Rusiya Azərbaycandan idxala niyə qadağa qoydu? – “Bunu Moskvanın cavabı kimi də qəbul etmək olar”
Qubad İbadoğlu: “Hesab edirəm ki, bu qərarın dekabrın 10-da Bakıda keçiriləcək hərbi paradla əlaqəsi var…”
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) dekabrın 10-dan Azərbaycandan Rusiyaya alma və pomidor idxalını qadağan edib. Qurum qadağanı həmin məhsullarda zərərvericilərin aşkarlanması ilə izah edərək bildirir ki, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinə dəfələrlə pozuntular haqda məlumat verilib.
Məlumatda deyilir ki, “Rosselxoznadzor” Avrasiya İqtisadi Birliyi üzvləri üçün karantin məhsullarını dəfələrlə aşkarlayıb. Oktyabrın 22-dən indiyədək 17 belə hal qeydə alınıb. Söhbət alma və pomidorda Cənubi Amerika pomidor güvəsi və şərq almaqurdunun aşkarlanmasından gedir.
“Bununla əlaqədar olaraq, fitosanitar vəziyyətin qorunması, Rusiya Federasiyası ərazisinə həmin zərərvericilərin idxalının və yayılmasının qarşısının alınması məqsədi ilə “Rosselxoznadzor” 10 dekabr 2020-ci il tarixindən etibarən Rusiyaya Azərbaycan mənşəli pomidor və almaların gətirilməsini qadağan etməyə məcburdur”, – “Rosselxoznadzor” bəyan edib. Qadağanın müvəqqəti xarakter daşıdığı vurğulanır.
Azərbaycan Qida Təhlükəsiziliyi Agentliyindən bildirilib ki, bu məsələ ətrafında araşdırma aparılır. Başa çatdıqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək.
İqtisadçı ekspert Qubad İbadoğlu hesab edir ki, Rusiya bazarına pomidor və almanın buraxılmaması Azərbaycana təzyiq vasitəsidir. Ekspert qeyd edib ki, Rusiya bazarı Azərbaycan üçün qeyri-neft məhsullarının əsas ixrac bazarıdır.
Onun sözlərinə görə, bu bazara göndərilən kənd təsərrüfatı məhsulları arasında pomidor və alma xüsusi yer tutur:“Azərbaycan iş adamları Rusiya bazarında pomidorun tədarük həcminə görə birinci yerdədir. Belə ki, Rusiyanın Federal Gömrük Xidmətinin məlumatına görə, 2019-cu ildə Azərbaycan bu ölkəyə 172,359 min ton (bu məhsulların ümumi idxalının 30,9%-i) təzə və dondurulmuş pomidor idxal edib”.
Q. İbdaoğlu bildirib ki, hesablamalara görə, Rusiya bazarına pomidor ixracı il ərzində ölkəyə 150 milyon ABŞ dollarından çox gəlir gətirir.
“Hesab edirəm ki, bu qərarın dekabrın 10-da Bakıda keçiriləcək hərbi paradla əlaqəsi vardır. Çünki, Azərbaycan ordusu tərəfindən qənimət kimi ələ keçirilən hərbi texnikalar yalnız Rusiyanın istehsalıdır və onların paradda nümayişi Rusiya hərbi sənaye kompleksini nüfuzdan salır. Odur ki, pomidor və almaq qadağasını qələbə paradının əleyhinə olan Rusiyanın cavabı kimi də qəbul etmək olar”- deyə ekspert vurğulayıb./azpolitika.info/