Azərbaycan dünya hərb tarixində yeni səhifə açdı – Belə savaş olmayıb
Azərbaycan Ordusunun Ermənistanın təxribatlarına cavab olaraq Qarabağda başladığı əks-hücum əməliyyatı dünyanın hərbi mərkəzləri tərəfindən də diqqətlə izlənilir.
Dünyanın müxtəlif ölkələrini təmsil edən hərbçilər, bu sahə üzrə mütəxəssislərin fikrincə, Azərbaycan 21-ci əsrdə müharibə aparmağın nümunəsini ortaya qoyub.
Rusiyalı hərbi ekspert, “Milli Müdafiə” dərgisinin baş redaktoru İqor Korotçenko Azərbaycan Ordusunu nəzərdə tutaraq deyib ki, bir ordunun başqa bir ordu ilə döyüşdə bu qədər yüksək dəqiqliklə silahdan istifadə etməsi nümunəsini dünya hələ görməmişdi. “Əminliklə söyləyə bilərəm ki, döyüş əməliyyatları zamanı müasir silahlardan – pilotsuz təyyarələrdən, döyüş sursatından, yüksək dəqiqliklə hədəfi məhv etmə vasitələrindən bu miqyasda istifadə olunması dünyanın aparıcı ölkələrinin baş qərargahları tərəfindən diqqətlə öyrənilir. Bir ordunun başqa bir ordu ilə döyüşdə bu qədər yüksək dəqiqlikli silahdan istifadə etməsi nümunəsini dünya hələ görməmişdi”, – deyə o bildirib.
Hərbi eskpert diqqəti Azərbaycan Ordusunun Pilotsuz Uçuş Aparatlarının (PUA) istifadəsinə diqqət çəkərək deyib: “Hücum dronlarının istifadəsinin miqyası və intensivliyi baxımından bu, dünya tarixində ilkdir. Nə ABŞ, nə Rusiya, nə İsrail, nə də dünyanın başqa bir ölkəsi belə bir miqyasda dronlardan istifadə etməyib. Bu tip qarşıdurmalarda PUA-lar mübahisəsiz-filansız öz üstünlüyünü sübut etdi. Bura Azərbaycan ordusunun düşmənin hava hücumundan müdafiə qüvvələrini və vasitələrini ləğv etmək, ardınca onun zirehli maşınlarını, yüksək səviyyədə qorunan hədəflərini və canlı qüvvəni sıradan çıxarmaq üçün pilotsuz təyyarələrdən kütləvi istifadəsinə yönəlik taktikası da əlavə edilməlidir”.
Azərbaycan Ordusunun Qarabağı Ermənistanın işğalından azad etmək uğrunda apardığı müharibənin aparıcı ölkələr tərəfindən hərbi baxımından diqqətlə izlənilməsi, öyrənilməsi PUA-lardan məharətlə istifadə etməklə canlı qüvvə itkisini minimuma endirmsəilə bağlıdır.
İqor Korotçenko Azərbaycan Ordusunun uğurlarını bu amillərlə izah edib: “Bu baxımdan Azərbaycan həm hərbi uğurlar qazandı, həm də Dağlıq Qarabağda yaşayan mülki şəxslərin həyatını qoruyub saxladı. O səbəblə düşünürəm ki, döyüş əməliyyatlarının aparılması taktikası sahəsində bundan sonra ciddi dəyişikliklər olacaq. Şübhəsiz ki, Azərbaycan Ordusunun təcrübəsi ətraflı öyrəniləcək”.
Rusiya mediası da Qarabağda aparılan müharibəyə diqqət çəkərək bu ölkənin oxşar döyüşlərə hazır olub-olmaması barədə material işləyib. Materialda xüsusilə Azərbaycan Ordusunun dronlardan peşəkar istifadəsinə diqqət çəkilib.
Ümumiyyətlə, hərbi ekspertlər düşünür ki, Qarabağda Azərbaycan Ordusunun apardığı müharibə dünya hərb tarixində yeni səhifənin açılmasını şərtləndirib./yenisabah.az/