XİN Rusiyaya məxsus Mi-24 hərbi helikopterin vurulması ilə bağlı bəyanat yaydı
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Rusiya Federasiyasının Müdafiə Nazirliyindən aldığı məlumata əsasən bu ilin 9 noyabr tarixində saat 18.30 da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopteri vurulub.
Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda bildirilir:
Bununla bağlı aşağıdakıları qeyd etmək lazımdır:
-helikopter Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında aktiv hərbi döyüşlərin davam etdiyi bir vaxtda Ermənistan-Azərbaycan dövlət sərhədinin tam yaxınlığında uçuşu həyata keçirib.
-uçuş günün qaranlıq vaxtında, aşağı hündürlükdə, hava müdafiəsi sisteminin radar müşahidəsindən kənar zonada həyata keçirilib.
-bundan öncə həmin ərazidə Rusiya Federasiyası Hərbi Hava Qüvvələrinin helikopterləri müşahidə edilməyib.
Qeyd olunan amilləri və bölgədəki gərgin vəziyyəti, habelə erməni tərəfinin mümkün təxribatları ilə əlaqədar yüksək döyüş hazırlığını nəzərə alaraq, növbətçi hərbi bölüm tərəfindən atəşin açılması qərarı verilib.
Təsadüfi xarakter daşıyan və Rusiya tərəfinə qarşı yönəlməyən bu faciəvi hadisə ilə bağlı Azərbaycan tərəfi Rusiya tərəfindən üzrxahlığını bildirir.
Azərbaycan tərəfi həlak olan ekipaj üzvlərinin ailələrinə dərin başsağlığı bildirir və xəsarət alanların tezliklə sağalmalarını diləyir.
Azərbaycan tərəfi müvafiq kompensasiyanın ödənilməsinə hazır olduğunu bildirir.