“Görünür, Rusiya planı elan olunanda Parislə Vaşinqton şoka düşüblər” – Tomas de Vaal
“Qarabağda qanlı döyüşlərdən sonra hər şey qəfil, bir neçə saatın içində baş verdi. Ən böyük uduzan tərəf Ermənistandır və bunun fəsadlarını illər boyu hiss edəcək. Müxalifət partiyaları əldə olunan razılaşmaya güclü dirəniş göstərir, baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər. Hətta əgər Paşinyan vəzifədən getsə belə, Ermənistanın növbəti lideri çətin ki fərqli qərar verə bilsin”.
Bunları Karnegi Fondunun aparıcı əməkdaşı Tomas de Vaal yazıb. Ekspert yada salır ki, üç il idi Rusiya tərəflərə “Lavrov planı”nı təklif edirdi, ancaq açıq şəkildə belə bir planın olmadığı deyilirdi: “Plana görə, Ermənistan qüvvələri Dağlıq Qarabağ ətrafındakı regionlardan mərhələli şəkildə çıxır, Qarabağ ermənilərinin təhlükəsizliyini təmin etmək üçün Rusiya sülhməramlıları regiona daxil olur. Bu plan Fransa, ABŞ və Avropanın digər ölkələrinin çoxtərəfli həll planlarına zidd idi. Görünür, Rusiya planı elan olunanda Parislə Vaşinqton şoka düşüblər”, – o bildirib.
Müəllif indi Lavrov planının Bakı üçün daha əlverişli şərtlərlə həyata keçirildiyini vurğulayır. “Azərbaycan qalibdir. Qarabağın niyə bütünlüklə işğaldan azad olunmamasının bir neçə səbəbi var. Axı, Xankəndinin hücumla alınması Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurardı”, – deyə Vaal qeyd edib.
“Çox böyük ehtimalla, İlham Əliyev Xankəndini bu şəkildə geri almağı nəzərdən keçirmək istəmirdi. Bu zaman ya Qarabağ erməniləri qaçmalıydılar, ya da onlara yüksək səviyyədə muxtariyyət verilməli, bir qrup üsyançı ermənini razı salmaq üçün Azərbaycan konstitusiyasına dəyişiklik edilməliydi. Ən yaxşısı, kiçik bir ərazidə Qarabağ erməniləri üçün məsuliyyəti Moskvanın boynuna qoymaq idi”, – deyə ekspert vurğulayıb.
Müəllif eyni zamanda Ermənistan ərazisindən Naxçıvana dəhliz açmağın, Xankəndindən Laçın dəhlizi boyunca yeni yol çəkməyin, Ağdam, Kəlbəcər və Laçın rayonlarında yaşayan erməniləri çıxarmağın çətinliklərindən söz açır, Qarabağda əldə olunan sülhün çox riskli olduğunu bildirib./azpolitika.info/