25 sentyabr tarixində Vaşinqton Beynəlxalq Piano İncəsənəti Şurası (Washington International Piano Arts Council – WİPAC) və Sönməz Məşəl Mədəni Əlaqələr İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və ABŞ-dakı Səfirliyinin dəstəyi ilə bəstəkar, milli operanın banisi Üzeyir Hacıbəyovun anadan olmasının 135-ci ildönümü münasibətilə tədbir keçirilib.
WİPAC-in İdarə heyətinin üzvü və təsisçisi Şato Qardeki tədbiri açıq elan edərək təşkilatçılara və dəstək olanlara təşəkkürünü bildirib. Dahi bəstəkar Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı haqqında məlumat vermiş, eləcə də Azərbaycan Respublikasının Dövlət himnin müəlliflərindən biri olduğunu qeyd edib. Daha sonra çıxış edən Səfirliyin müşaviri Orxan Zeynalov tədbirin ərsəyə gəlməsində zəhməti keçən hər kəsə təşəkkürünü bildirib. O.Zeynalov ABŞ-da Azərbaycanın Qarabağ bölgəsində doğulmuş tanınmış bəstəkar Ü.Hacıbəyova həsr olunmuş belə bir tədbirin keçirilməsinin əhəmiyyətindən, iki ölkə arasında mədəni əlaqələrin inkişafına böyük töhfə verməsindən bəhs etmiş və WİPAC-in rolunu mədəni diplomatiyanın inkişafında xüsusi rolunu vurğulayıb.
Tədbirdə Marina Şinko (soprano) və Frenk Konlonun (pianoçu) ifasında dahi bəstəkar Üzeyir Hacıbəyovun şairimiz Nizami Gəncəvinin şeirinə bəstələnmiş “Sevgili Canan” əsəri və “Koroğlu” operasından Uvertura səsləndirilmişdir. Həmçinin tədbirdə tanınmış dünya bəstəkarlarının ifaları səsləndirilib.
Qeyd edək ki, Vaşinqton Beynəlxalq Piano İncəsənəti Şurası Azərbaycan Dillər Universiteti və Sönməz Məşəl Mədəni Əlaqələr İctimai Birliyi ilə 2017-ci ildən əməkdaşlıq edir. Eyni zamanda 2019-cu ildə Vaşinqton şəhərində WİPAC-in təşkilatçılığı ilə şair İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbir keçirilmiş və Nəsiminin “Sığmazam” fəlsəfi qəzəlinə amerikalı bəstəkar Andreü Celentanonun musiqi bəstələyib.