Şuşaya ilk bu şəxslər köçürüləcək – AÇIQLAMA
Şuşa Azərbaycanın mədəniyyət mirvarisi, tarixi-mədəni abidəsidir. İşğaldan azad olunmuş Şuşanın dirçəldilməsi, dağıdılmış milli üslublu tikililərin bərpası, qiymətləndirilməsi və bütün tikililərin inventirizasiya edilməsi üçün prezidentin sərəncamı ilə yaradılmış müxtəlif strukturlardan təmsil olunmuş xüsusi komisiyya işləyir.
Bu sözləri deputat Azər Badamov gələn ilin yayında bir qism insanların Şuşaya köçürülməsindən danışarkən deyib:
“Yaşayışa yararlı tikililərin dəyərləndirilməsi işləri aparılır. İlk növbədə sürətlə sosial infrastruktur bərpa olunaraq yenidən qurulur. Şuşa şəhərində dövlət idarə etmə orqnlarının fəaliyyəti təşkil olunacaqdır.
Şəhərin dayanıqlı elektriklə təminatı məsələsi həll edilir. Bütün bunlar başa çatandan sonra mənzillər təmir edilərək yaşayış üçün yararlı vəziyyətə gətiriləcəkdir. Əhalinin yenidən Şuşa şəhərinə qaytarılmasına gəldikdə qeyd etmək istəyirəm ki, 1992-ci il 8 mayda Şuşa işğal olunanda buradan 20 mindən çox insan köçmüşdür. O insanlar ölkəmizin müxtəlif yerlərində yerləşmişdir. Düşünürəm ki, ilk növbədə həmin insanların özlərinin 1992-ci ilə qədər yaşadığı evlərinə köçürülməsi həyata keçiriləcəkdir. Çünki, bu illər ərzində qaçqın düşmüş hər bir azərbaycanlının birinci arzusu öz doğma evinə qayıtması olmuşdur. Ona görə də birinci növbədə yaşayışa yararlı evlər cari təmir olunaraq öz sahiblərinə qaytarılacaqdır. Sonra isə dağılmış evlərin bərpasına başlanmalıdır və mərhələli şəkildə yenidən məskunlaşma həyata keçirilməlidir”./sonxeber.az/