Paşinyanın Moskva müraciətinin pərdəarxası…
İkinci Qarabağ Müharibəsi başlayan gündən “tumanını başına çəkən” Ermənistan və onun baş naziri dünyada “qapısına elçi düşmədiyi”, yalvarmadığı dövlət, beynəlxalq qurum qalmayıb. İşğalçının əsas “ümid yeri” isə sözsüz ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri olan Rusiya, Fransa və ABŞ-dır.
Fransanın münaqişə ilə bağlı ermənipərəst mövqeyi çoxdan bəllidir, amma onun bu regiondakı nüfuzu və münaqişəyə təsir imkanları sıfra yaxındır.
ABŞ-da isə prezident seçkisi öncəsi erməni əsilli seçicilərin səsini qazanmaq üçün istər hazırkı hakimiyyət, istərsə də rəqib namizəd Ermənistana “avazı yaxşı gələn” bəyanatlar ünvanlasalar da, heç biri bundan uzağa getmir. Ona görə də İrəvanda yaxşı başa düşürlər ki, hazırda Qarabağın taleyi nə Parisdə, nə də Vaşinqtonda həll olunmur.Bununla yanaşı, müharibənin ilk günlərindən bir gözü, bir qulağı Moskvada olan Ermənistanda Moskvanın bu gün-sabah vəziyyətə “əl qoyacağını” və Azərbaycanı durduracağını gözləyirdilər.
Doğrudur, ilk günlərdən ermənilərin Paşinyan hökumətinin yekəbaşlığı vəədabazlığı vəziyyətin ciddiliyini anlamağa imkan vermədiyi üçün Rusiyaya müraciət etməyə tələsmədilər. Lakin işğalçı dövlətin başı əzildikcə Moskvaya müraciətlərin, çağırışların sayı artmağa başladı.Və nəhayət, oktyabrın 31-də Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə məktub yazaraq, “Azərbaycan və Türkiyənin Dağlıq Qarabağa hücumu” nəticəsində yaranan vəziyyət və ortaya çıxan problemlər barədə məlumat verib.
Məktubda yenə “xarici silahlı terrorçular” barədə nağıllar yer alıb. Sonra Paşinyan Rusiyanın dövlət başçısına Ermənistan və Rusiya arasındakı 29 avqust 1997-ci il tarixli “Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi” nin 2-ci maddəsini əsas götürərək, hərbi əməliyyatların Ermənistan sərhədinə yaxınlaşmasını nəzərə alaraq, Moskvanın təmin edə biləcəyi yardım növünü və miqdarını təyin etmək üçün dərhal məsləhətləşmələr aparmağı təklif edib. Yəni adi dilə çevirsək, Rusiyadan rəsmən yardım istəyib.
Rusiya Xarici İşlər Nazirliyinin Paşinyanın məktubuna rəsmi cavabı isə özünü çox gözlətməyib. Özü də qeyd edək ki, məktub Putinə ünvanlansa da, cavabı Rusiya Prezidenti deyil, XİN verib. Nazirlik cavabında bildirib ki, Rusiya ilə Ermənistan arasında 29 avqust 1997-ci il tarixli Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsindən irəli gələnlər də daxil olmaqla, Ermənistan Respublikası iləəlaqəli müttəfiqlik öhdəliklərinə görə bu Müqavilənin bir sıra maddələri ölkəərazisinə silahlı hücum və ya təcavüz aktı təhlükəsi olduqda konkret hərəkətləri nəzərdə tutur.
Nazirlik bildirir ki, müqaviləyə uyğun olaraq, Rusiya qarşıdurmalar birbaşa Ermənistan ərazisinə keçərsə, İrəvana lazımi bütün köməklikləri göstərəcək. Vəssalam!
Bu, Vladimir Putinin hələ müharibənin ilk günlərində söylədiyi fikrin, sərgilədiyi münasibətin təkrarından başqa bir şey deyil. Bununla da bir daha təsdiqlənmiş oldu ki, Rusiya beynəlxalq hüququn tələb və normalarını açıq-aşkar tapdalayaraq, Ermənistanın beynəlxalq cinayətlərinə qoşularaq, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa hərbi müdaxilə etmək fikrində deyil.
Hansı ki, Ermənistan Rusiyanın münaqişəyə açıq hərbi müdaxiləsini, ya da Azərbaycana hansısa digər formalarda güclü təzyiqini, məsələn bizim ərazilərdə Suriyada olduğu kimi uçuş üçün bağlı zona yaradılmasını və s. istəyirdi. Ancaq göründüyü kimi, nəinki istədiyi cavabı ala bilmədi, əksinə, növbəti dəfə Ermənistanı, erməni cəmiyyətini və sınıq-salxaq ordusunu Rusiya ilə bağlı xəyal qırıqlığına uğratdı.
