Qarabağ söhbəti bitdi: İrəvan düşünməlidir ki… – Şahnazarov
Erməni cəmiyyətinin guya ABŞ-ın siyasi istiqamətini dəyişdirmək gücündə olan erməni diasporu haqda ümidləri xülyadır. Erməni diasporu İsrail, yaxud, məsələn, İrlandiya diasporundan daha zəifdir. Şişirtməyə gərək yoxdur.
Bunu Rossiya-1 telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” verlişinin efirində erməni əsilli rusiyalı kinorejissor Karen Şahnazarov deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi məsələsi mümkün deyil:
“Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanıdığı təqdirdə mümkün olacaq. Bu, yalnız Ermənistan ordusunun Bakıya daxil olduğu halda baş verə bilər. O da heç vaxt olmayacaq! Ermənilərin buna nə gücü, nə də imkanları var. Odur ki, İrəvan hər halda kompromisə getməlidir və həmin kompromis çox ciddi olmalıdır.
Bu mənada Ermənistanın gələcəyini də ölçüb-biçmək lazımdır. Son nəticədə əsas məsələ Ermənistan və orada yaşayan erməni xalqıdır. Çünki diasporlar budaqlardır, gövdəsi isə Ermənistandır. Hazırda Ermənistan mühasirədədir. Bəli, İran Ermənistana kifayət qədər xeyirxah münasibət bəsləyir, – bu gün belədir, amma bir müddət sonra onun özünü necə aparacağını bilmirik. İranda 20 milyon azərbaycanlı (əslində isə 40 milyondur – red.) yaşayır, onlar hələ ki, kifayət qədər ehtiyatlı davranırlar. Bu baxımdan Ermənistan hökumətinin düşünməli olduğu bir məsələ var.
Dağlıq Qarabağ münaqişəsi Abxaziya və Cənubi Osetiyaya oxşamır. Anlamaq lazımdır ki, Qarabağ Azərbaycan Respublikasının bütün dövlətlər, o cümlədən Ermənistanın özü tərəfindən rəsmi olaraq tanınan ərazisidir. Buna görə də Ermənistan rəhbərliyi bu məsələnin həlli uğrunda ən müxtəlif variantları nəzərdən keçirmək üçün özündə güc tapmalıdır”./axar.az/