Ağdamda torpağı qucaqlayıb doyunca öpəcəm, sonra “Qababağ şikəstəsi”ni oxuyacam – Mansum İbrahimov

Ağdama daxil olanda ilk olaraq torpağı qucaqlayıb doyunca öpəcəm. Ondan sonra “Qababağ şikəstəsi”ni oxuyacam. 30 il bu mahnını həsrətlə oxuyaraq haray çəkmişik. Bu dəfə isə bunu sevincdən oxuyacağıq, xalqı sevincə səsləyəcəyik.

Bunu xanəndə, Azərbaycanın xalq artisti, Prezident mükafatçısı Mənsum İbrahimov deyib.

Onun sözlərinə görə, 30 ildir ki, Ağdamın işğaldan azad edilməsi həsrəti ilə yaşayıblar, bu günü gözləyiblər:

“Azərbaycan ordusunun ağdama girməsindən nə böyük hiss ola bilər ki! Çox şükürlər olsun ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz torpaqlarımızı işğaldan azad etdi və xalqımıza elə böyük sevinc bəxş etdi ki, bundan böyük sevinc ola bilməz. Təbii ki, şəhidlərimiz də var. Bizim ailədə də iki şəhid var. Qardaşım oğlu Vətən yolunda şəhid oldu. 7 qardaşımın 3-ü I Qarabağ müharibəsi qazisi, ikisi Qarabağ əlilidir. Şəhid olan qardaşım oğlunun atası, mənim qardaşım da Füzulidə səngərdə döyüşüb”.

M.İbrahimov Azərbaycan xalqının bundan sonra işğal günlərini deyil, işğaldan azad edilmə günlərini qeyd edəcəyini söyləyib:

“Xalqımız da işğal günlərini qeyd etməkdən bezmişdi. Hər ay hansısa işğal, faciə günü qeyd edirdik. Bu günləri nə qədər yad edəcəkdik?! Biz bu günlərdən artıq azad olduq. Bundan sonra biz işğaldan azad olma günlərini bayram kimi qeyd edəcəyik. 20 mindən çox şəhid vermişdik, amma torpaqlarımız da işğal edilmişdi. O zaman bizim indiki kimi gücümüz, bu qədər mütəşəkkil ordumuz yox idi. Bu gün bizim dünyada tanınan, seçilən bir liderimiz var. Sözün əsl mənasında igid olan oğullarımız var ki, onlar torpaqlarımızın azad edilməsi üçün igidlik göstərdilər. Bu torpaqları biz o igid oğullarımızın hesabına qaytardıq. O igidlərimiz hər postda vuruşa-vuruşa torpaqları geri aldı. Qarabağda bütün bölgələrimizdən olan oğullarımızın qanı töküldü. Ona görə də Qarabağ bizim xalq üçün müqəddəs bir məkana çevrildi. Ən əsası odur ki, Qarabağ bütün xalqımızı bir yumruq kimi birləşdirdi. Hər bir Azərbaycan vətəndaşı öz sahəsi üzrə Ali Baş Komandanın ətrafında bir əsgər oldu. Ona görə də biz Qarabağı düşməndən geri ala bildik”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password