Dövlət başçısı: “Ermənistanın hərbi cinayətlərilə bağlı hüquqi tədbirlər üçün müvafiq tapşırıqlar vermişik”

“Mən keçən dəfə Dağlıq Qarabağ münaqişəsinə dair bizim mövqeyimiz barədə sizə danışmışdım. Siz ölkəmizə avqustun axırında gəlmişdiniz. O vaxt həm iyul ayında, həm də avqust ayında Azərbaycana qarşı hərbi təxribat, silahlı təxribat üçün iki dəfə cəhd göstərilmişdi. Onlardan birincisi iyul ayında, sərhədin Tovuz rayonu hissəsində, digəri avqust ayında Ermənistan silahlı qüvvələrinin təxribat qrupu təmas xəttindən ölkəmizə soxulmağa cəhd göstərmiş və həmin qrupun rəhbəri saxlanılmışdı. Onun ifadələri məhz silahlı təxribat təşkil etmək niyyətində olduqlarını sübut edirdi. Bu siyasət davam etdi və onunla bitdi ki, sentyabrın axırlarında Ermənistan silahlı qüvvələri növbəti dəfə bizim yaşayış məntəqələrinə hücum etdilər və biz onlara layiqli cavab verməli olduq. Sonra nələr baş verdiyini biz hamımız yaxşı bilirik”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib.

“Qırx dörd günlük silahlı mübarizədən, silahlı əməliyyatlardan sonra sənəd imzalandı. Mən həmin sənədi çox mühüm siyasi sənəd hesab edirəm, o, mahiyyət etibarilə çoxillik qarşıdurmaya nöqtə qoyur. Sizə, həmçinin Rusiyanın rəhbərliyinə, Prezident Vladimir Vladimiroviç Putinə bu mühüm siyasi sənədin hazırlanmasında və qəbul edilməsində şəxsən fəal iştirak etdiyinə görə təşəkkürümü bildirmək istərdim.

Təəssüf ki, hərbi əməliyyatlar dövründə Ermənistan tərəfi müharibə aparılmasının bütün normalarını, habelə humanitar normaları kobud şəkildə pozub. Bizim şəhərlərimiz və kəndlərimiz hər gün bombardmana məruz qalırdı. Nəticədə aralarında uşaqların və qadınların da olduğu 94 dinc Azərbaycan sakini həlak olub, 400-dən çox adam yaralanıb, 3 mindən çox ev yararsız vəziyyətə düşüb, yaxud tamamilə məhv edilib. Hərbi əməliyyatlar zonasının yaxınlığında yerləşən şəhərlər praktiki olaraq hər gün atəşlərə, minaatan və artilleriya atəşlərinə məruz qalırdı, dinc əhalinin məhv edilməsi üçün Gəncə, Mingəçevir, Bərdə və digər şəhərlərə ballistik raketlərlə məqsədyönlü şəkildə hücum edilirdi. Biz bütün bu hərbi cinayətləri – ballistik raketlərdən, kasetli və fosforlu döyüş sursatlarından istifadə edilməsini sənədləşdirmişik və Azərbaycan tərəfinin görəcəyi sonrakı hüquqi tədbirlərlə əlaqədar müvafiq tapşırıqlar vermişik”, – dövlət başçısı əlavə edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password