Nüşabə Məmmədova: Münaqişələrin həllində vətəndaş cəmiyyətlərinin rolu danılmazdır

“Regional münaqişələrin həllində vətəndaş cəmiyyətinin rolu” mövzusunda onlayn-zoom konfransı keçirilib.

Məlumatı saytımıza Cojep Beynəlxalq Təşkilatının Azərbaycan nümayəndəliyinin Mətbuat Xidməti verib.

Mənbə bildirir ki, konfransı giriş sözü ilə Cojep Beynəlxalq Təşkilatının BMT-dəki (Cenevrə) koordinatoru Dudu Keles açaraq iştirakçıları salamlayıb.

Cojep Beynəlxalq Təşkilatının Rusiya, Gürcüstan və Mərkəzi Asiya ölkələri üzrə Azərbaycan nümayəndəliyinin rəhbəri Nüşabə Məmmədova öncə Cojep Beynəlxalq Təşkilatı haqqında məlumat verərək bildirib ki, Cojep Beynəlxalq Təşkilatı “Ədalət, Bərabərlik və Sülh Şurası” 1985-ci ildə Fransada yaradılıb və mərkəzi ştab-qərargahı  Fransanın Strasburq şəhərində yerləşir:

“Cojep Beynəlxalq Təşkilatı BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC), UNESCO, Avropa Şurası, OECD və digər nüfuzlu beynəlxalq təşkilatlarında məsləhətləşmə statusuna malikdir, Avropa Parlamenti və ATƏT tərəfindən akkreditə olunmuşdur. Bu qurum Avropanın 14 ölkəsində, eyni zamanda Asiya, Afrika və ABŞ-da fəaliyyət göstərir”.

Nüşabə Məmmədova konfransın müzakirə mövzusu ilə bağlı bildirib ki, regional konfliktlər müasir dünyanın ən böyük problemlərindəndir:

“Hazırda dünyanın demək olar ki, hər tərəfini əhatə edən 50-dən çox münaqişə ocağı mövcuddur. Hərbi münaqişələrdə döyüş meydanına çevrilən yaşayış məskənlərinin dağıdılması nəticəsində milyonlarla insan qaçqına və məcburi köçkünə çevrilir. Hazırda regional münaqişələr nəticəsində dünyadakı qaçqınların sayı 80 milyon nəfərə çatıb.  O bildirib ki, münaqişələrin həllində vətəndaş cəmiyyətlərinin rolu danılmazdır. Lakin bir çox münaqişələr vardır ki, həmin münaqişələrin həllində xalq diplomatiyasının fəaliyyəti nəticəsiz qalır”.

Nüşabə Məmmədova son 30 il müddətində Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin nəticələri barədə söz açıb və qeyd edib ki,  Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan işğal edilən Dağlıq Qarabağda apardığı əks-hücum əməliyyatında parlaq qələbə qazanıb və torpaqlarını azad edib.

Konfransda Qazaxıstan ARGO Assosiasiyasının rəhbəri Madina İbrahimova, Türkiyə İstanbul Universitetinin professoru Halil Bal, Gürcüstan Hüquqşünaslar Birliyinin üzvü, hüquqşünas George Tsobekhia, Qazaxıstanlı siyasi şərhçi Daniyar Kasımov və digər şəxslər məruzə ilə çıxış ediblər.

Konfransın materialları “COJEP DIPLOMATIQUE” jurnalında dərc olunacaq.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password