Bu ilin 9 ayında ölkədə neft-qaz hasilatı ilə bağlı operativ məlumatlar açıqlanıb

2020-ci ilin yanvar-sentyabr aylarında operativ məlumatlara əsasən, Azərbaycanda 26,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 2,1 milyon ton az olub.

Energetika Nazirliyindən bildirilib ki, Respublika üzrə neft hasilatının 17,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,7 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə (kondensatla birlikdə) 5,6 milyon ton təşkil edib.

Cari ilin 9 ayında 21,5 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bu 2019-cu ilin 9 ayına nisbətən, təxminən, 1,9 milyon ton, yəni 8 faiz azdır. Neft-kondensatın 20,4 milyon tonu konsorsium, 1,1 milyon tonu isə SOCAR üzrə ixraca nəql edilib.
2020-ci ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən 5,9 faiz, yəni 1,5 milyard kubmetr artımla 27,5 milyard kubmetr qaz hasil edilib. Qaz hasilatının 8,7 milyard kubmetri AÇG-dən, 13,3 milyard kubmetri isə “Şahdəniz”dən əldə edilib. SOCAR üzrə bu dövrdə 5,5 milyard kubmetr qaz hasil olunub.

Bu dövrdə xaricə qaz satışı 9,6 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,7 faiz çoxdur. Cari ilin 9 ayında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 21,3 faiz çox, yəni 7,9 milyard kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 1,6 milyard kubmetr olub. Qeyd edək ki, TANAP ilə Türkiyəyə bu müddətdə 3,2 milyard kubmetr qaz nəql olunub.

2018-ci ilin iyun ayının 30-dan 2020-ci ilin oktyabr ayının 1-dək TANAP-la Türkiyəyə təqribən 7,1 milyard kubmetr qaz nəql edilib.

 

Azəri-Çıraq-Günəşli və “Şahdəniz” yataqları istismara veriləndən 01 oktyabr tarixinədək ümumilikdə 547,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. AÇG-dən 518,2 milyon ton, “Şahdəniz”dən isə 29,4 milyon ton kondensat çıxarılıb. Azəri-Çıraq-Günəşli və “Şahdəniz” yataqları istismara veriləndən 2020-ci ilin 1 oktyabr tarixinədək 547 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.

Bu dövrdə “Azəri-Çıraq-Günəşli”dən 173,7 milyard kubmetr, “Şahdəniz”dən isə 130,1 milyard kubmetr qaz hasil edilib. “Şahdəniz” yatağı istismara veriləndən cari ilin 1 oktyabr tarixinədək 86,5 milyard kubmetr qaz ixraca nəql edilib.

Ölkədə neftin emala təhvili 2020-ci ilin 9 ayında 4347 min ton təşkil edib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 385,9 min ton az olub.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password