Ermənistana xəbərdarlıq edildi – RƏSMİ
“Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən bəyan edildiyi kimi, humanitar atəşkəs qətiyyən sülh demək deyil”.
Bunu bu gün Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.
A. Eyvazov deyib ki, Ali Baş Komandanın göstərişinə əsasən, Azərbaycan Ordusu hazırda əməliyyat ərazisində humanitar atəşkəs rejimini tam təmin etməklə, ərazidə olan cəsədlərin toplanması, eyni zamanda tərəflərdə olan əsirlərin dəyişdirilməsi üçün lazımi şəraiti yaratmaqdadır: “
Lakin təəssüf ki, Ermənistan tərəfi humanitar atəşkəs rejiminə məhəl qoymadan dəfələrlə işğaldan azad edilmiş əraziləri, o cümlədən Cəbrayıl şəhərini artilleriya atəşinə məruz qoyur. O cümlədən Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində – Tovuz və Gədəbəy rayonlarında Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqdadır. Bundan başqa, Ermənistan ordusu humanitar atəşkəs rejiminin yenidən elan olunduğu dövrdən bəri Ağdərə, Füzuli, Hadrut, Cəbrayıl istiqamətində hücuma keçməyə cəhd göstərib. Bütün hallarda Ordumuzun bölmələri tərəfindən Ermənistan Ordusunun bölmələri qətiyyətli şəkildə dəf edilib və düşmən itki verərək geri çəkilməyə məcbur edilib.
Düşmənə xəbərdarlıq edirik ki, Ermənistan ordusu humanitar atəşkəs rejiminə məhəl qoymadan yenə əməliyyat bölgəsində gərginlik yaratmağa davam edərsə, Ordumuz tərəfindən daha kəskin şəkildə adekvat tədbirlər görüləcək”.