QARABAĞA PKK TERRORÇULARININ KÖÇÜ… – Ermənistan özünü tələyə salıb
Nikol Paşinyan hakimiyyətinin ömrünü uzatmaq üçün cinayətkar şəbəkələrlə işbirliyinə gedir
Nikol Paşinyan hakimiyyəti Suriya və Livandakı erməni terrorçularının, həmçinin ərəb ölkələrindəki PKK-çıların Qarabağa köçürülməsi prosesini reklam etməklə ciddi səhvə yol verdiyini anlasa da, artıq “ox yaydan çıxıb” və beynəlxalq cinayəti ört-basdır etməklə bağlı cəhdlərin mənası qalmayıb. Əgər bir neçə il əvvəl işğal olunmuş Azərbaycan ərazilərinin narkotik plantasiyaların salınması və terrorçu qruplaşmaların təlim keçməsi üçün nəzarətsiz zonaya çevrildiyi sadəcə dar çərçivədə məlum idisə, artıq Ermənistanın həyata keçirdiyi cinayətlər geniş çevrələrdə müzakirə olunmaqdadır.
Türkiyənin “Cümhuriyet” qəzeti ötən həftə PKK terror təşkilatının “xüsusi təyinatlı qüvvələri”nin erməni işğalı altında olan Qarabağ ərazilərinə yerləşdirildiyi barədə məlumat yayıb. Xəbərdə bildirilirdi ki, Dağlıq Qarabağa göndərilən PKK-nın “xüsusi təyinatlı qüvvələri” ermənilərə hərbi təlim keçəcəklər. İddialara görə, erməni əsgərlərlə PKK arasındakı bu işbirliyi Fransanın vasitəçiliyi ilə baş tutub. Bundan əvvəl “Livan partlayışından zərər çəkən erməni ailələrinin Ermənistana köçürülməsi” adı altında terrorçuların Qarabağa köçürülməsi və təlim prosesinə cəlb edilməsilə barədə silsilə yazılar dərc edildi. Bu yazıların ilk xəbər qaynağı isə erməni mənbələri oldu. Azərbaycan rəhbərliyinin bəyan etdiyi kimi, Ermənistan bu kimi cinayət faktlarını hətta gizlətmədən, açıq-aşkar şəkildə tirajlamaqla sanki bütün dünyaya meydan oxumaq istədi. Ancaq Ermənistan rəhbərliyinin və Qarabağdakı separatçı rəhbərliyin bu kimi davranışları, daha konkretləşdirsək, yekəbaşlığı hətta bəzi ermənilərin özlərini də heyrətləndirib.
İşğal altında olan Qarabağın “Milli Təhlükəsizlik Şurası”nın keçmiş katibi Vitali Balasanyan jurnalistlərə verdiyi müsahibəsində deyib ki, “bu gün Ermənistan və Qarabağ ən azı daxili və xarici arenada çox təhlükəli siyasət yürüdür”. V.Balasanyan qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan etiraz aksiyaları başlayana qədər gözləməməlidir. “O, könüllü olaraq getməlidir. Nikol Paşinyan da daxil olmaqla, belə bir istəyi ifadə edən bütün siyasətçilər və qüvvələrlə görüşməyə hazıram”, – deyə Balasanyan yekunlaşdırıb. Balasanyan Arutyunyanın “danışıqlar olmayacaq”, həmçinin N.Paşinyanın cəfəng “Artsak-Ermənistandır” sözlərinə də etiraz edib. Deyib ki, “bu, çox təhlükəlidir”.
Təbii ki, N.Paşinyan ölkə daxilindəki etirazları arxa plana keçirmək üçün hətta lokal hərbi toqquşmalara da getmək istəyərdi. Baş nazir bununla müxalifətin əl-qolunu bağlayıb, diqqəti xarici düşmənə-Azərbaycana yönəltməyi çox arzulayır. Elə terrorçuların Qarabağa köçürülməsi, həmçinin cəbhədəki son təxribatlar da buna hesablanıb. Lakin erməni müxalifəti Paşinyanla haqq-hesabı tezliklə çürütmək istəyir. Oktyabrın 8-nə İrəvanda mitinqin təyin edilməsi də bunun təzahürüdür. Yuxarıda qeyd etdiyimiz kimi, Qarabağa terrorçu köçü artıq geniş çevrələrdə müzakirə predmetidir. Misirin Qahirə24.com saytındakı “Uğursuz hökumətlər terrorçu ünsürlərdən yararlanmağa çalışır” başlıqlı məqalədə Ermənistanın bu ilin iyul ayında Azərbaycanın dövlət sərhədində törətdiyi təxribatdan sonra Yaxın Şərqdəki PKK terrorçularının öz ordu sıralarına inteqrasiya edilməsi əməliyyatlarından söhbət açılır.(APA) Bildirilir ki, PKK terror təşkilatı və onun Suriyadakı qolu olan PYD-nin döyüşçüləri Ermənistana, oradan da işğal altındakı Dağlıq Qarabağa yerləşdirilib. İraq və Suriyadan həmin terrorçuların daşınmasında İrandan tranzit ölkə kimi istifadə olunduğu qeyd olunub. Misir informasiya resursunun əldə etdiyi məlumata görə, iyul ayında Ermənistana göndərilmiş 25 nəfərlik terrorçu qrup Türkiyədən İraqa keçərək PKK-nın Qəndildəki düşərgəsində toplaşıb.
