Separatçıların rəhbərinin Şuşa kilsəsində çəkdirdiyi videomüraciət saxta çıxdı
Qondarma “DQR”-in separatçı rəhbəri Araik Arutunyanın Şuşa kilsəsində çəkildiyi iddia edilən videomüraciəti sosial şəbəkələrdə yayıldıqdan sonra geniş müzakirələrə yol açıb.
Diqqətçəkən məqamlardan biri odur ki, son 10 gün ərzində döyüş əməliyyatları ilə bağlı yayılan videoları, rəsmi məlumatları diqqətlə təhlil etdikdə bu videomüraciətin iddia olunduğu vaxtda, yəni oktyabrın 30-da çəkilmədiyi aydın görünür.
Belə ki, döyüş əməliyyatlarının getdiyi əraziləri, Azərbaycan Ordusunun irəliləmə dinamikasını, azad edilən yaşayış məntəqələrinin yerləşmə coğrafiyasını nəzərdən keçirdikdə asanlıqla müəyyən etmək olur ki, video oktyabrın 30-da deyil, həmin tarixdən ən azı 7-10 gün əvvəl qeydə alınıb.
Müraciətin köhnə olmasına və tələsik hazırlanmasına səbəb isə Azərbaycan Ordusunun tezliklə həmin əraziləri azad edərək nəzarətə götürəcəyini separatçı rejimin rəhbərliyinin anlamasıdır.
Videosüjet təxminən oktyabrın 20-22-si arasında qeydə alınıb. Çəkilişdən dərhal sonra Araik Arutunyan öz “svitası” ilə Qarabağı tərk edib və Ermənistan ərazisində, Ermənistan-Azərbaycan dövlət sərhədinin yaxınlığında qərarlaşıb.
Beləliklə, döyüşlərdə mənasız yerə həyatını itirən və əlil olan erməni gənclərin taleyi həmişəki kimi, Ermənistanın kriminal siyasi-hərbi rəhbərliyini maraqlandırmır./report.az/