı…

İlham Əliyevin doğum günündə də 4 rəqəmi var, ancaq onun əsil DOĞUM GÜNÜ 8 NOYABRDIR.

Növbəti stansiya 8 noyabrdır. Yaxın zamanlarda bu səsi Bakımızın yeni metrosunda hər kəs eşidəcək. Və o səslərin mistikası, 4 rəqəmi kimi İlham Əliyevə yeni güc verəcək.

Azərbaycanımıza yeni güc hava və su kimi lazımdır. Həll edilməyən hələ çox işlərimiz var…

Babək Göyüş

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password