Aleksandr Nevzorov: “Ermənilərə bu dəfə başqasının əli ilə qalib gəlmək nəsib olmadı”

12 dekabrda Azərbaycanda  Ümummilli lider Heydər Əliyevin vəfatının 17-ci ildönümü qeyd olundu. Heydər Əliyev təkcə Azərbaycanın xilaskarı və qurucusu deyil. Heydər Əliyev vaxtilə Azərbaycanda peşəkar ordunun qurulmasının, peşəkar kadrlarla təmin edilməsinin və müasir silahlarla təchiz edilməsinin təməlini qoydu. Nəticədə bu ordu ikinci Qarabağ müharibəsində qalib gəldi.

2020-ci ilin payızında Ermənistanın İkinci Qarabağ müharibəsindəki məğlubiyyətinin əsas səbəbi güclü Azərbaycan Ordusu ilə üzbəüz qalması idi. Heç kimə sirr deyil ki, Birinci Qarabağ müharibəsi zamanı muzdlular Ermənistan tərəfində vuruşdular. Erməni tərəfinin Dağlıq Qarabağ ətrafındakı yeddi bölgənin işğal etməsində əsas pay muzdlu əsgərlərə məxsusdur. İkinci Qarabağ müharibəsi zamanı Ermənistan rəhbərliyi bu “şücaətlərinin” təkrarlanacağına ümid edirdi. Ancaq bu dəfə ermənilərə başqasının əli ilə qazanılmış savaş və sonra bütün dünyaya öz döyüşkənliyi və yenilməzliyi barədə danışmaq nəsib olmadı. Erməni millətçiləri ölkələrinə, xalqlarına, müttəfiqlərinə xəyanət etdikdən sonra məlum oldu ki, ölkədə mübarizə aparacaq heç kim yoxdur. Bu payız Ermənistan rəhbərliyinin Rusiyanı müharibəyə cəlb etmək üçün bütün cəhdlərinə baxmayaraq, ermənilər Moskvanın ədalətli mövqeyi ilə üz-üzə qaldılar.

Ancaq ilk Qarabağ müharibəsini unutmamalıyıq. Mən o zaman Rusiya televiziyalarının əsas reportyorlarından biri kimi tez-tez qaynar nöqtələrdə olurdum. İki dəfə yaralandım, üç dəfə könüllü girova çevrildim. Qarabağ mənim üçün ilk müharibə idi, ancaq sonuncu deyildi. Sonradan Vilnüsdə, Dnestryanıda və digər qaynar nöqtələrdə oldum. Sovet və rus əsgərləri haqqında bir sıra mənzərələri müşahidə etdim.

Birinci Qarabağ müharibəsindən yaddaşımda çoxlu xatirələr qalıb. Məsələn, yadımdadır ki, Azərbaycanda Goranboy batalyonu barədə süjet hazırlayırdım. Bu gün də o günlərin qəhrəmanlarını böyük ehtiramla xatırlayıram. Tanış olduğum şəxs mənim bu həyatda gördüyüm ən cəsarətli adam idi. Adı Vəzir idi. Çirkli, siyənək qoxulu qalın gödəkçə geyinmiş, görünüşünə görə digərlərindən heç bir şəkildə fərqlənməyən ortaboylu bir adam idi. Goranboy batalyonu məğlub olanda əhali arasında təşviş yarandı. Cəbhə xəttindən insanları aparmağa gələn avtobuslar az olduğundan basabas düşdü. Bu zaman Vəzir “UAZ”a minib onu işə saldı və hamının qaçdığı yerə yönləndi. Ora cəhənnəmi xatırladırdı. Ermənilərin irəlilədiyi hər yerdə hər şey yandırılırdı, partladılırdı. Ətraf meyitlərlə və yaralılarla dolu idi. Mən Vəzirin niyyətini başa düşdüm və həyəcanla soruşdum: “Dəlisən?”. Cavab verdi ki, “Orda yaralılar var axı…”. Sonra birlikdə getdik. Döyüş yerinə çatanda gördüklərimdən dəhşətə gəldim. Məlum oldu ki, irəliləyən ermənilər deyil, ermənilərin pulla “aldıqlar”ı Pskov desantçılarıdır. Onlar Vəzirin “UAZ”ını da vurdular. Rus desantçıları bizi maşından yerə endirdilər. İstədilər ki, bizi güllələsinlər. Ancaq Pskov desantçıları məni tanıyaraq dedilər ki, “Yaxşı, bizim tərəfimizə gəlin”. Bir rus hərbçi soruşdu ki, bəs bu azəri ilə nə edəcəyik? Cavab verdim ki, “Buraxın, qoyun getsin!”.

Mənimlə razılaşdılar, bir azərbaycanlının indi qaçacağını və ona atəş edəcəklərini zənn etdim. Ancaq Vəzir qaçmadı. Uzun müddət xarab olmuş avtomobildə əlləşdi. Nəhayət, bir şey alınmayacağını görüb əlimi sıxdı. Və dönüb uzaqlaşdı. Şekspirin qəhrəmanlarının heç birinin gedə bilməyəcəyi şəkildə getdi. Heç vaxt düşmənin qarşısından qaçmayacağını göstərərək yeriyirdi. Atəş səslərini eşidəndə belə addımını sürətləndirmədi. Bunu görən rus desantçıları havaya yaylım atəşi açaraq ona hərbi salam verdilər. Gözdən itənə qədər hamı onu heyranlıqla izlədi…

… Orucov Vəzir Surxay oğlu 26 dekabr 1956-cı ildə Azərbaycanın Dağlıq Qarabağla həmsərhəd Tərtər bölgəsində anadan olub. 1949-cu ildə atasıgil 150 min azərbaycanlı ilə birlikdə ata-baba torpaqlarından – o vaxtlar Ermənistan SSR ərazisində olan Dərələyəz bölgəsindən deportasiya edilmişdilər.

