“Xərcləyəcəyimiz vəsaitin iki qatını götürəcəyik” – Ekspert gözlənilən müharibənin xərcləri haqda

Xüsusilə son günlər Ermənistanla müharibənin başlayacağı haqda fikirlərə həm mediada, həm də sosial şəbəkələrdə tez-tez rast gəlirik. Maraqlıdır, Azərbaycanın hazırkı pandemiya şəraitində müharibə elan etməsi ölkəyə iqtisadi baxımdan necə təsir edə bilər?

Məsələ ətrafında danışan iqtisadçı-ekspert Natiq Cəfərli indi müharibə üçün uyğun vəziyyətin olmamasını bildirib:

“Azərbaycan həm valyuta ehtiyatı baxımından, həm də iqtisadi potensial cəhətdən Ermənistandan qat-qat üstündür. Ümumdaxili məhsul, insan potensialına görə üstünlüyümüzün nəticəsidir ki, Cənub Qafqaz iqtisadiyyatının 65-70 faizi Azərbaycanın payına düşür.

İndiki dönəmdə pandemiya ilə əlaqədar iqtisadiyyatın durma nöqtəsinə gəlməsi, neft qiymətlərinin enməsi ilə əlaqədar valyuta gəlirlərinin kəskin azalması, işsizliyin çoxalması kimi məsələlər müharibə üçün iqtisadi nöqteyi-nəzərdən o qədər də uyğun bir vəziyyət deyil. Lakin bir şeyi də nəzərə almaq lazımdır ki, torpaqların işğaldan azad olunması tək bir iqtisadi kateqoriya ilə ölçülən məsələ deyil”.

Ekspert işğal olunmuş torpaqların azad olunmasından sonrakı mərhələni ölkə iqtisadiyyatının daha da canlanması kimi səciyyələndirib:

“Azərbaycan işğal faktını sonlandırmalıdır, torpaqlarımız azad olunmalıdır. Bundan əlavə təbii ki, iqtisadi xərclər olacaq. Valyuta ehtiyatlarımız sərf ediləcək.Amma Qarabağ probleminin Azərbaycanın bütövlüyü çərçivəsində həlli iqtisadi fürsətləri gələcəkdə daha da artırmağa imkan verəcək. Çünki Azərbaycanın bir çox hallarda iqtisadi potensialının açılmasına mane olan əsas faktor işğal faktorudur.

Belə ki, böyük bir ərazi işğal altındadır və orda hansısa iqtisadi fəaliyyət göstərmək mümkündür. Eyni zamanda müharibə şəraiti xarici iqtisadi əlaqələrə də, qeyri-neft sektorunun inkişafına da mane olan nüanslardandır. Ona görə də işğal faktrounu sonlandıra bilsək xərclədiyimiz vəsaitin qat-qat artığını iqtisadi fəaliyyətin genişlənməsi hesabına geri qaytara bilərik. Bu baxımdan müharibə aparılması və torpaqların azad edilməsi tək iqtisadi pəncərədən baxılası məsələ deyil”./sfera.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password