İranın Urmiya şəhərində yerləşən “Qüds İslam İnqilabı Keşikçiləri Korpusunun” “Həmzə” mənzil qərargahında bir neçə gün qaldıqdan sonra 25 nəfərlik terrorçu qrup Ermənistana keçib. Məqalədə 25 nəfərlik qrupdan əlavə, daha iki terrorçu qrupun Ermənistana göndərilmək üzrə olduğu qeyd olunub. Yeni mövqelər tutmaq üçün “zərbə qrupu” rolunu oynayacaq 250 nəfər PKK terrorçusunun Ermənistana keçmək üçün hazırda İranda gözlədikləri, əlavə 25 nəfərlik qrupun isə İraqın Ərbil şəhərinin cənubunda yerləşən Maxmur hərbi bazasına yerləşdirildiyi, daha sonra isə “Hizbullah” təşkilatının İraq qolu olan “Hərəkat əl-Nücab”ın mənzil qərargahına köçürüldüyü, oradan isə İranın Kirmanşah vilayəti və İlam şəhərlərinə gətirildiyi bildirilib. Məlumatlarda işğalçı ölkəyə yerləşdirilən qrupların hücumlar təşkil etməkdə ixtisaslaşmış döyüşçülərdən ibarət olmasının göstərilməsi, Ermənistan ordusunun diversiya və terror üsulları ilə Azərbaycana qarşı yeni hücum planlarının olduğuna işarə vurulur. Bu yerdə qeyd edək ki, Azərbaycan rəhbərliyi də son çıxışlarında Ermənistanın yeni hücumlara hazırlaşdığı barədə xəbərdarlıqlar edib və düşmənə əks zərbələrin vurulmadından ötrü zəruri tədbirlər görülməkdədir.
Rusiyanın gazeta.ru saytındakı “Ermənistanın Yaxın Şərqdə fəallığı: Rusiyanı necə təhdid edir” başlıqlı yazıda müəllif Nikolay Korsakov PKK silahlılarının Qarabağa daşınmağa başlaması barədə məlumatlara diqqət çəkib. Məqalədə qeyd edilir ki, bu cür fəallıqla Ermənistan nəticələri ağlasığmaz olan təhlükəli regional prosesləri başlatmaqla risk edir. Ermənistan Azərbaycanla danışıqlar prosesini o cümlədən daxili siyasi maraqlarına görə pozaraq və yeni hərbi əməliyyatlar riski ilə üzləşərək indi Suriya və İraqdan gətirilən terrorçuları istifadə etmək, nəticədə mümkün döyüş əməliyyatlarında öz ordusunun şəxsi heyət itkilərini azaltmaq məqsədi güdür. Bu əməliyyatın Ermənistan Müdafiə Nazirliyi səviyyəsində aparıldığını vurğulayan rusiyalı müəllif, rəsmi İrəvanın bugünlərdə ölkədə “xalq özünümüdafiə dəstələrinin” yaradıldığını elan etməsinə istinad edib. Bildirib ki, “xalq özünümüdafiə dəstələri” xaricdən muzdluların cəlb edilməsi və döyüş əməliyyatlarında istifadə olunması üçün əla pərdələyici vasitədir. Kifayət qədər ciddi detallardır və deyəsən, Ermənistan rəhbərliyi hansı təhlükəli oyuna girdiyinin fərqində olmayıb. Türkiyə daim bəyan edib ki, Azərbaycana qarşı hər hansı təhlükələri həm də özünə qarşı təhlükə hesab edir və qardaş ölkənin yanındadır. Lakin 30 ildən çoxdur Türkiyəyə xain zərbələr endirən PKK və digər terrorçu təşkilatların, o cümlədən ASALA-nın Qarabağa, Ermənistana köçməsi həm də Türkiyənin təhlükəsizliyinə təhdiddir. Bu terrorçu qruplaşmaların Türkiyə sərhədləri boyunca təxribatlara əl atması da mümkündür. Unutmayaq ki, Ermənistan Türkiyənin bir sıra vilayətlərinə rəsmən iddia edir və 1921-ci il Moskva müqaviləsinin 100 illiyi ilə bağlı sərsəm mövqeyini tirajlayır. Deməli, terrorçuların bölgəyə toplaşmasına Türkiyə də biganə qala bilməz.