Bu deportasiya özü Böyük Vətən müharibəsindəki qələbəyə böyük töhfə verən Azərbaycan xalqına qarşı etnik zəmində işlənmiş böyük cinayət idi.  Azərbaycan cəbhənin əsas neft və neft məhsulları tədarükçüsü idi (o dövrdə SSRİ-də istehsal olunan neft məhsullarının ümumi həcminin 90% -i). Bundan əlavə, 700 mindən çox Azərbaycan əsgəri cəbhəyə getdi, bunların yarısı qələbə üçün canlarından keçdi.

O zaman etnik motivli cinayətlərin miqyası o qədər fəlakətli nəticələrə gətirib çıxardı ki, hətta Böyük Vətən müharibəsi dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, Stalin və Beriyanın dostu Mircəfər Bağırov məhkəmə zamanı “xalqı qarşısında o qədər günahkar olduğunu” söylədi. Çünki onun azərbaycanlıların ata-baba ərazilərindən qovulmasında və ermənilərin Yaxın Şərqdən Azərbaycana köçürülməsində xüsusi xidmətləri olmuşdu.

Azərbaycanlıların qovulması və “soyqırımı” mövzusu ermənilərin nəinki türklərə qarşı, eyni zamanda yaxın qonşu olan azərbaycanlıların timsalında yeni bir düşmən obrazının yaradılmasında xüsusi rol oynadı. Və ermənilərin uzun illər davam edəcək nifrətlərinin əsasını qoydu.

Məhz belə xəstə təxəyyüllü ermənilərin həm Ermənistan daxilində, həm də bu ölkənin sərhədləri xaricində hər zaman azəri qonşularına qarşı nifrət odunu alovlandırdılar. Daha doğrusu, böyük geopolitik oyunun ifaçıları oldular. SSRİ-nin o zamankı rəhbərliyi – Stalin, Mikoyan və digər “istedadlı mütəxəssislər” ermənilərdən hər zaman məqsədyönlü şəkildə istifadə etdilər.

Yeri gəlmişkən bir faktı deyim ki, Azərbaycan ərazisində yaşayan ermənilər anti-Azərbaycan təbliğatının aparıldığı Ermənistan SSR-də yaşayan ermənilərdən ruhi cəhətdən çox fərqli idilər. Amma zaman-zaman Dağlıq Qarabağdakı ermənilərin də beyni zəhərləndi. Və xüsusilə 1980-ci illərin ikinci yarısında, Mixail Qorbaçovun hakimiyyətə gəlişindən sonra anti-Azərbaycan təbliğatı gücləndi. Qarabağ adlı kiçik bir ərazidə yeni bir geopolitik oyun başladı. Təəssüf ki, o çirkin oyun bu günə qədər davam edir. Azərbaycanlılar onlara qarşı ermənilərin münasibətlərdəki bu qədər dəyişikliyi hələ uzun illər anlaya və qəbul edə bilməyəcəklər. Çünki 1988-1989-cu illərdə Ermənistandan azərbaycanlıların kütləvi şəkildə qovulmasına qədər ermənilərlə dost xalq kimi, yaxın qonşu kimi yaşayırdılar …

… 1984-cü ildən Vəzir Orucov Arxangelskdə yaşayıb işləyirdi. 1992-ci ildə Qarabağ uğrunda müharibə başlayanda Azərbaycana qayıtdı və 4 may 1992-ci ildən etibarən qəhrəman Tərtər batalyonunun tərkibində Azərbaycanın qəlbini işğalçılardan qorudu. 1 sentyabr 1992-ci ildə Vəzir ağır yaralandı, lakin iki aydan sonra yenidən cəbhəyə qayıtdı. Adi əsgərdən Tərtər batalyonunun komandir müavini rütbəsinə yüksəldi, Sərsəng, Çıldıran və Qarabağın digər əraziləri uğrunda döyüşlərdə iştirak etdi. 22 mart 1993-cü ildə Qarabağ uğrunda Ağdərədəki döyüşlərdə qəhrəmanlıqla həlak oldu. “Yaddaş” mənasını verən Yadigar adlı bir həyat yoldaşı və bir oğlu qalıb. Vəzir Orucov Bakıdakı Şəhidlər Xiyabanında dəfn edildi. Azərbaycan Prezidentinin 27 mart 1993-cü il tarixli fərmanı ilə ona Azərbaycanın Milli Qəhrəmanı adı verildi.

Onun və Qarabağ uğrunda canlarından keçmiş on minlərlə bu cür qəhrəmanın şücaəti nəticədə nəhayət ki, Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail oldu. Dekabrın 10-da bunu “Zəfər” paradı ilə bütün azərbaycanlılar qeyd etdi. Yəqin həmin gün Vəzirin də ruhu şad oldu…

Aleksandr Nevzorov – rejissor, senarist, prodüser, siyasətçi, dörd çağırış Dövlət Dumasının deputatı.

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password