“Karantin daha da sərtləşdirilməli, sms icazə bərpa edilməlidir, yoxsa…” – Adil Qeybulla

 

Həkim-professor Adil Qeybulla son həftələrdə koronavirusla mübarizədə ölkəmizdə müşahidə olunan vəziyyətlə bağlı müsahibə verib.

Həmin müsahibəni təqdim edirik.

– Doktor, koronavirusla mübarizənin ilk günlərindən vətəndaşlara tövsiyələrinizi verir, çağırışlar edirsiniz. Son günlər statistikada 4 rəqəmli yoluxma sayları müşahidə olunur. Sizcə, bu nədən xəbər verir?

– Bütün dünya üzrə yoluxma statistikasında artım tendensiyası müşahidə olunur. Bunu dünya ekspertləri prosesin ikinci mərhələsi adlandırır. Çünki virus xeyli mutasiyaya uğrayıb. Mutasiyanın gedişində müəyyən dəyişikliklər var və biz bunu müşahidə edirik. Hesab edirəm ki, bu mərhələ pik dövrünü yaşayacaq və daha sonra rəqəmlərdə azalma müşahidə olunacaq.

– Bu günə qədər ölkəmizin virusla apardığı mübarizəni necə qiymətləndirirsiniz? Yoluxma statistikasının artmasına səbəb nə oldu?

– Yoluxmalar azalsa da, bununla yanaşı karantin tədbirləri görülməlidir. Karantin tədbirlərinin məqsədi infeksiyanın daha çox areala yayılmasının qarşısını almaq və infeksiyadan daha az itkilərlə çıxmaqdır. Azərbaycanda koronavirus infeksiyası pik dövrünü yaşamadı. Bizdə nisbətən uğurlar vardı. Buna baxmayaraq ikinci mərhələdən sonra görülməmiş, rekord həddə yoluxmalar qeydə alındı. Bu, bizi narahat etməyə bilməz. Təbii ki, vətən torpaqlarının alınması uğrunda gedən haqq savaşında bu emosional vəziyyət sanki pandemiyanı arxa plana keçirib, unutdurub. Bu baxımdan da yoluxma üçün şərait yarandı. Metro bağlandı, ictimai nəqliyyatda sıxlıq yarandı. Orta məktəblərdə dərslər başlamışdı, xeyli təmaslar var idi. Bakıdan rayonlara yollar bağlı idi, amma yumşalmalar oldu, gediş-gəliş bərpa olundu. Sanki koronavirus arxa plana keçdi. Eyni zamanda insanlar qapalı mühitdə karantin qaydalarını gözləməməyə başladı. Maska taxmamaq, sosial məsafə gözləməmək, şəxsi gigiyena qaydalarına riayət etməmək xeyli yoluxma potensialı yaratdı.

– İndiki vəziyyətdə hansı addımlar atılmalıdır?

– Düşünürəm ki, qapalı mühitdə tədbirlərin həyata keçirilməsi üçün karantin qaydaları sərtləşdirilməlidir. Yəqin ki, dövlət müəyyən tədbirlər görəcək. Artıq bəzi rayonlara giriş-çıxış qapadılıb. Təhsil müəssisələrində təhsil dayandırılmışdı, indi isə distant formada həyata keçirilməsi üçün qərar verildi. Həftəsonu ictimai nəqliyyat təxirə salınıb. Ola bilər ki, sms icazə də bərpa edilsin. Bu, qabaqlayıcı tədbir ola bilər.

– Siz hər zaman çağırışlarınızda sərt karantin rejiminin düzgün qərar olmadığını hesab edirdiniz. Necə oldu ki, fikrinizi bu istiqamətdə dəyişdiniz?

– Ona görə ki, insanlar karantin davranışlarına əməl etmirlər, özləri bu vəziyyəti yaradırlar. Deməli, maarifləndirmə əhəmiyyət vermir. Təbii ki, maarifləndirmədə qüsurlar var. Amma bu yoxdursa, nə etmək olar? İndiki dövrdə ölkəmizdə yeni siyasi situasiya yaranıb, Qarabağ savaşı aparırıq. Bu infeksiyanın ön cəbhəyə keçməsinin qarşısını almaq üçün hər şeyə hazır olmalıyıq. Mən əvvəllər hesab edirdim ki, bu lazım deyil, çünki insanlar evdə xəstəliyi keçirirlər. Amma indi Azərbaycan həyati əhəmiyyətli fəaliyyətlə məşğuldur. Bu, Vətən savaşıdır. Ona görə də hər bir tədbiri məqbul hesab edirəm./teleqraf.com/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password