Vəziyyət getdikcə təhlükəli mərhələyə adlayır, beynəlxalq aləm isə sadəcə, müşahidəçidir. Azərbaycan prosesi durdurmaq, əslində terrorçu qruplaşmaların Qarabağa köcürülməsinin qarşısını almaq üçün hansı addımları atmalıdır? Türkiyə və Azərbaycan birgə antiterror əməliyyatına qərar verə bilərmi?
Fəhmin Hacıyev
Daxili Qoşunların sabiq komandanı, Qarabağ müharibəsi iştirakçısı Fəhmin Hacıyev “Yeni Müsavat”a bildirdi ki, PPK-çıların, Livan və Suriya terrorçularının Qarabağda yerləşdirilməsi orada olan erməni terrorçularına dəstək xarakteri daşıyır: “Bununla Ermənistan Qarabağda məskunlaşdırdığı insanlara dəstək vermək, Azərbaycan tərəfə psixoloji basqı göstərmək istəyir. Bu cür hərəkətlər münaqişənin mahiyyətinə təsir etmir, Ermənistan havadarlarının köməyi ilə Azərbaycan torpaqlarını işğalda saxlayır. Bu işğala, hərbi əməliyyatlarla cavab verilməlidir. Mənim də təşəbbüsçüsü olduğum Milli Demokratik (Xilas) Hərəkatı ictimai müzakirə platformasının mövqeyi ondan ibarətdir ki, Azərbaycan dövləti bütün beynəlxalq hüquq normalarına və konstitusiyanın tələblərinə əsasən, ölkənin bütün ərazisində süveren hüquqlarını bərpa etməlidir”. F.Hacıyevin qəti mövqeyi budur ki, Dağlıq Qarabağ məsələsi Azərbaycanın BMT də tanınmış sərhədləri və statusu çərçivəsində həll olunmalıdır: “Azərbaycanın unitar dövlət statusunun əleyhinə olan istənilən təklif dərhal rədd edilməlidir. Dağlıq Qarabağda yaşayan bütün xalqlar qeyri-şərtsiz Azərbaycanın qanunlarına tabe olmalıdır. Əks halda, Azərbaycan işğal olunmuş rayonlarda hərbi antiterror əməliyyatların başlamalı, qanunsuz silahlı birləşmələr tərki-silah edilməli, üçüncü dövlətin silahlı qüvvələri Azərbaycanın sərhədlərindən xaric edilməlidir. Bundan sonra işğaldan azad edilmiş rayonlarda idarəetmə orqanları Azərbaycanın qanunları ilə formalaşmalıdır. Seçkilər Azərbaycan qanunlarına uyğun, Azərbaycanın və beynəlxalq müşahidəçilərin nəzarəti altında keçirilməlidir. Azərbaycan öz üzərinə götürdüyü beynəlxalq insan hüquqları öhdəliklərinə tam əməl etməli və pozmayacağına təminat verməlidir”.
F.Hacıyevin sözlərinə görə, Tovuz hadisələri də göstərdi ki, Azərbaycanın hərbi əməliyyatlara başlamağa tam haqqı var: “Ermənistanın son üç aydakı təxribatları təsdiq edir ki, Ermənistan öz müttəfiqləri ilə Azərbaycan, region və ümumiyyətlə, dünya üçün real təhlükə mənbəyi rolunu oynayır. Ona görə də Azərbaycan öz müttəfiqləri ilə məsləhətləşmələr aparıb təhlükəsizlik məqsədilə cavab xarakterli hərbi əməliyyatlara başlamalıdır. İndiki məqamda bizim müttəfİqlərimiz ilk öncə Türkiyə, Pakistan və bir sıra NATO dövlətləri olacaq”./azpolitika/