General Arkadi Karapetyan: “Döyüşlər Şuşa divarları altında gedir, köməyə gəlin, yoxsa Ermənistana qoşunla gələcəyik…”
Dağlıq Qarabağdakı erməni hərbi elitasının daha bir lideri, general Arkadi Karapetyan Azərbaycan Ordusunun Şuşanın həndəvərinə çatdığını bildirib və Ermənstandan hamını köməyə çağırıb. Bildirib ki, əks halda onlar Ermənistana qoşunlarla gedəcəklər.
Əvvəlcə Karapetyan barədə qısaca. Arkadi Karapetyan ermənilərin “əfsanəvi komandirlərindən” biridir. 1958-ci ildə Xankəndində anadan olub, hələ ötən əsrin 70-ci illərində Dağlıq Qarabağda gizli erməni separatçı hərəkatında yer alıb. 90-ci illərin sonlarında isə Qarabağda erməni separatizmini alovlandıranlardan biridir. 1988-ci ildə Yerevanda yaradılan “Qarabağ” komitəsinin üzvü, separatçı “Krunk” təşkilatının sədr müavini olub. 1989-1991-ci illərdə “Daşnaksütun” sıralarında yer alıb.
Dağlıq Qarabağdan azərbaycanlıların qovulmasına bilavasitə başçılıq edib və 1990-1992-ci ildə separatçıların “müdafiə ordusunun” komandanı olub. Daha sonra separatçıların “özünümüdafiə komitəsi”nin üzvü kimi Qarabağın işğalına rəhbərlik etməyə başlayıb. 1992-ci ilin mayında Arkadi Karapetyan Şuşaya hücuma başçılıq edənlərdən biri idi. Onun başçılıq etdiyi dəstələr şərq istiqamətindən-Şoş kəndindən Şuşaya həmlə etmişdi. Daha sonra Karapetyan Ermənistanda Levon Ter-Petrosyanın hakimiyyəti dövründə, polkovnik rütbəsində ordunun kəşfiyyat rəisi və polk komandiri (1993-1996) olub. 1997-ci ildə Qarabağa qayıdıb və müharibə veteranları ittifaqını yaradaraq ona rəhbərlik etməyə başlayıb. Hazırda o, öz dəstəsi ilə Qarabağda döyüşməkdədir. Əvvəllər çıxışlarında Qarabağ münaqişəsinin həllinin “Bakını almaqla mümkün olacağını” deyirdi.
Arkadi Karapetyan Facebook üzərindən yaydığı videomüraciətində deyir: “Ermənistanda insanlar burada baş verənlərdən xəbərsizdir. Müharibə Şuşanın ətrafında gedir. Buradan sizə nə dediklərini bilmirəm, amma müharibə az qala Şuşa divarlarının altına çatıb. Türklər bizimlə qarşılaşmırlar, sadəcə toplarla, raketlərlə işləyirlər, gəlib ölmüş oğlanlarımızın mövqelərində otururlar. Mən bunu çaxnaşma yaratmaq üçün demirəm, ona görə deyirəm ki, indi bizim qoz-fındığa və şirniyyatlara deyil, köməyinizə ehtiyacımız var. Yoxsa Ermənistana biz qoşunlarla gələcəyik. Birləşmiş erməni xalqıyıqsa, kömək edin. Ya da deyin tək qalmışıq. Hava məkanını bağlamaq üçün müasir silahlara ehtiyacımız var. Bu sirr deyil, bütün Qarabağ bunu bilir, görür. Elə indi də, bu gün də başımıza göydən nə gəldi tökürlər, heç nə edə bilmirik…”
Erməni sosial şəbəkə istifadəçiləri isə dərhal Karapetyanın müraciətinin altından onu qınayan şərhlər yazmağa başlayıblar. Xatırladaq ki, bundan əvvəl qondarma rejimin rəhbəri Araik Arutyunyan da Şuşa kilsəsinə gələrək orada şam yandırmışdı, dua etmişdi və müraciətlə çıxış edərək Azərbaycan Ordusunun böyük qüvvə ilə Şuşanın 5 kilometrliyinə çatdığını bildirmişdi./virtualaz.org/