Kremldən ilk belə bəyanat: Rusiya Ukraynadakı etnik rusları qoruyacaq
Rusiya rusları yaşadıqları hər yerdə, o cümlədən Ukraynanın cənub-şərqində qorumaq niyyətindədir.
Bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ukraynalı bir jurnalistin qondarma “DXR” və “LXR” sakinlərinə pasport verilməsi ilə bağlı sualını cavablandırarkən deyib. “Rusiya həmişə yaşadıqları hər yerdə rusların mənafeyini müdafiə edib və edəcək də”, – Peskov deyib.
“Ukraynanın mövqeyi əsas etibarilə Kiyevin vəzifələri ilə ziddiyyət təşkil edir. Ukrayna vətəndaşı hesab etdiyi şəxslərə qayğı göstərməlidir”, – Peskov deyib və ritorik bir sual verib: – Məgər Ukrayna cənub-şərq sakinlərinin sağlamlığını və sosial vəziyyətini təmin etməklə məşğul olmamalıydı? Kiyev bunlarla məşğul olmadığından, Moskva bu öhdəlikləri öz üzərinə götürür”.
Peskov Minsk razılaşmalarının Rusiyanın “xalq respublikaları” ərazisində yaşayanlara pasport verməsini qadağan etmədiyini də düşünür.
Vurğulamağa dəyər ki, bu, Kremlin Ukraynadakı etnik rusların maraqlarını müdafiə etməyə hazırlığından bəhs etdiyi ilk açıqlamadır.