Nə vaxta qədər maska taxmağa davam edəcəyik?
“Hələ də inananlar var ki, dünyada insanların sayını azaltmaq istəyirlər. Bilin ki, heç bir dünya markası varlı şirkətə əhalinin sayının azaldılması sərf eləməz. Məsələn, əhali sayını azaltmaq istəsələr, elə birinci Bill Qeyts etiraz edər. Çünki hər insan onun “Microsoft” proqramları üçün bir müştəridir. Eləcə də digər şirkətlər”.
Bu sözləri tanınmış həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov qeyd edib. Həkim bildirib ki, virusun dünya əhalisinin sayını azaltmaq məqsədilə yayılması fikri ağlabatan deyil:
“Turizm çöküb, aviabiletlərin satışı, milyarderlərin hotellərinin, böyük restoranlarının biznesi çöküb. Ölkələrin iqtisadiyyatı çöküb. Siz də inanırsınız ki, bunu qocalar təqaüd almasın deyə qəsdən edirlər.
Bu, məncə, hazırlanma mərhələsində bioloji silah idi, laboratoriyadan təsadüfən sızıb, kimin laboratoriyasından sızdığını əlbəttə ki, gizlədirlər, boyunlarına almırlar”.
Həkim onu da qeyd edib ki, koronavirusa qarşı vaksin olunanlar maska taxmağa davam edəcək:
“Bəli, yenə maska taxmalıdırlar. Səbəb odur ki, vaksinasiya olunan insan virusa yoluxacaq, amma xəstəlik əlamətləri olmayacaq, asimptomatik keçirəcək və digərlərinə ötürə biləcək. Digərlərini yoluxdura biləcəyi üçün maska taxmaları məcburi şərt olacaq. Bütün əhali vaksinasiya edildikdən sonra maskasız gəzmək mümkün olacaq”.