Ermənilərin Rusiyadan gözləntilərinin üstündən növbəti dəfə xətt çəkmiş oldu. Doğrudur, Azərbaycan Prezidentinin də dediyi kimi, Ermənistandakı hərbi bazadan silah-sursat ötürülməsindən tutmuş durmadan işğalçı ölkəyə hərbi texnika və raket qurğuları daşınmasına qədər dəstək verilməsinə baxmayaraq, Moskva bu müharibədə açıq-aşkar tərəf kimi görünməkdən yayınır. Özü də bu, təkcə Rusiya rəhbərliyinin Paşinyan hökumətinə neqativ münasibətindən deyil, beynəlxalq hüququn danılmaz tələblərindən, Moskvanın Azərbaycanla rəsmi strateji portnyorluq münasibətlərinin mövcudluğundan, hər hansı hərbi müdaxilə nəticəsində Azərbaycanı önəmli regional tərəfdaş kimi birdəfəlik itirmək perspektivindən və nəhayət, dünyada baş vermiş geosiyasi dəyişikliklərdən irəli gəlir.
Burada da regionun və dünyanın danılmaz güc mərkəzlərindən birinə çevrilən Türkiyə amili əhəmiyyətli rol oynayır. Hətta hər zaman rəsmi Ankaraya zidd mövqelər sərgiləyən İran belə bu münaqişənin həllində Türkiyənin iştirakının vacibliyini etiraf edir. İran Prezidentinin səlahiyyətli nümayəndəsi Bakı, Moskva və İrəvana səfərləri əsnasında təqdim etdiyi həll variantında da Türkiyənin iştirakının vacibliyi rəsmən qeyd olunub.
Həmçinin, Vladimir Putin də bir neçə gün əvvəl Türkiyənin nizamlanma prosesində iştirakının mümkünlüyündən danışıb. Əslində, qardaş dövlət bu prosesdə onsuz da faktiki olaraq iştirak edir. Bunu Azərbaycan və Ermənistan tərəflərinin Rusiyanın iştirakı ilə baş tutan hər diplomatik təmasından sonra bu barədə Rusiya XİN rəhbərinin Mövlud Çavuşoğlunu məlumatlandırması da təsdiqləyir.
Qardaş Türkiyənin isə münaqişə ilə bağlı mövqeyi məlumdur. Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya prezidentilə telefon danışığında Qarabağ münaqişəsindəki “qırmızı cizgi” barədə açıq danışdığını bütün dünyanın diqqətinə çatdırdı. Ermənistanın hərəkətləri və Moskvaya yalvarışları isə İrəvanın Rusiyanın bu “qırmızı cizgini” keçməsi arzusundan başqa bir şey deyil ki, bu addımı da Rusiyanın atmayacağı ilk başdan məlum idi.Bəs Rusiyanın cavabının nə olacağını öncədən bildiyi halda Paşinyanın özününü də, xalqının da qürurunu ayaq altına ataraq, bu məktubla çıxış etməsinin arxasında hansı maraqlar durur?
Əgər Rusiyanın Ermənistanla rəsmi sazişə sadiqliyi yoxlanılırsa, Moskva bundan öncə də bildirmişdi ki, həmin sazişə və KTMT-nin nizamnaməsinə sadiqdir. Lakin hərbi əməliyyatlar Ermənistan ərazisində getmir, ona görə də Moskvanın hər hansı açıq müdaxiləsindən söhbət gedə bilməz. Deməli, bu müraciətdəəsas məqsəd başqadır və onun kökündə Ermənistanın maraqlarından daha çox Paşinyanın çıxarları durur.
Məqsəd Ermənistanı, Qarabağdakı quldur rejimi, topa-topa ölümə göndərilən erməni əsgərlərini qorumaq yox, indiki hakimiyyətin siyasi maraqlarını təmin etməkdir. Çünki Moskvanın cavabı dolayısı ilə hakimiyyətə Rusiyanı növbəti dəfə erməni cəmiyyətinin gözündən salmaq, onu ermənilərə xəyanət etmiş, dəstək göstərməmiş kimi təqdim etmək, etibarsız tərəfdaş və himayədar olduğunu ortaya qoymaq imkanı verir. Doğrudur, Paşinyan və onun hökuməti bu qənaəti açıq şəkildə ermənilərlə bölüşməyəcək, ancaq buna heç ehtiyac da yoxdur, çünki erməni cəmiyyəti özü Moskvanın cavabından nəticə çıxarır.
Nəhayət, istisna etmək olmaz ki, cavabını əvvəlcədən bildiyi bu müraciəti ünvanlamaqla Paşinyan öz yaxasını kənara çəkmək, məğlubiyyətin məsuliyyətini boynundan ataraq, “Rusiya kömək etmədi” görüntüsü yaratmaq, erməni cəmiyyətinə onun tutduğu “Soros xətti”nin səhv olmadığını isbatlamaq istəyir.Və bununla da hakimiyyətə gələndə boynuna götürdüyü missiyanı həyata keçirir. Çünki yuxarıda da qeyd etdiyimiz kimi, həmin məktuba verilən cavab ermənilərə və onların onsuz da çökmüş ordusuna ümidsizlik və xəyal qırıqlığından başqa heç nə vermədi.
Və yəqin Paşinyan da daxil olmaqla ermənilərin çoxu nəhayət qanmağa başlayıb ki, artıq dünya dəyişib və Qarabağın taleyi daha hansısa dünya paytaxtlarının birində yox, elə Qarabağın özündə, Azərbaycanın əbədi və əzəli torpaqlarında həll olunur. /Azpolitika.info